AZ EN RU

Tarixin 2024-cü səhifəsində böyük hədəflərə doğru inam və qətiyyətlə

Ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpasından doğan böyük qürur və fəxarət hissləri, yeni nailiyyətlər, yeni uğurlar qazanmaq amalı ilə qədəm qoyduq şanlı tariximizin 2024-cü səhifəsinə. Fevralın 7-də bütöv, qüdrətli Azərbaycan naminə qalib xalqın nümayəndələri olaraq alnıaçıq, başıdik şəkildə getdik böyük imtahanımıza-prezident seçkilərinə. Səhərin erkənindən böyükdən-kiçiyə hər kəs öz vətəndaşlıq missiyasını yerinə yetirməkdən ötrü hamılıqla, ailəliklə axışdı ölkəmizin hər yerində, Şuşada, Xankəndidə, Naxçıvanda yaradılan onlarla məntəqənin önünə, dərin məhəbbətə, sevgiyə qərq olundu seçki qutuları. Qalib xalqın yekdil səsi bütün siyasi masalardan qalib ayrılan Liderə növbəti parlaq qalibiyyəti yaşatdı. Beynəlxalq təşkilatlar, ekspertlər tərəfindən səsləndirilən bəyanatlar Azərbaycanın seçki prosesində qabaqcıl təcrübənin tətbiqinin effektivliyini, demokratikliyin, şəffaflığın təmin olunduğunu bir daha göstərdi ölkəmizin firavanlığını, inkişafını gözü götürməyən qüvvələrə... 
2023-ə olduğu kimi, 2024-cü ilə də Müzəffər liderin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik” imzası vuracaq öz möhürünü heç şübhəsiz. Dövlət siyasətinin əsas prioritetləri kimi müəyyənləşdirilən hərbi qüdrətin artırılması və Qarabağın, Şərqi Zəngəzurun bərpası prosesi bu mübarək imzanın ziyasında daha da sürətlənəcək, Böyük Qayıdış məsələləri həllini tapacaq ən yüksək səviyyədə. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası sayəsində vaxtilə düşmən əlindən zinhara gələn, xarabalığa çevrilən, bir neçə ildir doğmalarının nəvazişli əlləri, alın təri ilə yenidən həyata qaytarılan yaşayış məntəqələrimizin sırasında yeniləri yer alacaq, zəngilanlıların, füzulilərin, laçınlıların ardınca Xocalı, Xankəndi sakinləri də gülə-gülə dönəcək öz doğma ev-eşiyinə...   
Sözsüz ki, bu ilin ən əlamətdar hadisələri sırasında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” kimi statusu daşıması və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi öncüllərdəndir. Böyük Qələbəmizin rəmzi sayılan Şuşa öz saf, pak, məsum qəlbini İslam dünyası incilərinə, mədəni zənginliyinə açacaq, dünyanın müxtəlif ölkələrinin sakinlərini, turistləri mehman edəcək təravətli qoynuna qədim sənət məbədgahımız. Pənahəli xanın, Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Bülbülün ruhlarına müqəddəs dinimizin sədaları hüzur sığalı çəkəcək, Polad, Mübariz, Cəbrayıl, İslam, Pərviz, Rüfət kimi qanı ilə şərəf, ləyaqət dastanı yazan yüzlərlə igidimizin əziz xatirələri dünyanın dörd-bir tərəfindən gələnlərin yaddaşlarına hörüləcək,  Müzəffər Ali Baş Komandanın siyasi iradəsindən, qətiyyətindən, qəhrəman eloğullarının şücaətindən bəhs edəcək konfranslar, simpoziumlar. 
Möhtəşəm təmtərağa, əsl bayram libasına bürünməkdədir 100-cü baharında Şərqin qapısı, Azərbaycanın döyünən ürəyi Naxçıvan. Sınmayan vüqarımız, qeyrət qalası Sədərəkdən bağlar diyarı Ordubada, Ulu Öndər yadigarı Babəkə, Şərqə açılan qapı Culfaya, ömrünün 20-ci baharını yaşayan Kəngərliyə, təbiət gözəli Şahbuzadək hər addımda 1 əsrlik tarixindən, mədəniyyətindən, mənəvi dəyərlərindən danışılmaqdadır ölkəmizin bu ululardan ulu yurdunun. Tədqiqatçıların, elm adamlarının fundamental istinad mənbəyinə, yaradıcı insanların ilham qaynağına çevrilir 100 ilin Naxçıvanı, şəninə şeirlər, poemalar yazılır bu möhtəşəm tarixi epoxanın.
“Yaşıl dünya naminə həmrəylik ili”ndə böyükdən-kiçiyə hər kəs bir xeyirxah amal-kainatı sağlamlaşdırmaq uğrunda mübarizəyə qoşulacaq, səfərbər olacaq, təbiət daha da canlanacaq, meşələrin qoynunda, qocaman ağacların əhatəsində minlərlə yeni fidanlar boy atacaq, bağ-bağçalar daha da parlaqlaşacaq zəhmətkeş əllərin nəvazişindən. “Yaşıl enerji zonası” elan olunan Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bu zəngin potensialı ilə həm qlobal iqlim dəyişikliklərinə müsbət təsir göstərəcək, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verəcək, digər bir deyişlə məmləkətləri nura qərq edəcək Azərbaycanın Günəşi, suyu, təbii sərvətləri... 
2024 ölkə rəhbəri cənab İlham Əliyevin xarici siyasətinin, Azərbaycan diplomatiyasının daha bir uğurlu ili kimi yazılacaq müstəqillik tariximizin şanlı səhifələrinə. Qoşulmama Hərəkatına və BMT Təhlükəsizlik Şurasına sədrlikdən sonra növbəti mötəbər missiyasını-dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyini şərəflə, ləyaqətlə yerinə yetirəcək ölkəmiz. Bununla ərazi bütövlüyünün, suverenliyinin tam bərpasından sonra dünya miqyasında xüsusi imicə, etimada malik olduğunu tam bariz şəkildə göstərəcək Azərbaycan. Və eyni zamanda bu mühüm tarixi hadisə ölkə Prezidenti cənab İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də dediyi kimi, ölkəmizin imkanlarının növbəti nümayişi olaraq düşəcək tarixə:  “...bu günə qədər əgər COP tədbirlərini biz nəzərə alsaq, hətta Urban Forumu adətən inkişaf etmiş ölkələrdə, böyük ölkələrdə belə tədbirlər keçirilir. Çünki qonaqların sayına görə bu, ən böyük tədbirdir, yəni, Dubayda təqribən 70-75 min xarici qonaq var idi və bütün başqa amillərlə yanaşı, bu qədər qonağı qarşılamaq, şərait yaratmaq, bütün təşkilati məsələləri həll etmək böyük potensialdan xəbər verir. Yəni, bu, ölkəmizin imkanlarının növbəti nümayişidir...”  
Qlobal proseslərin hökm sürdüyü, daxili çəkişmələrin baş aldığı, müharibələrin getdiyi kainatımızda “Azərbaycan” adlı dünyamızı gün ötdükcə daha da gözəlləşdirən Müzəffər liderimizin “Dəmir yumruğ”unun ətrafında sıx birləşməyimiz 2024-cü ildə də ölkəmizi yeni nailiyyətlərə, uğurlara aparacaq heç şübhəsiz. Qalib Ali Baş Komandanın da dediyi kimi: “...Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq...” 

Nail ƏSGƏROV

Nəşr edilib : 09.02.2024 21:53