AZ EN RU

Taxıl biçini uğurla davam edir

    Kənd təsərrüfatında taxılçılığın xüsusi yeri və rolu vardır. Ölkəmizdə istehsal edilən buğda, arpa, qarğıdalı kimi taxıl məhsullarından daha çox daxili istehlak üçün istifadə olunur. Dövlətimiz tərəfindən taxılçılığın dəstəklənməsi məqsədilə fermerlər müxtəlif güzəştlər – texnika və toxum, subsidiya, gübrələr, dərman vasitələri ilə təmin edilirlər ki, bu da taxılçılığın inkişafına geniş imkanlar açır. 

    Bu gün muxtar respublikanın iqtisadiyyatı şaxələndirilir. Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” kənd təsərrüfatının inkişafı, məhsul istehsalının artırılmasında qarşıya mühüm vəzifələr qoyur. Muxtar respublikanın ərzaq təhlükəsizliyində mühüm rol oynayan taxılçılığın inkişafına da böyük qayğı göstərilir. Hazırda muxtar respublikada taxıl biçini davam etdirilir. İyunun 9-da muxtar respublika üzrə mövsümün ilk taxıl biçininə Ordubad rayonunun Dəstə kəndində başlanılmışdı. Məlumat üçün bildirək ki, bu il muxtar respublikada 21 min 247 hektar sahədə taxıl əkilib. Naxçıvan Muxtar Respublikası üzrə 24 iyul 2023-cü il tarixə taxıl biçininin gedişinə dair məlumata əsasən 18888,4 hektar taxıl sahəsi biçilib, məhsuldarlıq orta hesabla 25,2 sentner/hektar təşkil edib. Muxtar respublikanın digər rayonları kimi, Babək rayonunda da taxılçılıqla məşğul olanlar çoxdur. Bölgədə bu il 6886 hektarda taxıl əkini aparılıb.  Artıq  5564  hektar sahə biçilib və 11128 ton məhsul əldə edilib. Taxıl biçini davam edir. 
    Taxıl biçinini uğurla başa çatdıran rayonun Yarımca kənd sakini, ailə təsərrüfatçısı Arif Cəfərov uzun illərdir, taxılçılıqla məşğul olur. Qeyd edir ki, muxtar respublikada kənd təsərrüfatı üçün yaradılan şərait, torpağa can yandıran adamlara göstərilən qayğı bizə torpağı əkib, becərməyə böyük ruh verir. Ölkə başçısının müvafiq Sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunan Arif Cəfərov göstərilən qayğı hesabına bol məhsul əldə etdiyini dedi. 55 hektar sahədə taxıl əkinini həyata keçirən müsahibim bunun 1 hektar yarımının arpa, qalanının isə buğda təşkil etdiyini, yüksək məhsuldarlığı ilə seçilən “Bezos”, “Konya”, “Ceyhan-99” taxıl sortlarını əkdiyini bildirdi: – Taxıl sahələrinin mütəmadi su ilə təmini yüksək məhsuldarlıq üçün əsasdır. Sahələri suvarmaq üçün Vayxır gölünün suyundan istifadə edirik. Həmçinin yüksək məhsuldarlıq üçün bütün aqrotexniki tədbirlər keyfiyyətlə yerinə yetirilməlidir.
    “Taxıl strateji məhsuldur, onun istehsalı kənd təsərrüfatının inkişafına bir  nömrəli töhfədir”, – deyən təsərrüfatçı qeyd edir ki, taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinin bol məhsul yetişdirmələri üçün dövlət hər cür şərait yaradıb: – Təsərrüfatçılar üçün ayrılan mineral gübrələr, əkilən sahələrdə ziyanvericilərin qarşısını almaq üçün dərman vasitələri, məhsul istehsalçılarına yanacaq və motor yağlarına görə yardımlar becərmə işlərinin səmərəsini daha da artırır. Ayrılan subsidiya təsərrüfat xərclərini ödəməyə imkan verir. Muxtar respublikada təsərrüfatçılar üçün yaradılan bütün imkanlara görə dövlət başçımıza minnətdarlığımı bildirərəm. 
    Aqrar sahədə həyata keçirilən tədbirlər kənd təsərrüfatının bütün sahələrinin, o cümlədən taxılçılığın inkişafına hərtərəfli şərait yaradır. Naxçıvanlı taxılçılar da bu şəraitdən maksimum yararlanaraq ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfələrini verirlər. 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 26.07.2023 18:28