AZ EN RU

Tarixin 2022-ci səhifəsində uğurlara imza atanlar...

    Artıq tarixin növbəti – 2022-ci səhifəsini də bağlamaq üzrəyik. “Şuşa ili”, Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi, “Sənaye ili” kimi mühüm hadisələrlə ölkəmizin, eləcə də muxtar respublikamızın ictimai-siyasi həyatına möhürünü vuran bu il bütün sahələrdə uğurlarla, nailiyyətlərlə yadda qaldı. I Beynəlxalq Tibbi Forum, 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası və digər beynəlxalq, yerli əhəmiyyətli tədbirlərə layiqli şəkildə ev sahibliyi edən muxtar respublikamızda təhsil, mədəniyyət, sosial, iqtisadiyyat sahələrində yüksəliş prosesləri əhəmiyyətli dərəcədə özünü göstərdi, rayon, qəsəbə və kəndlərimizdə reallaşdırılan infrastruktur quruculuğu, insanların məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar ümumi inkişaf mənzərəsini xeyli zənginləşdirdi. Müxtəlif sahələr üzrə nümunəvi fəaliyyətləri ilə fərqlənib, təltif olunub, mükafatlar alaraq tarixin 2022-ci səhifəsində uğura imza atanlar da kifayət qədər oldu. Bu yazımızda həmin şəxslərdən bir neçəsi ilə həmsöhbət olduq.

    İlk həmsöhbətimiz Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi partiya təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayevdir. 2012-ci ildə “İlin ən yaxşı magistrantı” seçilən, həmin il uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikasında “İlin ən yaxşı tələbə təşkilatı” nominasiyasının qalibi olan, Naxçıvan Dövlət Universitetində intellektual klubları təsis edən, 60-dan çox diplom, fəxri fərman, sertifikatla təltif olunan, 4 kitabın, 6 fənn proqramının, 40 elmi, 200-dən çox ictimai-siyasi məzmunlu məqalənin müəllifi Arzu müəllim üçün 2022-ci il də bir sıra uğurlarla yadda qalıb:

