AZ EN RU

Tarixin qəhrəmanlıq səhifəsi – Aprel döyüşləri

    Böyük Zəfərlə başa çatan II Qarabağ müharibəsi şanlı tariximizə qızıl hərflərlə yazılıb. Bu Qələbə nəticəsində 30 illik işğal altında qalan torpaqlarımız azad edilib və qədim yurdumuz Qarabağa Böyük Qayıdışın əsası qoyulub. Aydındır ki, böyük Zəfərə gedən yol heç də asan olmayıb və böyük güc, qüdrət, əzm hesabına əldə edilib. Bəs bu yol haradan, necə başlanıb?

Böyük Zəfərin başlanğıcı Aprel döyüşlərindən yeddi il ötür

Tarixə aprel müharibəsi və ya dördgünlük müharibə kimi yazılan bu hərbi münaqişə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş verib. Həmin gün Ermənistan silahlı qüvvələri bütün cəbhəboyu Azərbaycan mövqeləri və yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutub. Cəbhənin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə layiqli cavab verilib. Bu təxribat nəticəsində hərbçilərimizdən şəhid olan və yaralanan, mülki şəxslər arasında azyaşlı uşaqlar da daxil olmaqla həlak olanlar var idi. Aprelin 3-də Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər ordumuzun bölmələri tərəfindən azad olunub, aprelin 4-ü Ermənistan itirilmiş mövqelərini geri qaytarmaq üçün cəbhənin, əsasən, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edərək təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub. Aprelin 5-də ordumuz Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıb. Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilən razılaşmaya əsasən həmin gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Lakin buna baxmayaraq, Ermənistan aprelin 5-də Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqelərimizi atəşə tutub. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun qüvvələri qarşı tərəfi dəqiq cavab atəşi ilə susdurub, eyni zamanda Ordubad rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin atəş nöqtəsi və mühəndis-istehkam qurğusunu darmadağın edib. 

Qalibiyyətə aparan döyüşlər 

Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən döyüşlərdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətindəki yollar azad edilib. Dörd gün davam edən  Aprel döyüşlərindən sonra may ayında Ermənistan və Azərbaycan prezidentləri Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə XİN rəhbərlərinin iştirakı ilə Vyanada görüşüb, iyunun 20-də Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə üçtərəfli danışıqlarda münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması haqqında razılıq əldə edilib. Atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan tərəfi tez-tez sabitliyi pozaraq Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub, dinc əhaliyə qarşı cinayətlər törədiblər. Belə hadisələrdən biri də 2017-ci ilin iyulunda Füzulinin Alxanlı qəsəbəsinin Ermənistan silahlı qüvvələri tərəfindən minaatanlar və qumbaraatanlardan atəşə tutulması nəticəsində biryaşlı Zəhra və nənəsinin qətlə yetirilməsidir. Həmişə olduğu kimi, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar bu hadisəyə də biganə qalıb. 
    Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Statistikaya nəzər salanda məlum olur ki, 320-dən artıq düşmən məhv edilib və 500-dən artıq hərbi qulluqçu yaralanıb. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarılıb, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edilib. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edilib. Aprel döyüşləri bir neçə il sonra əldə ediləcək tarixi Zəfərin hərbi-siyasi təməlini qoydu.
    Qarşı tərəf isə döyüşlər zamanı Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsi də aparıb. Həmçinin bir çox ölkələr Azərbaycanla həmrəylik nümayiş etdirib. Türkiyə prezidenti Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı toqquşma zamanı Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhid olması ilə bağlı ölkə başçısına başsağlığı verib, həmişə Azərbaycanın yanında olduqlarını bildirib. 
    2016-cı il aprelin 19-da Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Aprel döyüşlərində böyük şücaət və qəhrəmanlıq göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü “Azərbaycanın Milli Qəhrəmanı”, 7 üzvü “Azərbaycan Bayrağı” ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 19 üzvü “Vətən uğrunda” medalı, 43 üzvü “İgidliyə görə” medalı, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı,             2 üzvü “General-mayor” ali hərbi rütbəsi ilə təltif edilib. 

İşğaldan azad edilmiş ərazilər bərpa edilir

Aprel döyüşlərində ordumuzun əks-hücum əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyi alındı, 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində Azərbaycan bayrağı dalğalandırıldı. Dövlət başçısının 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” Sərəncamı Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yaratdı. Dövlət başçısının xüsusi diqqət və qayğısı ilə həyata keçirilən bərpa işlərindən sonra Cocuq Mərcanlı öz sakinlərini qəbul etdi. Böyük Qayıdışın başlanğıcı olan bu kənd bir gün düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın azad olunacağına da mühüm mesaj idi. Yeni salınan qəsəbənin açılışında iştirak edən ölkə başçısı demişdir: “Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır”. Aprel döyüşlərindən 2 il sonra Azərbaycan Ordusu işğalçılar üzərində növbəti qələbəsini əldə etdi. 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndinin işğaldan azad olunması ordumuzun gücünü, qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi.     
    Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətinin ilk uğurlu nümayişi, Günnüt zəfəri isə Azərbaycan Ordusunun böyük manevr qabiliyyətini bir daha təsdiqlədi. Günnütün işğaldan azad olunması ilə birlikdə ordumuz daha əlverişli mövqelərə sahiblənib, Xunut dağı və Ağbulaq yüksəkliyi, daha sonra isə Qızılqaya dağı və Mehridağ işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (ermənilər adını dəyişdirərək Areni qoyublar) nəzarət altına keçib. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib. Bu yüksəkliklərin əldə edilməsi nəticəsində Azərbaycan strateji kommunikasiyalara və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edə bildi. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanları bir çox informasiyanın əldə edilməsində də mühüm əhəmiyyət kəsb etdi.

