AZ EN RU

Tariximizin qan yaddaşında Qaradağlı faciəsi

Azərbaycan xalqının qan yaddaşına daxil olmuş faciələrin hamısı öz kökü etibarilə vaxtilə Osmanlı imperiyasını bölüşdürmək məqsədilə ortaya atılmış uydurma “erməni soyqırımı” ilə birbaşa bağlıdır. Belə ki, XIX əsrin əvvəllərindən çar Rusiyasının köməkliyi və himayəsi altında Azərbaycan torpaqlarına yerləşdirilən ermənilər Osmanlı torpaqlarında özlərinin dövlətlərini yaratmağın mümkünsüzlüyünü yəqin etdikdən sonra Azərbaycan torpaqlarında bu niyyətlərini reallaşdırmağa çalışmış və təəssüflər olsun ki, buna nail ola bilmişlər. Ermənilər bu xülyalarını həyata keçirmək məqsədilə XX əsrin əvvəllərindən başlayaraq əsrin sonlarına qədər müxtəlif mərhələlərdə xalqımızı qarşı qanlı qırğınlar həyata keçirmişlər.

İstər 1905-1907-ci illərdə, istər 1918-1920-ci illərdə, istərsə də 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı siyasəti gerçəkləşmiş, XX əsrin 20-30-cu illərində həyata keçirilən repressiya siyasətinin ən ağır forması Azərbaycanda həyata keçirilmiş, 1948-1953-cü illədrə SSRİ səviyyəsində 150 min nəfərdən artıq soydaşımız indi Ermənistan adlandırılan Qərbi Azərbaycandakı öz tarixi-etnik torpaqlarından deportasiyaya məruz qalmışdılar. Tam əminliklə və qətiyyətlə demək olar ki, keçmiş sovetlər birliyinə daxil olan müttəfiq respublikalar içərisində heç bir respublika Azərbaycan xalqı qədər soyqırıma, deportasiyaya, repressiyaya məruz qalmamış, torpaqları zəbt edilərək başqa bir müttəfiq respublikaya verilməmişdir.

Aprel çevrilişindən sonra Zəngəzurun işğalına nail olan ermənilər az sonra SSRİ-nin yaranması ilə sovet hökumətinin himayəsi iləheç bir əsas olmadan Azərbaycan ərazisində “Dağlıq Qarabağ Muxtar Vilayətinin” təşkilinə nail oldular. Baxmayaraq ki, Ermənistan ərazisində azərbaycanlılar çoxluq təşkil edirdilər, onlar bu cür muxtariyyətə malik deyildilər. Bütün bunlardan şirnikləşən ermənilər hissə-hissə torpaqlarımızı ələ keçirirdilər. Bunun bariz nümunələrindən biri də sovet hökumətinin beynəlxalq Qars müqaviləsinin şərtlərini heçə sayaraq Naxçıvanın doqquz kəndinin 1928-ci ildə Ermənistana verilməsi idi. Bütün bunlar onun göstəricisi idi ki, sovet hökuməti nə beynəlxalq sülh müqavilələrinin şərtlərinə, nə də ki, müttəfiqlik haqqında SSRİ qanunlarına hörmət göstərməyərək Azərbaycan torpaqları hesabına Ermənistanın ərazisini genişləndirməyə çalışırdı.

Nəhayət, XX əsrin sonlarında sovetlər birliyinin dağılması ilə yaranmış şəraitdən istifadə edən ermənilər növbəti dəfə azərbaycana qarşı ərazi iddiaları qaldırmış, bu dəfə “Dağlıq Qarabağ” və Naxçıvanı Ermənistana birləşdirək məqsədilə fəaliyyətə başlamışlar. Ermənistan ərazisində yaşayan 250 min nəfərdən artıq azərbaycanlının vəhşicəsinə qovulması, 216 azərbaycanlının öldürülməsi ilə müşayiət olunan son mərhələ qısa zamanda başa çatdıqdan sonra ermənilər “Dağlıq Qarabağ” və ətraf rayonların işğalı prosesini gerçəkləşdirməyə başladılar. 1988-ci ilin dekabr ayında Ermənistanda baş verən zəlzələdən sonra dünyanın müxtəlif ölkələrindən, o cümlədən Rusiyadan ən müasir silahlar əldə edən ermənilər silahlı dəstələr yaradaraq azərbaycanlıların öldürülməsinə, doğma yurd-yuvalarından qovulmasına başladılar. Təəssüflər olsun ki, həmin dövrdə Azərbaycan daxilində iqtidarla müxalifət arasında olan ixtilaflar da ermənilərin bu niyyətlərinin həyata keçirmələrinə imkan və şərait yaratdı.

Ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş ən qanlı cinayətlərdən biri əsrin faciəsi hesab olunan Xocalı faciəsi idi. Bu faciə digər faciələrimiz kimi, azərbaycanlı əhaliyə qarşı tətbiq edilmiş faciələrin ən dəhşətlisi idi. Təbii ki, Azərbaycan xalqına qarşı  zaman-zaman törədilmiş faciələrin baş verməsinin əsas səbəbi bizim unutqan xalq olmağımızdır. XX əsr boyu baş vermiş faciələrimizi unutmağımız xalqımız üçün çox baha başa gəldi. XX əsrin sonlarında “dünyanın demokratik dövlətləri”nin gözləri qarşısında xalqımıza qarşı bəşəri cinayət törədildi.Lakin Xocalı faciəsinə qədər xalqımız bir sıra dəhşətli faciələr yaşamalı olmuşdur.

Qeyd etdiyimiz kimi, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan daxilində yaranmış hakimiyyət böhranı getdikcə dərinləşməyə başlamış, hakimiyyətdə olan Ayaz Mütəllibov ölkəni idarə etmək qabiliyyətini tamamilə itirmişdir. Yaranmış belə bir vəziyyətdən bir tərəfdən müxalifət istifadə edərək hakimiyyəti ələ keçirməyə çalışır, digər tərəfdən isə Rusiyanın bölgədə olan hərbi hissələrinin köməyindən istifadə edən erməni quldur dəstələri ərazilərimizi işğal edir, əhalini öldürür, evlərindən qovurdular. Belə ki, erməni quldurları yanvarın 15-də Kərkicahanı, fevralın 10-da Malıbəyli və Quşçular kəndlərini ələ keçirərək Xocalıya və Şuşaya gedən yolu nəzarət altına almağa çalışırdılar. Şuşa şəhərini mühasirə vəziyyətindən xilas etmək üçün ordumuzun həyata keçirdiyi və 33 nəfərin ölümü, 34 nəfərin itkin düşməsi, 36 nəfərin yaralanması ilə nəticələnmiş Daşaltı əməliyyatı uğursuzluqla nəticələnmişdi. Bundan sonra ermənilər xalqımızın tarixinə qanlı hərflərlə yazılmış Qaradağlı faciəsini həyata keçirmişdilər. Beləliklə, Xocavənd, malıbəyli, Kərkicahan kəndlərinin işğalından sonra növbəti hədəf Qaradağlı kəndini ələ keçirmək idi. Getdikcə kənddə vəziyyətin pisləşməsi, istər sovet rəhbərliyinin, istərsə də Azərbaycan rəhbərliyinin hadisələrə biganə qalması hələ neçə-neçə faciələrimizin baş verəcəyindən xəbər verirdi.

Qeyd etmək lazımdır ki, ermənilərin torpaqlarımıza qarşı iddialar qaldırması ilə eyni vaxtda digər kəndlərimiz kimi, Qaradağlı kəndinin də faciəli günlərinin başlanğıcı qoyulmuşdur. Hələ 1990-cı ilin noyabr ayının 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, 1991-ci il yanvarın 9-da üç nəfər sakin ermənilərin açdığı atəş nəticəsində öldürülmüş, martın 8-də daha 2 nəfər sakin kənd yaxınlığında düşmən tərəfindən qətlə yetirilmiş, iyunun 28-də 6 nəfər yenə də diri-diri yandırılmış, sentyabrın 8-də kəndə məxsus avtobusun atəşə tutulması nəticəsində avtobusda olan 40 nəfərdən 8 nəfəri düşmən gülləsinə tuş gəlmişdir. Bunların sayını artırmaq olar.