    – 2022-ci ili əlamətdar edən hadisələrdən biri ölkəmizin hərtərəfli inkişafını təmin edən Yeni Azərbaycan Partiyasının yaranmasının 30 ilinin tamam olmasıdır. Bəli, ölkənin ən çətin dövründə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan partiya respublikamızın ictimai-siyasi həyatında yeni mərhələnin, yeni tarixin başlanğıcını qoyub. Hər zaman öz fəaliyyəti ilə dövlətimizin inkişafına xidmət edən Yeni Azərbaycan Partiyası bölgədə ən güclü siyasi qüvvəyə, ümumxalq partiyasına çevrilib. Bizim üçün ən qürurverici hal isə ölkədə həyata keçirilən bütün uğurlu layihələrin əsasında dayanan partiyamızın əsasının doğma Naxçıvanımızda dahi lider Heydər Əliyevin rəhbərliyi ilə qoyulmasıdır. Bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası şərəfli yol keçərək Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrilməklə yanaşı, dövlətimizin ərazi bütövlüyünü təmin edərək ölkəmizə əbədi qələbə və xoşbəxtlik yaşadıb.
    Arzu müəllim 2022-ci ilin onun yaddaşına uğurlu, nailiyyətlərlə zəngin bir il olaraq yazıldığını dedi: – Bildiyimiz kimi 21 noyabr 2022-ci il tarixdə ölkə rəhbəri cənab İlham Əliyevin iştirakı ilə Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi qeyd edildi. Bu əlamətdar yubiley tədbirində iştirak və həm də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı ətrafında birləşən siyasi həmfikirlər adından ali kürsüdə çıxış etmək tərcümeyi-halımın qürur duyduğum səhifəsidir. 30 noyabr 2022-ci il. Bu tarix də mənim şəxsi taleyimin, fəaliyyətimin ən təntənəli günüdür. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən digər şəxslərlə birlikdə mənim də “Tərəqqi” medalına layiq görülməyimi böyük etimad və şərəf hesab edirəm. 
    2022-ci il həm də elmi fəaliyyətim üçün uğurlu illərdən biri oldu. Belə ki, il ərzində “Geosiyasət” və “Azərbaycan tarixi” adlı iki fənn proqramı nəşr olundu. Həmçinin ikisi xaricdə, beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan dövri nəşrlərdə 5 elmi məqaləm dərc edildi. İctimai-siyasi mövzuda 25 məqaləm mənə doğma olan “Şərq qapısı” qəzeti üstünlük təşkil etməklə bir sıra mətbu orqanlarda və saytlarda işıq üzü gördü. Bu ilin dekabr ayında isə  “Naxçıvan şəhərinin tarixi (XIX yüzillik)” adlı ilk monoqrafiyam Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2022-ci il üçün nəşr planına uyğun olaraq çapdan çıxdı. Əlbəttə ki, əldə etdiyim bütün bu uğurlar ölkəmizdə, onun tərkib hissəsi olan muxtar respublikamızda elmə, təhsilə, gəncliyə göstərilən yüksək dövlət qayğısının təzahürüdür. Yaradılan şərait, göstərilən hərtərəfli qayğı üzərimə böyük məsuliyyət qoyur. Bu məsuliyyət dövlətimizin, xalqımızın ali maraqlarına xidmət etmək, milli dəyərlərimizi qorumaq, vətənpərvərlik ruhumuzla, bilik və bacarıqlarımızla Ali Baş Komandanımızın, Müzəffər Prezidentimizin ətrafında sıx birləşmək, ölkə rəhbərinin həyata keçirdiyi dövlətçilik siyasətini daim dəstəkləməkdir...
    Vətən müharibəsində şücaət və qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalanların ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqətin bariz ifadəsi kimi problemlərinin vaxtlı-vaxtında həlli, məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər 2022-ci ildə də uğurla həyata keçirildi. Bu mənada, ili müvəffəqiyyətlə başa vuran qazilərimizdən Culfa rayonunun Qazançı kəndində yaşayan Rza Əlirzayevin də adını çəkmək olar. 1987-ci il oktyabrın 20-də hərbçi ailəsində dünyaya göz açan bu eloğlumuz II Qarabağ müharibəsində düşmənə qan udduran igidlərimizdəndir. Bir neçə dəfə yaralanaraq xəstəxanaya yerləşdirilsə də, yenidən könüllü olaraq cəbhəyə qayıdıb, peşəkar kəşfiyyat rəisi kimi Talış, Suqovuşan, Xocavənd, Tuğ istiqamətlərində böyük şücaət göstərib, düşmənin xeyli sayda hərbi texnikasının məhvində, yaşayış məntəqələrimizin bir neçəsinin azadlığa qovuşmasında əhəmiyyətli rol oynayıb. Rza Əlirzayev qürur duyur ki, onun kimi, yüzlərlə oğulun sayəsində artıq ikinci ildir, əzəli-əbədi torpağımız Qarabağımızdan mənfur düşmənin ayağı kəsilib, Zəngilanda, Kəlbəcərdə, Şuşada, Laçında Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Viran olunmuş torpaqlarımıza yeni həyat gəlir, kəndlər, şəhərlər yenidən qurulur, didərgin düşən soydaşlarımız öz ana yurdlarına qayıdırlar. Həmsöhbətimin Zəfər tariximiz barədə dediklərindən: – Bəli, ulu babalarımız doğru söyləyiblər ki, güc birlikdədir, el bir olsa, dağ oynadar yerindən. 44 günlük Vətən müharibəsində də elimiz-obamız həmrəy olaraq əyilməzlik, dönməzlik göstərdi, Ali Baş Komandanın ətrafında sıx birləşərək “Dəmir yumruğ”u bədnamların başına çaxdıq, 30 illik boş, cəfəngiyyatla dolu xülyaları puça çıxardıq. I Qarabağ müharibəsində, eləcə də sonrakı illərdə atəşkəsin pozulması nəticəsində şəhid olan bütün həmvətənlərimizin qisasını aldıq. Prezident cənab İlham Əliyevin də dediyi kimi: “...Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!” Bu gün məktəblərimizdə uşaqlar zəfər salnaməmizi oxuyaraq qürur hissi keçirir, vətənpərvər ruhda böyüyür. 

