AZ EN RU

Tariximizin qəhrəmanlıq salnaməsi

    Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına  sərgi salonunda 20 Yanvar  faciəsinə həsr olunmuş  “Tariximizin qəhrəmanlıq salnaməsi – 20 Yanvar ” adlı sərginin açılışı olub.
    Sərgidə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva  çıxış edərək 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə  qarşı törətdiyi cinayətlərdən danışıb. Əməkdar rəssam qeyd edib ki, 33 il keçsə də, törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir və bu gün də xalqımızın qəhrəmanlıq salnaməsi hesab edilir.
    Sərgidə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin dekanı Cavid İsmayılov və Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının müdiri Həbibə Allahverdiyeva da 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin rəmzi olduğunu qeyd ediblər. Vurğulanıb ki, Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. “Tariximizin qəhrəmanlıq salnaməsi – 20 Yanvar” sərgisində nümayiş etdirilən rəsm əsərlərində xalqımızın Vətən müdafiəsinə qalxması, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltması motivləri öz əksini tapmışdır.
    Sonra sərgiyə baxış olub.
    Muxtar respublikada fəaliyyət göstərən 12 rəssamın plakat, portret və digər janrlarda yağlı və sulu boya ilə işlədikləri 36 rəsm əsərinin nümayiş olunduğu sərgi bir həftə davam edəcək.

Aysel YUSİFZADƏ

Nəşr edilib : 18.01.2023 21:25