AZ EN RU

Tariximizin Heydər Əliyev dövrü

azadlıq amalı və tərəqqi uğrunda mübarizədir

    O şəxsiyyətlər tarixdə Peyğəmbər kimi böyük bir ad daşımaq hüququ qazanırlar ki, onların həyat və fəaliyyəti böyük və ülvi amallar üzərində qurulur: insanın insan kimi yaşaması uğrunda mübarizə aparmaq, onun hüquqlarının təminatçısı vəzifəsini yerinə yetirmək, haqqın və ədalətin zəfər çalmasına nail olmaq... Belə şərəfli və böyük həcmli, taleyüklü vəzifələrin həyata keçirilməsində rastlaşdığı hər hansı bir çətinlikdən, maneədən qorxub geri çəkilməmək, onları dəf etmək şəxsiyyətin bütövlük ölçüsüdür, fədailikdir. Və bu zaman xalq da belə şəxsiyyətlərin arxasında durmağı özünün mənəvi borcu hesab edir.

Xalqı arxanca aparmaq bacarığı

Qədim və şanlı tarixə malik, başı saysız-hesabsız bəlalara düçar olmuş doğma Azərbaycanımızı 35 il belə dahi idarə etdi. Heydər Əliyev idi bu düha. Hakimiyyətə Heydər Əliyev kimi gəlmişdi – Dahiliyi isə fəaliyyəti dövründə qazanmışdı. Mövcudluğu dövründə xalqımızın nail olduğu bütün inkişaf tarixi də məhz bu illərin coğrafiyasındadır.
    1969-cu ilin 14 iyulunda Azərbaycana rəhbər təyin olunan Ulu Öndər Heydər Əliyev onu qarşıda gözləyən çətinlikləri özünəməxsus peyğəmbərliklə görürdü. Onun böyüklüyü də elə bunda idi ki, bu yollardakı mübarizənin ağırlığını da, son nəticələrini də əvvəlcədən bilirdi.
    Tanrı Onu bu xalqı düşdüyü bəlalardan qurtarmaq üçün yaratmışdı. O da bu müqəddəs mərama əvəzolunmaz layiqliyini Tanrı və xalqımız qarşısında sübut etdi.
    O gün Azərbaycan öz ikinci həyatını yaşamağa başladı. Xalq öz həqiqi xilaskarını başının üstündə gördü, dərindən və rahat nəfəs aldı. O xilaskar da fəaliyyətə bütün tarixi yeniliklərimizə, uğurlarımıza qara eynək arxasından baxan, üzdə bir, arxada ayrı cür hərəkət edən vəzifəli şəxsləri tutduqları postlardan təmizləməklə başladı. Onlar da qısa bir vaxtda başa düşdülər ki, qarşılarındakı sıradan bir insan deyil – Heydər Əliyev kimi dahi şəxsiyyətdir bu... Böyük Sabir demişkən:

Bənzərəm bir qocaman dağa ki dəryada durar...

Mənəviyyatca böyük olmayanlar həyatda ülvi amallar uğrunda mübarizə apara və uğur qazana bilməz. Mənəviyyatın meyarı daxili zənginlikdir. Daxili zənginlik isə milli-mənəvi dəyərlərə sahibliklə ölçülür. Milli-mənəvi dəyərlər tarixi köklərdən qaynaqlanır. Öz kökünə bağlı olmaqla göylərdən ulduzları belə qoparmaq olar. Ulu Öndərimiz öz kökünə bağlılığını sübut etdi və bunu böyük şəxsiyyətin fəaliyyətinin hər bir kiçik detalında izləyə bilərik.
    Görkəmli dövlət xadimi hər zaman əməl qəhrəmanı olub. Azərbaycan tarixinin Heydər Əliyev dövrü məhz belə müqəddəs əməllərlə şərtlənir – bu gün bütün dünya bunu etiraf etmək məcburiyyətindədir.
    ...İdrak sahibi olan insan üçün həmişə ədalətli cəmiyyət problemi olub; o həmişə azad yaşamağa can atıb; tarixin müəyyən dönəmlərində bu arzuya çatan millətlər və xalqlar da tanıyırıq. Lakin azadlıq bütöv olmadıqda, o, azadlıq deyil. Rusların belə bir müdrik kəlamı var: Çörəyin yarısı da çörəkdir, həqiqət isə bütöv olmalıdır. Azərbaycan tarixinin Heydər Əliyev dövrü azadlıq amalı, yüksək tərəqqi uğrunda mübarizədir. Bu gün o mübarizənin bəhrələrini görürük – müstəqilliyimiz, tərəqqimiz, azadlığımız, ərazi bütövlüyümüz təmin olunub.
    Müstəqilliyimizdən, azadlığımızdan danışarkən bir el deyimi yada düşür: Vətən o deməkdir ki, uğuru da gözümüzü yaşardır, uğursuzluğu da... Və bu müdrik kəlam məni bir qədər geriyə boylanmağa məcbur edir.
    1969-cu ildən 1983-cü ilə qədər həyatımızın bütün sahələrində gedən astronomik inkişaf köhnə SSRİ-nin heç bir müttəfiq respublikasında bizim respublikamız qədər deyildi. Bunu gözü götürməyən digər respublikaları, bəlkə də, haradasa başa düşmək olar. Bəs sapı özümüzdən olan baltaları necə? Onların gözügötürməzlikləri nə ilə bağlı idi? Bu günləri istəmirdikmi? O günlərdə qazanılmış tarixi qələbələri sadalamaq fikrindən uzağam. Çünki bu, yaxın tariximizin yaddaşına əbədi həkk olan və heç vaxt pozulmayan tarixdir. Bu tarixi səhifələmək üçün yaşanmış həmin tarix qədər vaxt lazımdır. 

