AZ EN RU

Tariximizin Şuşa səhifəsi və ya Naxçıvandan Şuşaya

Bu iki bölgə coğrafi cəhətdən bir-birindən uzaq olsa da, taleləri bir-birinə çox bağlıdır. Bir anlıq keçmişə qayıdaq və tarixin keşməkeşli yollarından necə keçib Şuşaya, Qarabağa yol aldığımızı xatırlayaq:

 – Həmin illər idi, 1990-cı illərin çətin günləri... Sovetlər birliyi son nəfəsini verir, gücü çatdığı qədər müqavimət göstərir, əsarət zəncirini daha da bərk sıxmaq üçün müstəqilliyə can atan azərbaycanlıların üstünə zirehli texnikalar, ağır silahlarla hücum edir, azadlıq sədalarını, xalqımızın dəyanətli oğlu olan, həmin vaxt sovet rəhbərləri arasında yer alan Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırıb ev dustağı etməklə haqq səsini boğmağa çalışırdı. Bütün bunlardan cəsarətlənən ermənilər isə sərhədlərimizə hücum edir, torpaqlarımızı işğal etməklə insanlarımıza amansız divan tuturdu. Azərbaycanın digər bölgələrindən fərqli olaraq Naxçıvanda vəziyyət tamam başqa idi. Erməni silahlılarının hücumlarına əliyalın sinə gərən oğullarımız düşmənə bir qarış belə torpaq vermirdi. Həmin vaxtlarda Moskvadan Bakıya qayıdıb, mərkəzi hakimiyyətin soyuq münasibəti ilə qarşılaşan Ulu Öndər öz yurduna – Naxçıvana gəlmişdi. Naxçıvanlıların dahi rəhbəri qurbanlar kəsərək qarşıladıqları həmin günlərdə mərkəzi hakimiyyətin gözü Ümummilli Lideri götürmədi. Çünki onlar Vətəni yox, öz mənafelərini düşünürdülər. Yurdumuza qayıdan dahi rəhbərin gəlişi ilə sanki Günəş doğuldu Vətənimizin başı üzərində. Bu həmin Günəş idi ki, onun şəfəqləri illər sonra da hər tərəfi nura qərq edəcəkdi. Bəli, Naxçıvanda buranın mərd insanları ilə bərabər, soyuq, şaxtalı günlərdə, işıqsız, qazsız yaşayan əbədiyaşar liderin həmin illərdə burada çıraq işığında imzaladığı sərəncam və fərmanlar, xarici dövlətlərlə qurduğu diplomatik əlaqələr qədim Naxçıvanı işğaldan, yox olmaq təhlükəsindən qorudu. Yeni-yeni uğurlara imza atıldı. Gələcəyin partiyası Yeni Azərbaycanın təməli atıldı, üçrəngli bayraq buradan pərvazlanıb bütöv Azərbaycana qanad açdı.

Dahi rəhbər bu diyarda ölüm-dirim mübarizəsi aparan

 insanlarla birlikdə düşmənə sinə gərəndə Azərbaycanın digər bölgələrində nə baş verirdi?!

Xocalı soyqırımı, ardınca cənnət Şuşa və Laçın düşmənə peşkəş edildi. Bacarıqsız rəhbərlər düşmən hücumunun qarşısını almaq əvəzinə qeyri-qanuni silahlı birləşmələrlə üz-üzə gəlir, qardaş qırğınına yol açırdı. Bütün bunlar isə Birinci Qarabağ müharibəsində məğlubiyyətə gətirib çıxarır, bunu labüd edirdi. Çünki tarixboyu və heç bir antimilli hakimiyyət müharibədə qələbə qazana bilməyib və Azərbaycanda da belə oldu. Xalq isə mətanətini itirməməyə çalışır, yenicə əldə olunmuş müstəqilliyi və torpaqlarımızı qorumağa səy göstərirdi. Naxçıvanda baş verənləri yaxından izləyənlər, xalqın düşünən beyinləri bu çətin və xaos vəziyyətdən çıxış yolunu, nicatı Ulu Öndərin hakimiyyətə qayıdışında görürdü. Elə məhz buna görə də insanlar Ulu Öndərin hakimiyyətə gəlməsini tələb edirdilər. Qəzet və televiziya vasitəsilə Ona müraciətlər edir, Naxçıvana gəlir, ondan imdad diləyirdilər. Hətta Qarabağda döyüşlərdə əsir düşənlərin valideynləri Naxçıvana üz tutur, dahi rəhbərdən onlara kömək etməsini istəyirdilər. Xalqın səsinə, çağırışlarına, Vətənin düşdüyü vəziyyətə biganə qala bilməyən dahi rəhbər həyatını təhlükəyə ataraq Bakıya qayıtdı. Bir neçə ay sonra xalqın təkidli tələbi, səs çoxluğu ilə ölkə Prezidenti seçildi. Həmin gündən döyüşlər səngiməyə başladı, Naxçıvandan Şuşaya – Qarabağa uzanan yolun təməli atıldı.

