AZ EN RU

Tarixin yadigarı: Nüsnüs hamamı

“Yolçu yolda gərək”, – deyib bu dəfə yolumuzu Ordubadın qədim Nüsnüs kəndinə saldıq. Dağlar arasında yerləşən gözəl mənzərəli bu kənd ikimərtəbəli və daşdan tikilmiş, gözəl eyvanlı evləri ilə bura gələn qonaqların diqqətini çəkir. Həqiqətən də, bu kəndin mənzərəsi, şirin ləhcəli, mehriban, dəyərlərimizə sahib çıxan sakinləri bizi Nüsnüsü vəsf etməyə daha da həvəsləndirdi. Bu yaşayış məntəqəsi səs-sorağı ölkəmizin hüdudlarını aşan adlı-sanlı ziyalılar, müxtəlif sənət adamları yetişdirib. Səmimi, təəssübkeş nüsnüslülər doğma yurd yerinin hər daşının, hər qayasının tarixini əzbər bilirlər. Kəndin səfalı iqlimi burada keyfiyyətli limon, bağçılıq məhsulları yetişdirməyə imkan verib. Müstəqilliyimizin bəhrələri burada da xeylidir. Kənddə kompleks quruculuq tədbirlərinin həyata keçirilməsi Nüsnüsü müasir Azərbaycan kəndinə çevirib. Bu da insanların qurub-yaratmaq əzmini daha da artırıb. Torpağa bağlı nüsnüslülər bu imkanlardan səmərəli istifadə edirlər. 
Kəndi gəzərkən torpağın altında bir tikilinin başıaçıq günbəzi gözümüzə sataşdı. Öyrəndik ki, bu tikili əsrlərin bir mirasıdır. Qədim yeraltı hamama girmək arzumuzu gerçəkləşdirdik. Burada elə bil qədim dövrə səyahətə çıxmısan. Aşağı enirsən və balaca bir girişlə üz-üzə dayanırsan: 
    Hamam hamam içində,
    Xəlbir saman içində,
    Dəvə dəlləklik eylər
    Köhnə hamam içində.
Hamamın özünəməxsus memarlıq quruluşu bizə bu folklor nümunəsini xatırlatdı. Qeyd edək ki, artıq istifadəyə yararsız olan bu qədim tikili nağıllar aləminin yadigarı kimi hələ ki, ayaqda durmaqdadır. 
Girişdən daxil olarkən nostalji hisslər adamın ruhuna hopur. Bu tarixi tikilidən söz açmışkən qeyd etmək yerinə düşər ki, ordubadlı ustalar gördüyü işlərdə çox diqqətcil olublar ki, belə keyfiyyətli abidə yarada biliblər. 
Tarixdən də məlumdur ki, Azərbaycanda ta qədimdən yerüstü hamamlarla yanaşı, yeraltı hamamlar da inşa olunub. Yeraltı hamamlar qrupuna daxil edilən Nüsnüs hamamı XIV-XV əsrlərin yadigarıdır. Özünəməxsus və maraqlı memarlıq xüsusiyyəti olan bu hamamın planı düzbucaqlı formadadır. Hamamın yuyunma salonu, onlara bitişik köməkçi otaqları vardır. Uzunluğu 22,6 metr, eni 9,4 metr olmaqla ümumi hündürlüyü 5,6 metrdir. Soyunma və yuyunma salonu bir-biri ilə kiçik tamburlar vasitəsilə birləşdirilmişdir. Qeyd etdiyimiz kimi, mənbələr və kənd camaatının dediyinə görə, isti su hovuzu yuyunma salonuna bitişik inşa olunan hamamın xəznəsinə su dağdan çəkilmiş saxsı borular vasitəsilə gətirilirmiş. Su xəznənin arxasında inşa olunmuş anbarda toplanır, həmin anbardan da hamama və hovuza verilirmiş. Hamama gələn adamlar isti suyu yuyunma salonuna açılan hovuzdan, soyuq suyu isə digər borular vasitəsilə xəznənin yanında yerləşdirilmiş otaqdan götürürdülər. Çöldən oyuqlar kimi görünən bacalar hamamı işıqlandırmaq üçün nəzərdə tutulub.
Yuyunma otağı və ona birləşən otaqların altından isti hava verən kanallar gedir. Kanalın bir ucu ocağa, digər ucu isə bacaya birləşdirilib. Hamamı digər Orta əsr hamamlarından fərqləndirən cəhəti onun divarlarının, günbəz və tağ-tavanlarının dağ daşı ilə inşa olunmasıdır. Keçmiş zamanlarda hamamı qızdırmaq üçün samandan və odundan istifadə ediblər. Saman ocağa qoyulduqdan sonra ocağın bacası və ağzı qapanır, yaranan istilik həm xəznədəki suyu, həm də hamamın döşəməsinin altında yerləşdirilən borulardan keçərək yuyunma zalını qızdırırdı. Hamamın ocaq olan divarlarında hisdən qaralmış yerləri görmək mümkündür...
Abidələr bizim tariximizdir. Onları qorumaq isə hər birimizin borcudur. Ölkəmizdə belə abidələrə göstərilən qayğı da yüksək səviyyədədir və düşünürük ki, Nüsnüs hamamı da bu qayğıdan bəhrələnəcək. 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 24.06.2024 11:30