Tarix hər şeyi öz yerinə qoyur...

    ...1983-cü ildə Heydər Əliyevin yüksək vəzifəyə irəli çəkilməsi bəzi siyasət adamları tərəfindən birmənalı qarşılanmadı. Mənə – sıravi bir jurnalistin düşüncəsinə görə burada bir neçə məqam gizlənmişdi: İmperiya başçıları Ona ehtiyac duyduqlarını bəyan edəndə bunu alqışlarla qarşıladıq – doğrudan da, O bu vəzifəyə, hələ ondan da böyük vəzifəyə layiq idi; ikinci məqamın arxasında isə çox böyük və çirkin bir məqsəd dayanmışdı: Dahi şəxsiyyət Heydər Əliyevi Azərbaycandan ayırmaqla tarixən parçalanmaqda olan, Ulu Öndərin respublikaya rəhbərliyi dövrü qarşısı alınan bir çirkin oyunun davamına nail olmaq. 1969-cu ilə kimi nə qədər torpaqlarımız mənfur siyasətə qurban getdi və onun gəlişi ilə torpaqlarımızın “pay-puşu” dayandırıldı. Bu isə Moskvada oturan başbilənlərə və onların Ermənistandakı əlaltılarına xeyir vermirdi axı! Bütün bunlar reallıqdır. O da reallıqdır ki, bu böyük millətpərvər şəxsiyyətin nəzəri Moskvada yaşayanda da, orada işləyəndə də daim xalqımızın üzərində olub. Lakin daxildə sapı özümüzdən olan baltalar nə isə etməyə çalışsalar da, məhz dahi şəxsiyyət kəskin və sərt şəkildə milli mentalitetdən uzaq olan yerli başçıları öz yerlərində oturtmağı bacarırdı.
    ...Təpələr üzərində ucalmış “zirvələr” özlərini və xalqı dərk etməkdən uzaq olurlar. Bu onların bəlasıdır, böyük və dəhşətli cılızlıqdır və ona görə də belələri həmişə nifrətlə damğalanan məhvə məhkumdurlar. Tarix dəfələrlə sübut edib bunu – başsız başçılarımızın üzdəniraq siyasətinin sonu həm özləri, həm də xalq üçün nə ilə nəticələndi?! Yenidən Azərbaycanda hakimiyyətə qayıdan dahi rəhbər hər şeyi sıfırdan başlamalı oldu və sübut etdi ki, O kimdir!

“Şəxsiyyətin xarakteri onun yaradıcılığının bünövrəsidir”

Təbii ki, bu müdrik deyimi həm mənfi, həm də müsbət mənada qəbul etmək olar. Əgər şəxsiyyət öz dediyini əməli ilə sübut edirsə, bu onun daxili dünyasının tələbatından irəli gəlir. Və bu tələbat böyük ideallara xidmət edirsə, onda bu ideal uğrunda mübarizə xalq tərəfindən müdafiə edilir, təqdir olunur. Görkəmli dövlət xadimi Heydər Əliyevi bütün fəaliyyəti boyu xalqımız məhz bu cür gördü. Ayrı cür ola da bilməz. Böyüklük, dahiliklə yoğrulmuş xarakter, şəxsiyyət həmişə böyük işlər görməklə formalaşıb. Bu böyüklük, dahilik hər şeydən uca olan Azərbaycançılıq missiyasından yaranmışdı. Vətən adlı bir sevgidir Azərbaycançılıq – müəllifi isə dahi Heydər Əliyev. Bu dahi şəxsiyyət, bütövlükdə, Azərbaycançılıqdır.

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

 

Nəşr edilib : 06.05.2023 00:05