Ona özüm qədər inanıram...

Hakimiyyətə vəzifə üçün yox, xalqa xidmət etmək üçün gəldiyini dəfələrlə dilə gətirən dahi rəhbər bunu sübuta yetirdi. Və ömrünün son günlərində “Mən ona özüm qədər inanıram. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək”, – deyərək tamamlaya bilmədiyi arzularının gələcək taleyini gələcəyin Müzəffər Ali Baş Komandanına həvalə etdi. İllərdir, xəyalı ilə yaşadığımız həmin gün gəldi – tariximizin şanlı səhifələri igid Azərbaycan əsgərinin qəhrəmanlığı, şücaəti, qanı ilə yenidən yazıldı 44 günlük Zəfər yolunda yorulmadan yürüyən Azərbaycan əsgəri illərdir, qanayan yaraya məlhəm oldu. İşğalda 30 ildir, yol gözləyən torpaqları azad etdi. “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir”, – deyən Ulu Öndər Heydər Əliyevin və bütün azərbaycanlıların arzusu çin oldu. Şuşa şəhəri tarixdə bənzəri rast gəlinməyən qəhrəmanlıqla azad olundu.

Azad Şuşa Mədəniyyət Paytaxtı elan olundu və bir çox mədəni tədbirlərə ev sahibliyi etdi. Artıq üç ildir ki, Novruz bayramı ərəfəsində bu qədim şəhərdə illər sonra bayram tonqalı qalanır. O yanan tonqallar illərdir, Şuşasız üşüyən qəlbləri isidir. “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri şanlı Qələbənin rəmzi, qələbə və qalibiyyət bayramı olur. Şuşa həm də Azərbaycan ilə Türkiyənin 100 illik tarixi birliyinin ifadəsinə çevrilən və tarixə “Şuşa Bəyannaməsi” kimi düşən mühüm bir strateji sənədin imzalandığı məkan kimi yaddaşlarda qaldı. Azərbaycan üçün çox önəmli bir tarixdə – Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra imzalanan Bəyannamə həm də böyük rəmzi məna daşıyırdı. Bu məna həm də sarsılmaz birliyimizi ifadə edirdi. 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan qardaş Türkiyə dövləti 100 il sonra Şuşa Bəyannaməsi ilə Qarabağın təhlükəsizliyinin də qarantına çevrildi.

Azərbaycan xalqı bir olub torpaqlarını azad etdiyi kimi, onu gülüstana çevirməyi də bacarır

Şuşanın hərtərəfli inkişafının bünövrəsi hələ illər öncə Ulu Öndər tərəfindən qoyulmuşdu. Dahi rəhbər 1982-ci ildə Şuşada iki dəfə səfərdə olub Vaqif Poeziya Günlərində, Vaqif məqbərəsinin və Poeziya evinin açılışında iştirak etmişdir. Sonrakı illərdə də Şuşanın inkişafına və dirçəlişinə diqqət göstərən Ulu Öndərin sovet hakimiyyətindən uzaqlaşdırılması bu qədim şəhərlə bərabər, bir çox yurd yerlərimizin erməni təcavüzünə məruz qalmasına səbəb oldu. İllərlə öz xalqı ilə bərabər Qarabağ yanğısını ürəyində daşıyan “Biz Şuşaya mütləq qayıdacağıq”, – deyən əvəzolunmaz Liderin ən böyük arzusu və vəsiyyəti elə məhz Şuşanın, Qarabağın düşməndən xilası olub.Vətən müharibəsindəki qalibiyyət Ulu Öndərin arzusunu çin etdi, Ali Baş Komandan cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirən oğul olmağın şərəfini, qürurunu yaşadı.

