AZ EN RU

Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir

Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan diyarı qədim və orta əsrlər zamanı yaradılmış müxtəlif təyinatlı tarix, mədəniyyət abidələri ilə çox zəngindir. Bu abidələrin bir qismi zaman keçdikcə təbii qüvvələrin və fəlakətlərin təsirindən, müharibələr zamanı məhv olaraq sıradan çıxmış, müəyyən hissəsi zəmanəmizədək gəlib çatmışdır. Keçmişdən gələcəyə körpü rolunu oynayan və ulu babalarımızın bizə yadigar qoyduğu hər bir abidə xalqımızın qədim mədəniyyətinin göstəricisidir. “Biz tarixi keçmişimizə nəzər salarkən ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla-yaradılan hər şeylə fəxr edir və bunları yaradanları daim xatırlayırıq”-deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülmüşdür. 1998-ci ildə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası qanununun qəbul edilməsi, tarixi abidələrin qorunması, tədqiqi və mühafizəsinin qanunvericilik qaydasında təsbit olunması bu sahədə həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirmişdir.

Bu gün ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, təbliği və tədqiqi diqqət mərkəzində saxlanılır. Son illər bu sahədə həyata keçirilən tədbirlər nəticəsində tarixi abidələrimiz  YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınmış, tarix və mədəniyyət abidələrinə  diqqət və qayğı artırılmışdır.

Naxçıvan Muxtar Respublikasında da tarix və mədəniyyət abidələrinin qorunması və təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və təmirə ehtiyacı olan tarixi abidələr əsaslı şəkildə bərpa olunur. Tariximizin əks sədası olan abidələrimizi öyrənmək və qorumaq hər kəsin vətəndaşlıq amalına çevrilməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birirmiz tariximizlə qürur hissə keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.

Müsbət bir haldır ki, Naxçıvan Muxtar Respublikasında qeydə alınan mədəniyyət abidələrinin bir çoxu artıq illərdir ki, muzey kimi fəaliyyətə başlamış və minlərlə tamaşaçıya muzey xidməti göstərir.

Belə misilsiz abidələrdən biri də Naxçıvan şəhərində Əcəmi seyrangahında ucaldılan memar Əcəminin şah əsəri olan Möminə Xatın türbəsidir. Türbə XII əsr Azərbaycan memarlıq məktəbinin gözəl incilərindən olmaqla yanaşı təkcə Azərbaycanda deyil, eləcə də, İslam dünyasında qadın şərəfinə, ana şərəfinə ucaldılan ən uca və inci kompozisiyalı abidələrdən sayılır. Memar Əcəmi öz şah əsərində təkcə bədii təfəkkürün dərinliyi, zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin yaradıcılıq təcrübəsinə əsaslanan mühəndislik dühası nümayiş etdirmişdir. Möminə Xatın türbəsinin üzərindəki ornamet bəzəkləri, təkrara yol verilmədən işlənən bütün səthlərin müxtəlifliyi, Yasin surəsi ilə haşiyələnməsi əsrlər boyu Naxçıvana  gələn səyyah və tacirlərin diqqətini cəlb etmiş və abidə bir çox əsərlərdə öz əksini tapmışdır. Bu gün də Naxçıvan şəhərinin mərkəzində öz əzəməti ilə yüksələn, ömrü amansız rüzigarlarla qarşılaşmış vüqarlı, dəyanətli, mükəmməl memarlıq abidəsi xalqımızın daş abidələrə olan dəyər və qayğısının  göstəricisidir.   Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri olan Möminə Xatın türbəsi “Naxçıvan Məqbərələri” tərkibində 30 sentyabr 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mənəvi İrsin ilkin  siyahısına daxil edilmişdir.

Ən qədim insan yaşayış məskənlərindən olan Naxçıvanda sənətkarlıq və mədəniyyət də böyük inkişaf  yolu keçib. Bu torpağın hər  qarışı tarixin müəyyən dövründən soraq  verir, əcdadlarımızın həyat tərzi və yaşayışı haqqında dolğun təəssürat yaradır. Zəngin tarixi-mədəni irsimiz təkcə memarlıq abidələrində deyil, həm də daş abidələrdə yaşayır. Hazırda dünyanın bir çox ölkələrində müxtəlif mövzuları əhatə edən açıq səma altında muzeylər fəaliyyət göstərir.