    Xidməti dövründə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları, “Qüsursuz xidmətə görə” II dərəcəli, “Qüsursuz xidmətə görə” I dərəcəli, Vətən müharibəsindən sonra isə “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”medalları ilə təltif olunan qəhrəman qazimiz dedi ki, müharibədən sonra bütün problemləri ilə vaxtlı-vaxtında maraqlanıblar, müayinə və müalicəsi də lazımi şəkildə təmin olunur: – 2022-ci ili ailəmiz üçün əlamətdar oldu. Belə ki, bu il noyabr ayının 5-i – Zəfər Günü ərəfəsində Culfa şəhərindəki yaşayış binasından 3 otaqlı mənzillə təmin edildik. Ailəliyəm, 3 övladım var. Bir ailə üçün bundan böyük, gözəl hədiyyə ola bilməz. Dövlətimdən çox razıyam. Övladlarımı gözəl şəraitdə, vətənpərvər ruhda böyüdə bildiyim üçün bir valideyn kimi çox sevinirəm. Həqiqətən də, qalib ordunun qalib əsgəri, zabiti, hərbçisi kimi şərəfli adı daşımaq, doğma torpağının azadlığında kiçik də olsa, payının olması böyük şərəfdir. Bundan sonrakı həyatımda ən böyük amalım övladlarımı Vətənə, xalqa layiq, vətənpərvər ruhda tərbiyə etmək, alitəhsilli, savadlı kadr kimi böyütməkdir. Əgər torpaqlarımız üçün hər hansı təhlükə yaranarsa da, yenə canla-başla cəbhəyə getməyə hazıram. İgid övladlar qan axıdar, can verər, təki ana Vətən sağ olsun...
    2022-ci ili muxtar respublikamızın mətbuat orqanlarında çalışanlar üçün də uğurlu hesab etmək olar. “Şərqin səhəri” qəzetinin redaktoru Muxtar Rzazadə də ili bir sıra nailiyyətlərlə başa vurmaq üzrədir. Onun dedikləri: – Əldə etdiyim uğurlara, qazandığım nailiyyətlərə görə məhz jurnalistikaya borcluyam. Mən özümü bu sahədə tapmışam, başqa sözlə, media mənim həyat amalımdır. Jurnalistika, xüsusən qəzetçilik hər zaman onun çalışanından böyük zəhmət, fədakarlıq tələb edir. Mənə görə, kütləvi informasiya vasitələri məhz qəzetçilikdən başlayır və qəzet ənənəvi çap məhsulu kimi bundan sonra da öz əhəmiyyətini qoruyub saxlayacaq. Çünki qəzet hər hansı bir bölgənin ictimai-siyasi həyatının, tarixinin, etnoqrafiyasının, müasir inkişafının salnamələşdirilməsi baxımından əvəzsiz media resursudur. Qəzet həm də qələm sahibini püxtələşdirən, inkişaf etdirən kütləvi informasiya vasitəsidir. 

    İstedadlı gənc jurnalist qeyd etdi ki, artıq tarixə qovuşmaqda olan 2022-ci il bir media nümayəndəsi kimi, onun üçün də uğurlarla yadda qaldı: – Bu ilin əvvəlində ən böyük hədəfimə çatdım, Naxçıvan Dövlət Universitetinin Mətbuat tarixi ixtisası üzrə magistrantı adını qazandım. Həmçinin sentyabr ayında Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı tərəfindən ölkəmizdə fəaliyyət göstərən jurnalistlər arasında elan edilən “Müzəffər Liderlə yeni zəfərlərə doğru” yazı müsabiqəsində mükafata layiq görüldüm. Bundan başqa, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin partiyanın yaranmasının 30 illiyi münasibətilə təşkil etdiyi yaradıcılıq müsabiqəsində müəllifi olduğum yazı III yerlə qiymətləndirildi. Dekabrın 2-də keçirilən Naxçıvan Mətbuat Şurasının VI konfransında isə şuranın Şikayətlər üzrə Komissiyasının sədri seçildim. Yaradıcılıq insanın özünüifadəsidir. Özümüzü ifadə etmək üçün yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm...
    Böyük Çin filosofu Konfutsi deyirdi ki, heç kim uğur nərdivanını əlləri cibində çıxmayıb. Ayrı-ayrı sahələr üzrə fərqlənən istedadlı insanlarla söhbətimiz də belə deməyə əsas verir ki, onlar heç də asanca bu nailiyyətlərə çatmayıb, çəkdikləri böyük zəhmət, gərgin əmək hesabına, nümunəvi fəaliyyətləri, çalışqanlıqları sayəsində uğur nərdivanının müəyyən pillələrinə qalxa biliblər. Tariximizin növbəti parlaq 2023-cü səhifəsində, “Heydər Əliyev İli”ndə daha uca zirvələri qət etmələri diləyi ilə...

Nail ƏSGƏROV

Nəşr edilib : 15.12.2022 20:19