AZ EN RU

Tarixin izi ilə – Yaycı soyqırımı

    Ümummilli Liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı xalqımızın qan yaddaşını öyrənmək və xalqımıza qarşı törədilmiş soyqırımı hadisələrini unutmamaq baxımından atılmış mühüm addımlardan biridir. Son iki yüz ildə ermənilərin qədim Azərbaycan ərazilərinə köçürülməsi və onların zaman-zaman dinc insanlarımıza qarşı törətdikləri soyqırımı faciələri, tariximizin qanlı səhifələrini təşkil edir. Bu faciələr içərisində miqyasına görə ən böyüyü 1918-ci ilin mart ayında törədilmiş soyqırımıdır ki, bu da paytaxt Bakı şəhəri ilə yanaşı, ölkəmizin digər rayonlarını də əhatə etmişdir. 
    Həmin dövrdə Naxçıvan bölgəsinə yiyələnmək xülyasına düşən daşnaklar burada da yerli əhaliyə qarşı vəhşiliklər törətmiş, xüsusilə Culfa rayonunun Yaycı kəndində bu faciənin miqyası daha böyük olmuşdur. Yazıçı-publisist Fərəc Fərəcov 2002-ci ildə nəşr etdirdiyi “Yaycı soyqırımı” kitabında haqlı olaraq Yaycı soyqırımını “ən böyük qətliam” adlandırır. 31 mart azərbaycanlıların soyqırımı ərəfəsində Fərəc Fərəcovla bir daha həmin dövrdə Yaycı kəndində yaşanan faciəli hadisələrlə bağlı söhbət etdik. 
    Fərəc müəllim bildirdi ki, 1918-ci il iyun ayının 14-də ozamankı  Naxçıvan qəzasının ən iri yaşayış məntəqələrindən sayılan Yaycı kəndi erməni Andronikin quldur dəstələrinin qəfil hücumuna məruz qalmışdır. Hücumdan əvvəl isə hiyləgər düşmən, yaxın qonşu kəndlərdə məskunlaşan Aza və Darkənd yaşayış məntəqələrinin erməni sakinləri Yaycıya gələrək kəndin ağsaqqallarına, başbilənlərinə demişlər: “Andronikin sizlərə heç bir xətəri olmayacaq. Onlar buradan sakitcə keçib gedəcəklər. Arxayın ola bilərsiniz”. Əlbəttə, kəndin ürəyiaçıq insanları tanış və həmişə get-gəl etdikləri ermənilərin bu “səmimi” sözlərinə inanıb, heç bir hazırlıq tədbirləri görməmişdilər. Beləliklə, İran ərazisindən Culfaya adlayan və Naxçıvanı qısa bir vaxtda işğal etmək qəsdinə düşən Andronik gözlənilmədən Yaycıya hücum çəkmiş, kəndi qırıb-çatmış, evlərə od vurub yandırmış, əhalini qılıncdan keçirmişdir. Araz çayı istiqamətinə axın edib İrana keçmək istəyənlərin də çoxu canlarını ermənilərdən qurtara bilməmişlər. Ümumilikdə, əldə edilən məlumatlara görə, təxminən, 2500 Yaycı sakini amansızlıqla qətlə yetirilmişdir. Ermənilərin kəndə hücumu gündüz vaxtına təsadüf etdiyindən əli iş tutan insanların çoxu çöl-təsərrüfat işlərində olmuş, buna görə də faciəyə düçar olanların çoxu uşaqlar, qadınlar və qocalar olmuşdur. 
    Müsahibimiz qeyd etdi ki, həmin gün kənddə onlarla ailə tamamilə məhv edilmiş, yüzlərlə insan şikəst qalmışdır. Onlardan bir neçəsi son illərdə dünyasını dəyişmişdir. Ağır işgəncəyə məruz qalmış Yaycı kənd sakinlərindən biri – qolu yox Yasəmən idi. Onun oğlu Əbülfəz Süleymanov  deyirdi ki, anamgil 8 bacı olub, onların 6-nı ermənilər Arazın kənarında öldürmüşdülər.  Sona adlı bir bacısını İran tərəfə keçirə bilmişdilər. Yazıq qadının bir qolunu da erməni cəlladları həmin zaman vurub yerə salmışdılar. 
    Fərəc Fərəcov başqa bir misal da çəkdi ki, Yaycı soyqırımı zamanı kənd sakini Hüseyn Kazımoğlunun  16 yaşı olub. O danışırmış ki, həmin qanlı olay baş verəndə atamla birgə kənddən xeyli aralı “Dəyirmanaltı” deyilən ərazidə təsərrüfat işləri ilə məşğul idik. Axşamüstü  kəndə dönəndə dəhşətli mənzərə ilə qarşılaşdıq. Nələr baş verdiyini qorxu içində öyrənməyə  çalışırdıq. Evə çatanda isə anamın yerə sərilmiş meyidini gördük. Ermənilər yaxın adamlardan da bir neçəsini öldürmüşdülər. Canlı insan heç harada gözə dəymirdi. Sonra o, köks ötürüb dedi ki, evlərdə, küçələrdə, xüsusilə Araz çayı sahilində qətlə yetirilənlərin basdırılması üçün uzun günlər lazım gəldi. Kənddə soyqırımı qurbanlarının dəfn olunduğu yerdə böyük bir qəbiristanlıq yarandı. Yaycı 7 il yas saxladı. Uzun illər özünə gələ bilmədi. 
    Bu kədərli söhbətdən sonra, Fərəc müəllim burada baş verənlərin ermənilərin xalqımıza qarşı törətdiyi əsl soyqırımı olduğunu dedi. Müsahibimiz onu da vurğuladı ki, şükürlər olsun, ötən əsrin sonunda müstəqilliyimizi yenidən bərpa etdik. Ötən dövrdə milli tariximizin araşdırılması, yenidən yazılması istiqamətində böyük işlər görüldü. Yaycı kəndində yaşanan həmin hadisələrin unudulmaması, soyqırımı qurbanları xatirəsinin əbədiləşdirilməsi üçün 2007-ci ildə kəndin mərkəzində abidə ucaldılıb. İndi hər il martın 31-də rayon sakinləri bu soyqırımı abidəsini ziyarət edərək tariximizdə yaşanmış bu qanlı hadisəni bir daha yad edirlər. 
    2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz şanlı Qələbə qazanmaqla ərazi bütövlüyümüzü bərpa etdi, eyni zamanda bu gün artıq soyqırımı qurbanlarının və bütün şəhidlərimizin ruhu şaddır. Şanlı ordumuz var olduqca, müstəqilliyimiz də əbədi olacaq və xalqımız bir daha bu cür ağır faciələri yaşamayacaq!

Aidə İBRAHİMOVA 

Nəşr edilib : 30.03.2023 19:23