Erməni quldur dəstələri fevral ayının 14-də keçmiş SSRİ silahlı qüvvələrinin Xankəndi şəhərində yerləşən, fevralın 25-dən 26-a keçən gecə Xocalıda baş verəcək əsrin faciəsində iştirak edəcək 366-cı motoatıcı alayının hərbi qüvvələrinin və bu hərbi hissəyə məxsus olan texnikanın köməyi ilə Xocavənd rayonunun Qaradağlı kəndi üzərinə hücuma keçdilər. Öz adını Cənubi Azərbaycan ərazisində olan qaradağ mahalının adından götürən, mənşəcə qızılbaşların Qaradağlı tayfasının burada məskunlaşması nəticəsində yaranmış kənd əhalisi mənfur düşmənə qarşı çox mərdliklə müqavimət göstərmiş, lakin qeyri-bərabər döyüş düşmənin fevral ayının 17-də kəndi ələ keçirməsi ilə nəticələnmişdir. Xocavənd rayonunun ən qədim yaşayış məskənlərindən biri olan Qaradağlı kəndi ermənilər tərəfindən mühasirəyə alınmasına baxmayaraq dörd il ərzində mənfur düşmənə qarşı qəhrəmancasına mübarizə aparmış, düşmənə qarşı qeyri-bərabər döyüşlərdə şəhidlər vermişlər.Kənd uğrunda gedən qanlı döyüşlərdə 77 nəfər kənd sakini qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişlər.

Kəndin işğal edilməsi ilə 118 nəfəri əsir alan düşmən onlardan 101 nəfərini vəhşicəsinə qətlə yetirmişdir. Ələ keçirilən əsirlərin əksəriyyəti canlı şəkildə silos quyularında basdırıldı.21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli erməni vəhşiliyinin qurbanı oldu. Kəndin Bəylik adlanan yerində 23 nəfər kənd sakini güllələnərək öldürülmüşdür. Ermənilərin kəndi işğal etmələri nəticəsində 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 nəfərlik orta məktəb, 26 çarpayılıq xəstəxana və s. dağıdılmış, 800-dən çox kənd əhalisi öz doğma torpaqlarında 30 ilə yaxın köçkünlük həyatı yaşamağa məcbur olmuşdur. Baş verəcək Xocalı və digər faciələrimizdə olduğu kimi, Qaradağlı faciəsində də insanlar xüsusi qəddarlıqla öldürülmüşdülər. Belə ki, 3 nəfərin üzərinə yanacaq tökərək canlı-canlı yandırmışlar, 2 nəfərin başı kəsilərək öldürülmüş və s.Beləliklə, 1992-ci il fevralın 17-də ələ keçirilən Qaradağlı kəndi digər yaşayış məntəqələrimiz kimi, ermənilər tərəfindən yandırılaraq yer üzündən silindi.

Qaradağlı faciəsindən az sonra insanlıq tarixində oxşarı olmayan və tarixə “əsrin faciəsi” kimi düşmüş Xocalı faciəsi baş vermişdir.

Azərbaycan iqtidarının və müxalifətinin hakimiyyət uğrunda apardıqları mübarizə nəticəsində bir çox digər faciələrimiz kimi, Qaradağlı faciəsindən də xalqın xəbəri olmadı. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra başımıza gətirilən faciələrin araşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

Digər faciələrimiz kimi, Qaradağlı faciəsinin də beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə 1993-cü ildən, yəni ulu öndərin hakimiyyətə qayıdışından sonra tədbirlər keçirilmiş, bu faciədən bəhs edən film çəkilmiş və s. 2008-ci ilin oktyabr ayının 8-də Xocavənd rayonundan olan məcburi köçkünlərin məskunlaşması məqsədilə salınmış yeni qəsəbənin açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev Qaradağlı faciəsinin tanıdılması istiqamətində verdiyi tapşırıqdan sonra bu sahədə fəaliyyət xüsusilə artırılmış, qısa zamanda “Soyqırımı: Qaradağlı”, “Soyqırımı Qaradağlı: davam edir”, “Qaradağlı Mübarizə” filmləri çəkilərək Azərbaycan, ingilis və rus dillərində ictimaiyyətə təqdim olunmuş, “Qaradağlı soyqırım: Şahidlərin dili ilə” kitabı nəşr olunmuşdur. Hər il fevral ayının 17-də Qaradağlı kəndində baş verən faciə qurbanlarının xatirəsi anılır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Abdulla Mustafayev

“Ümumi tarix” kafedrasının dosenti

Nəşr edilib : 17.02.2023 22:35