AZ EN RU

Tariximizə qəhrəmanlıq səhifəsi yazanlar

    1941-1945-ci illər İkinci Dünya müharibəsində milyonlarla insan həlak oldu. Bu dəhşətli müharibə Hitler faşizminə qarşı aparılırdı. Müharibədə azərbaycanlılar bu gün də iftixarla danışılan böyük şücaət və qəhrəmanlıq göstərdilər, bir sözlə, özlərini qurban verdilər. Həmçinin ölkəmiz sovet ordusu üçün cəbhəni neft, benzin sürtkü yağları ilə  təmin etməklə qalibiyyəti daha da asanlaşdırdı. Bir də ki xalqımızın döyüş və əmək rəşadəti düşmən üzərində qələbənin qazanılmasında mühüm rol oynadı. Müharibədə canlarını qurban verənlər, igidliklə vuruşanlar “Sovet İttifaqı Qəhrəmanı” adına, müxtəlif orden və medallara layiq görüldülər. Bu gün də böyük iftixar hissi ilə qeyd etdiyimiz 9 May – Qələbə Gününün sevincini Xalq şairi Səməd Vurğun böyük ilham və coşqu ilə belə təsvir edirdi:  

        Yazılsın tarixə bir qızıl xətlə
        45-ci ilin doqquz may günü.
        Başlansın şeirlə, sazla, söhbətlə
        Bu ellər bayramı, ellər düyünü...