Aprel döyüşləri göstərdi ki 

Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan Ordusu güclü, qüdrətli, yenilməzdir, xalqımız qəhrəman, əzmkar xalqdır. İşğalla heç vaxt barışmayacağımızı, Qarabağ münaqişəsinin həllinin bizim üçün prioritet məsələ olduğunu bir daha göstərdi. Ermənistanın uzun illər ərzində öz ordusu haqqında yaratdığı miflər, əfsanələr darmadağın edildi, güclü ordunun Azərbaycan Ordusu olduğunu göstərdi. Göstərdi ki, xalq-iqtidar birliyi möhkəm olan yerdə Qələbə əldə edilməsi qaçılmazdır. Ermənistanın və onun rəhbər şəxslərinin döyüş və siyasi meydanda acı məğlubiyyəti Ermənistanın işğal edilmiş torpaqlarımızı uzun müddət işğal altında saxlaya bilməyəcəyini təsdiq etdi. Onu da göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Prezident cənab İlham Əliyev demişdir: “Mən bunu dəfələrlə demişəm ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir. Bunun üçün də yeganə yol var. Bu yol ondan ibarətdir ki, bizim işğal edilmiş torpaqlardan işğalçı qüvvələr qeyd-şərtsiz və dərhal çıxmalıdır. Bu baxımdan bu döyüşlərin çox böyük təsiri oldu. Bu təsir bu gün də özünü göstərir. Bu döyüşlər Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi. Göstərdi ki, son illər ərzində ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi, bax bu nəticələrə gətirib çıxarır”.
    Dövlət başçısının rəhbərliyi ilə ötən illər ərzində ölkəmizin iqtisadiyyatı möhkəmləndirildi, ordumuzun gücü daha da artırıldı. Azərbaycan Ordusunun güclü texnikası, müasir silahlarımız hər an düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hazır vəziyyətə gətirildi. Dövlətimiz bu məsələnin sülh yolu ilə həllinə çalışsa da, Ermənistanın davam edən işğalçı, təxribatçı fəaliyyəti, verdiyi cəfəng bəyanatlar səbri tükəndirdi. 

Aprel döyüşlərində əldə edilən hərbi uğur xalqımızı 
Böyük Zəfərə apardı

    2017-ci ildə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşü zamanı dedi: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir...Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir”.
    Aprel döyüşləri xalqımızın minlərlə vətənpərvər, igid oğulları müqəddəs vətən torpağının hər qarışı uğrunda canından keçməyə hər an hazır olduğunu mənfur düşmənə, eləcə də bütün dünyaya bəyan etdilər. Aprel döyüşlərindəki qələbəmizin davamı olaraq 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən şanlı Vətən müharibəsi xalqımızı əbədi və əzəli torpağımız olan Qarabağa qovuşdurdu. Cocuq Mərcanlıdan başlanan şərəfli yol Şuşada böyük Zəfərlə bitdi. Vətən müharibəsində gedən döyüşlər zamanı öz qəhrəmanlıqları ilə tanınmış peşəkar hərbçilər general Mais Bərxudarov və polkovnik Şükür Həmidov 2020-ci ilin payızında torpaqlarımızın azad edilməsi uğrunda başlayan Vətən müharibəsinin yenidən ön sırasında idilər. Aprel döyüşlərində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülən Şükür Həmidov 44 günlük Vətən müharibəsində ata yurdu Qubadlıyadək şanlı döyüş yolu keçərək məhz doğma kəndinin yaxınlığında qəhrəmancasına həlak oldu.Bu gün işğaldan azad edilmiş ərazilərimizin səmasında üçrəngli bayrağımız qürurla dalğalanır. Bu Zəfərə hər zaman milli birlik və bərabərlik nümayiş etdirən, işğalla barışmayan xalqımızın əzmi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü, düşünülmüş siyasəti, Azərbaycan Ordusunun, əsgərinin cəsurluğu, fədakarlığı və rəşadəti hesabına nail olduq. Zabit və əsgərlərimizin hər biri cəbhədə öz canları-qanları bahasına əsl fədakarlıq göstərərək ən uca zirvəyə – şəhidlik zirvəsinə yüksəldi. Bu gün istər, Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərərək şəhid olmuş mayor Rasim Məmmədov, leytenant Qabil Orucəliyev və digər Vətən oğullarının, istərsə də Vətən müharibəsində, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu daim yaşadılır, onların, qazilərimizin qəhrəmanlıqları gələcək nəsillər üçün örnək sayılır. 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 03.04.2023 19:22