Bəşəriyyətin tarixindən xəbər verən, orta əsr dövrünə məxsus qədim daş abidələrini qorumaq, bu nadir nümunələri öyrənmək məqsədilə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2002-ci il 11 iyul tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində də Açıq Səma Altında Muzey yaradılmışdır. Sərəncamda deyilir: “Müasir tarixşünaslığın tələbləri baxımından tədqiqini gözləyən sahələrdən biri də azərbaycanlıların yaşadıqları ərazilərdə geniş yayılmış qədim qoç heykəlləri, qəbirüstü abidələri və  daş üzərində oymalardır. Qoç heykəlləri , qəbirüstü abidələr, daş üzərində oymalar azərbaycanlılarda ən qədim mifoloji və dini baxışlarla bağlı olmuşdur. Bunlar xalqımızın qədim mədəniyyətindən nümunələr olmaqla bərabər, eyni zamanda estetik təsir bağışlayan sənət əsəsrləridir”.

Bəşər tarixində daş əmək alətlərinin, daş heykəllərin, daş epiqrafik yazıların, piktooqrafik yazı nümunələrinin daş üzərində həkk edilməsinin tarixi çox qədimlərə dayanır. Muzeyin əsas eksponatlarını daşdan yonulmuş qoç fiqurları təşkil edir. Qədim türk xalqlarının inamları və dəfn adətləri ilə bağlı olan daş qoç və qoyun heykəlləri əvvəlcə dəfn olunanların yanına qoyulub, zaman keçdikcə bu adət tədricən qəbirlərin üstünə qoyulan heykəllərlə əvəzlənib. Muzeydə həmçinin sunduqələr, qəbirdaşları, memorial xatirə abidələri, sütün altlıqları, dəyirmandaşları, dibəkdaşları geniş yer tutur. Bu daş abidələr tarixin sınağından keçərək, bu günümüzə gəlib çatmış və özündə qədim türk xalqlarının minilliklərə sığmayan tarixini, mədəniyyətini yaşadır.

Naxçıvan Muxtar Respublikası ərazisində inşa olunmuş türk-islam mədəniyyəti abidələrinə mülki tikililər, o cümlədən saraylar da daxildir. Naxçıvan şəhərində “Xan dikin”də  inşa edilən daha bir tarix-memarlıq abidəsi isə XVIII əsrə aid Naxçıvan xanlarının iqamətgahı olan Xan Sarayıdır. Saray 1780-ci ildə Naxçıvan xanlarından olan Kalbalı xan Kəngərli tərəfindən tikdirilmiş,  memarı isə Mirzə Cəfər Xoyludur. Vaxtilə baxımsız, tarixə laqeydlik təəssüratı yaradan bu bina, tarix və mədəniyyətimizə məhəbbətin ifadəsi olaraq  artıq illərdir ki,  muzey kimi fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2010-cu il 23 oktyabr  tarixli Sərəncamı ilə Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2015-ci il 2 fevral tarixli Sərəncamı ilə isə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında  Muzey Kompleksi kimi fəaliyyətə başlamışdır.

Bir sıra tədbirlərə ev sahibliyi etmiş, tarix və mədəniyyətimizin təbliğ olunduğu bu məkan yalnız Azərbaycanın bölgələrindən olan qonaqların deyil, həmçinin müxtəlif səfirliklərin, beynəlxalq təşkilatların, xarici ölkələrdən gələn turstlərin də diqqətini də cəlb edir.

YUNESKO-nun Ümumdünya İrs Komitəsi tərəfindən Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi  mərkəzi”nin YUNESKO-nun Ümumdünya İrs  Siyahısına daxil edilməsi buna inanmağa əsas verir ki, Naxçıvanın “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi qədim maddi-mədəni irsi sayılan tarixi abidələri də yaxın gələcəkdə bu siyahıya salınacaqdır.

İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizlərə çox şey söyləyir. Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisi və ona sadiqlik kimi ülvi hisləri aşılayır.

Hər il  aprelin 18-i dünyada  Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Biz də bir muzey işçisi olaraq  “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kopmleksi kimi  möhtəşəm tarixi-memarlıq abidələrinə ev sahibliyi edir və bu abidələrin mühafizəsini, təbliğini layiqincə yerinə yetirməyi özümüzə borc bilir və qürür hissi duyuruq ki, bu cür misilsiz abidələrə sahibik.       

Zülfiyyə ƏLİYEVA

                                   “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, 
                                    Möminə Xatın və Açıq Səma Altında Muzey 
                                    Kompleksinin baş fond mühafizi-elmi işçisi  

Nəşr edilib : 15.04.2022 16:46