    İkinci Dünya müharibəsində tarixboyu öz qəhrəmanlıqları ilə seçilən naxçıvanlılar da həm arxa, həm də ön cəbhədə əzmkarlıq nümunəsi göstərib, döyüşlərdə cəsarətlə vuruşub, faşist ordu hissələrinin hərbi texnikasını və canlı qüvvəsini məhv edib, bu yolda çoxları ölümləri ilə əbədiyyətə qovuşublar. 402-ci atıcı diviziyanın tərkibində birbaşa döyüş meydanına yola salınıb, döyüşlərdə iştirak edən naxçıvanlılar “Sovet İttifaqı Qəhrəmanı” kimi yüksək ada layiq görülüb, orden və medallarla təltif ediliblər. Bu gün muxtar respublikamızda İkinci Dünya müharibəsində iştirak edərək sağ qalanlara xüsusi qayğı ilə yanaşılır, müharibə veteranlarının sosial müdafiəsi gücləndirilir, onlar minik avtomobilləri və mənzillərlə təmin olunurlar.
    Hazırda müharibəni görmüş, ön cəbhədə iştirak edərək qəhrəmanlıq göstərmiş, müharibənin ağrılarını hələ də öz üzərlərində daşıyan, həyatda olan naxçıvanlı müharibə veteranları vardır. Onlar Culfa rayonunda yaşayan Abdulla Səfərov və Vəli Qasımov, Ordubad rayonundan olan Məmmədəli Sultanov, Şahbuz rayon sakinləri Hüseyn Hümbətov və Məhəmməd Həsənov, Kəngərli rayonunda yaşayan Əli İbrahimovdur. Qürur yerimiz olan veteranlarımızı çoxsaylı oxucuları olan “Şərq qapısı” qəzeti vasitəsilə həmvətənlərimizə bir daha tanıtmaq istədik:
    Abdulla Səfərov 1923-cü ildə Culfa rayonunun Yaycı kəndində anadan olub.   İkinci Dünya müharibəsinin ilk illərindən müharibəyə çağırılıb və ön cəbhədə fədakar­lıq göstərib. Abdulla Səfərov Şimali Qafqaz cəbhəsində döyüşərək Mozdok və Krım şəhərlərinin almanlardan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib. O, dövlətimizin hərtərəfli qayğısı əhatəsindədir. Abdulla Səfərov döyüşlərdə göstərdiyi şücaətə görə müxtəlif orden və medallarla təltif edilib, 2015-ci ildə dövlətimiz tərəfindən ona avtomobil hədiyyə edilib. 
    Vətən naminə əlinə silah alıb alman faşistləri ilə döyüşə yollananlardan biri də Vəli Qasımovdur. O, 1925-ci ildə Culfa rayonunun Xanəgah kəndində doğulub. 1941-ci ilin oktyabr ayında cəbhəyə çağırılıb, uzun döyüş yolu keçib. Taqanroq diviziyasının tərkibində döyüşən müharibə iştirakçısı Belarusun Vitebsk şəhərinin azad olunması uğrunda düşmənə qarşı vuruşub. Top-güllə altında cəsarətlə döyüşüb,  ağır yaralanıb. Lakin ruhdan düşməyib, qələbəyə olan inamını itirməyib. I qrup müharibə veteranı kimi 1944-cü ildə ordu sıralarından tərxis edilib. Müharibədə göstərdiyi şücaətə görə 1 orden və 27 medalla  təltif olunub, ona bir neçə dəfə avtomobil təqdim edilib. 
    İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçənlərdən biri də Şahbuz şəhər sakini Məhəmməd Həsənovdur. Belarus, Ukrayna, Krım, Smolenski meşələrində, Qafqaz və Karpat dağlarının əlçatmaz yerlərində qəhrəman döyüşçülərimizlə birlikdə faşizmə qarşı döyüşən, düşmənə sarsıdıcı zərbələr endirən müharibə iştirakçısı dəfələrlə yaralanıb, ancaq əsgəri borcunu son günədək yerinə yetirib. 1945-ci il mayın 9-da faşist Almaniyası üzərində tarixi qələbəni Berlində qeyd edənlərdən olub. Qələbədən bir il sonra ordu sıralarından Vətənə qayıdıb. İkinci Dünya müharibəsi iştirakçısı dövlətimiz tərəfindən lazımi qayğı ilə əhatə edilib, döyüşdə göstərdiyi rəşadətə görə müxtəlif vaxtlarda orden və medallar alıb.
    Müharibənin cəsur iştirakçılarından biri də Şahbuz rayonunun Güney Qışlaq kənd sakini Hüseyn Hümbətov olub. 1920-ci il iyulun 1-də anadan olan Hüseyn müəllim 21 yaşında İkinci Dünya müharibəsinə yollanıb. Müharibədə üç dəfə yaralansa da, yenidən döyüşə yollanıb. Bu günə qədər 14 müxtəlif medalla təltif olunan Hüseyn Hümbətov  bu gün nəvə, nəticə sahibidir. Ona Prezident təqaüdü,  əmək pensiyası təyin edilib. 2011-ci ildə minik avtomobilinin təqdim  olunması da ona göstərilən yüksək dövlət qayğısının növbəti təzahürüdür.
    Muxtar respublikamızın ən uzunömürlü ailəsinin başçısı olan Məmmədəli Sultanov hazırda Ordubad rayonunun Tivi kəndində yaşayır. 102 yaşlı müharibə veteranı İkinci Dünya müharibəsində ön cəbhədə vuruşub, şücaət göstərib, göstərdiyi fədakarlığa görə müxtəlif orden və medallarla təltif olunub.  Dövlətimiz tərəfindən avtomobillə təmin edilib, Prezident təqaüdünə layiq görülüb. 
    Əli İbrahimov 1925-ci ildə Kəngərli rayonunun Xok kəndində anadan olub. Müharibənin ağrı-acısını yaxşı bilənlərdən biridir. 1941-ci ildə cəbhəyə göndərilib, digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşıb. Od, alov püskürən cəbhələrdə, o cümlədən Şimali Qafqazda Qroznı-Mozdok istiqamətində ağır döyüşlərdə iştirak edən müharibə iştirakçısı ağır yaralanıb. Müharibə veteranı bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə edilib.
    Müharibə illərində naxçıvanlılar arxa cəbhədə də köməklik göstəriblər. Qızılını, gümüşünü sataraq cəbhəyə zəruri mal və materiallar, isti geyim, meyvə qurusu, digər qida məhsulları göndərən naxçıvanlılar da az olmayıb. 
    “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər...”,  – deyən ümummilli liderimiz Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyi muxtar respublikamızda veteranlara qayğı göstərilir, onların bütün problemləri həll edilir. İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi gücləndirilir. Dövlət başçısının müvafiq fərman və sərəncamı ilə İkinci Dünya müharibəsi  zamanı sağlamlıqlarını itirənlərə və digər iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri təyin olunaraq ödənilir. Aylıq təqaüdlə yanaşı, bütün İkinci Dünya müharibəsi veteranlarına pensiya təyin olunur. Hər il 9 May – Qələbə Günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamları imzalanmaqla İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilir. Həmçinin İkinci Dünya müharibəsi veteranları mənzillə, minik avtomobilləri ilə təmin olunur, bu kateqoriyadan olan vətəndaşların bərpa müalicəsi, sanator-kurort yollayışları, tənha yaşadıqları halda evlərində sosial məişət xidmətləri ilə təminatı diqqətdə saxlanılır. 
    Sevindiricidir ki, bu gün muxtar respublikamızda yetişən gənclərimiz Vətənimizin müdafiəsində veteranların təcrübəsindən istifadə edərək qəhrəmanlıq nümunələri göstərir, Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü qoruyurlar.  Məhz 2020-ci ildə 44 gündə biz bu nümunəni bir daha gördük. Uzun illərdir, düşmən tapdağı altında qalan torpaqlarımız qeyrətli Vətən oğullarının şücaəti hesabına işğaldan azad edildi. Burada naxçıvanlılar xüsusilə seçildilər, onlar qəhrəmancasına döyüşdü, şəhidlik zirvəsinə ucalaraq əbədiyyətə qovuşdular. Nəsillərdən-nəsillərə ötürülən vətənpərvərlik əzm və iradəsi, Vətən uğrunda hər cür şücaətə, fədakarlığa hazır olmaq, şəhid və qazilərimizə, müharibə iştirakçılarına hörmət və ehtiram gələcək nəsillər üçün də ən ali dəyər, örnək olacaq.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 06.05.2022 22:41