Üç ildir, Azərbaycan ikinci missiyanı – yenidənqurma və bərpa missiyasını həyata keçirir. Şuşanın bərpa olunmasına xüsusi diqqət edilir. Dövlət başçısı hər gəlişini bir yenilik, bir quruculuq ərməğan etdi bu gözəl şəhərə. Vandal ermənilərin uçurub, dağıdıb tövləyə çevirdiyi məscidlərə dini ehtiram nümayiş etdirməklə daxil olub, dünyadakı özünü İslam dövləti adlandırıb, amma müqəddəs ocaqlara edilən hücumlara, hətta dində murdar sayılan heyvanların saxlanılmasına göz yuman bəzi rəhbərlərə dərs verdi. Şuşa şəhərinin baş planı əsasında böyük işlər görülür. Şəhərin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Azərbaycanın Mədəniyyət Paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur. Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən qədim şəhərdə yerləşən tarixi və mədəni abidələrimiz yenidən bərpa olunur. 30 illik işğal dövründə erməniləşdirilməyə çalışılan abidələr öz milliliyinə qaytarılır. Bu Ulu Öndərin tamamlaya bilmədiyi işlərinin davamıdır. Onun arzularındakı Şuşa gözəlləşir, düşmənə gözdağı olur. Ötən iki ildə yolunu 10 dəfədən çox bu qədim şəhərdən salan ölkə başçısının Şuşaya elə bir səfəri olmayıb ki, həmin gün hansısa tarixi abidənin açılışı və ya təməlqoyma mərasimi olmasın. 2022-ci ildə “Şuşa ili”ndə dəfələrlə Şuşaya müxtəlif günlərdə səfər edən dövlət başçısı bu qədim incinin abadlaşması üçün bir çox işlər gördü, tapşırıqlar verdi. Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü ərəfəsində və Zəfərin ikinci ildönümündə Şuşaya səfər edən dövlət başçısı hərbçilərlə görüşündə demişdir: “Hər dəfə Şuşada olarkən – mən son iki il ərzində Şuşada on dəfədən çox olmuşam, – hər dəfə Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən mən və əminəm ki, hər bir insan bir daha hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını görür. İllər keçdikcə hərbçilərimizin qəhrəmanlığı hər kəs üçün daha bariz şəkildə aydın olacaq”.

Qonaqlı-qaralı Şuşa şəhəri Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayına ev sahibliyi edərək dünya azərbaycanlılarını bir araya toplamağın da qürurunu yaşadı. Ölkə başçısı öz çıxışında deyib: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz – Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V Qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.

Sonrakı aylarda da bir çox mədəni tədbirlərə ev sahibliyi edən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildi. Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün Türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəkdir. TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu Toplantısında bu il mayın 12-də “Şuşa – Türk dünyasının Mədəniyyət Paytaxtı-2023”ün açılış mərasimi keçirilməsi xəbərinin verilməsi hər kəsin sevincinə səbəb oldu.  İnanırıq ki, Şuşada keçiriləcək tədbirlər türk dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafının növbəti uğuru olacaqdır. Bu cənnət səhər Türk dünyasının Mədəniyyət Paytaxtı adını qürurla daşıyacaq, bütün dünya türklərini bir araya toplamağın sevincini yaşayacaqdır.

Ötən il – “Şuşa ili”nin əvvəlindən bu günə kimi yüzlərlə, bəlkə də, minlərlə məqalə, şeir, poema qələmə alındı bu cənnət şəhər haqqında. Amma heç kim doymadı bu şəhəri vəsf etməkdən. Qələmin mürəkkəbi tükəndi, amma qəlbimizdəki Şuşa sevgisi, sözlər tükənmədi. Kimi tarixindən, kimisi qəhrəman oğullarından, kimisi isə gözəlliyindən, kimləri isə onun necə fədakarlıqla azad edilməsindən yazdı. İllər keçəcək, amma igid oğullarımızın dastana dönən qəhrəmanlığına həsr olunan hekayələr, əfsanələr bitməyəcək. Hələ çox yazılacaq Şuşanın azad oluşundan, ruhu ağ göyərçinə dönüb Şuşa səmasında qanad çalan igidlərin şücaətindən. Uzun yollardan keçib Naxçıvandan Şuşaya gəlişimizdən, Azərbaycanın bu cənnət şəhərindən mədəniyyətimizin, tariximizin, zəfərimizin simvolundan. Ulu Öndərin abidəsinin Şuşada ucaldığı gün isə tarixin ən gözəl günü kimi yazılacaq Şuşanın taleyinə.

- Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 05.05.2023 19:45