AZ EN RU

Tariximizdə “Böyük Qayıdış”ın simvolu Cəbrayıl

4 oktyabr Cəbrayıl Şəhəri Günüdür

    Bu gün tarixin dolanbac künc-bucağında yadelli işğalçıların yağmalarına dözüb divlər sarayında nər igidlər böyütmüş, “Qız qalası”nın təpəsinə gözətçi qoyub, qoynunda Xudafərini bəsləmiş, aşıqların ulu babası Aşıq Qurbaninin, Aşıq Pərinin, Muğrum Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın Vətənidir Cəbrayıl. Özünü vətəndə vətənsiz insan kimi hiss etməyin ağrısıdır Cəbrayıl. Yoxluğunun ağrısında ürəyi qubar eləyən mərd oğulların bu hicrana dözməyib, 30 illik ayrılıqdan sonra başını almış qara buludları şimşək olub doğradı, öz canlarından can qoparıb torpağına yeni nəfəs, göyünə sonsuz mavilik qatdı. 

Qədim Şərq mədəniyyətini qovuşduran tarixi məkan

Başdan-ayağa fəxarət, qürur, şərəf qoruyucuları ilə dolub-daşan bu diyar hər səhər Günəşin al şəfəqlərində öz gücünü qalxan edib Azərbaycanın qanayan yaralarını sağaldır, hər gecə səssizliyə bürünüb, qoynunda yatan yüzlərlə şəhidin qanı sayəsində nəfəs alır. Cəbrayıl! Neçə-neçə igidin ömür payını ömrünə qatan, neçə-neçə anaların göz yaşı axıtdığı, oğul deyə bağrına basdığı diyar! Nə çox dağ çəkildi bağrına, nə çox göz yaşı qurutdun torpağında... Sayı yox, hesabı yox. Araz çayı üzərində köksündən yaralanan Xudafərin 30 il diz çökmədən, qürurla hər gün yolunu gözlədi Azərbaycanının. Tağlarını hər gün Araz yudu, gün qurutdu, bağrı yansa da, bağrı çatlasa da, dözdü, dayandı. Sən daha da yara almayasan, sən daha da sınmayasan deyə, Fəridlər, Elçinlər, Şahinlər, Nicatlar, Anarlar bir-birinə sipər olub sənə tuşlanan gülləyə hədəf olub, öz qanları ilə sənin xəmirini yenidən yoğurdu. 33 Cəbrayıl igidi sənin son azadlıq çırpınışlarına qalxan olub taleyini sənin taleyinə bağlayaraq ölümsüzlüyə yol aldı.
    Xudafərin! Afərin sənə, dayaq, afərin sənə aşılmaz körpü! İllərlə düşmənin murdar ayağı altında əzilmədən, qırılmadan, güclü qaldın! Cənub-şimal bütövlüyündə körpü oldun! Qəhrəman ayaqların gəlib-keçdiyi, qaçıb keçdiyi şahidlik rəmzi oldun. Oğulların qaçaraq sığındığı, can verdiyi liman oldun! Axan qanlarla torpağımıza bərkidildin. Ona görə səndən oxuyuruq tarix adlı türkün qan kitabını, səndən güc alaraq yazırıq zəfər dastanlarını, igidlik salnamələrini...
    Cəbrayıl Kür-Araz və Qədim Şərq mədəniyyətinin qovuşduğu tarixi məkandır. Bunu Cəbrayıl bağrına basdığı mağaralar, siklop tikililəri, daş üzərində müxtəlif naxışlar, qədim yaşayış yerləri, istehkam və qəbiristanlıq qalıqları ilə təsdiq edir. 
    Cəbrayıl rayonu Azərbaycanla İran sərhədində – Araz çayının sol sahilində yerləşir. Tarixi vərəqlədiyimiz zaman H.Qəzvini, A.Bakıxanov, Əhməd bəy Cavanşir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəlbəy, Məhəmmədhəsən bəy Baharlı və Mirzə Həsən Əfəndinin əsərlərində bu torpaq haqqında sinədolusu məlumat verilir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Qasım bəy Zakir və Cəlil Məmmədquluzadə də Cəbrayılın adət-ənənələri, mədəniyyəti ilə bağlı silinməz fikirlər söyləyib. 
    Deyilənlərə görə, Cəbrayıl tarixi şəxsiyyət olub, Ziyarət dağından Araz çayına qədər torpaqlar da onun övladlarına məxsus olub. Bu müqəddəs şəxs “Cəbrayıl ata” deyilən yerdə dəfn edilmişdir. Doğrudan da, Cəbrayıl kəndinin şimalında “Cəbrayıl ata” adlı məqbərə, Kordubaba dağında məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Qumlaq, Veysəlli, Alıkeyxalı və Şahvəlli kəndlərinin camaatı da özlərini Cəbrayılın nəslindən hesab edir. 
    Cəbrayıl igidləri hər zaman vətənpərvərlikləri ilə düşmənə qan uddurublar. Hələ II Dünya müharibəsində 4242 nəfər səfərbərliyə cəlb olunmuş, 1672 nəfər döyüşlərdə şəhid olmuşdur. Bu döyüşlərdə Cəmil Əhmədov, Mahmud İsmayılov, Balay Səfərov, Fərhad Fətəliyev, Bilal Əliyev, Şahı Hüseynov, Gürşad Şərifov, Dünyamalı Rüstəmov və bir çoxları böyük fədakarlıq göstərib canlarını Vətən yolunda sipər etdilər. 
    Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə yaranmış, işğaldan əvvəl ərazisi 1050 kvadratkilometr, 23 inzibati ərazi nümayəndəliyi olmaqla, 1 şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olmuşdur. Rayonun ərazisində çoxlu yazılı abidələr vardır ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir. Əhali işğaldan əvvəl, əsasən, üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul idi. Son illər 60 min tondan yuxarı üzüm istehsal olunurdu. Rayonda tikiş, xalça, cihazqayırma sexləri və müxtəlif sənaye obyektləri fəaliyyət göstərirdi. Elm, mədəniyyət bu torpaqda həmişə inkişaf edib. İşğaldan əvvəl rayonda 72 məktəb,                    3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 78 kitabxana və sair fəaliyyət göstərirdi. Rayon tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonun tibb müəssisələrində 92 həkim, yetişməkdə olan nəslin təlim-tərbiyəsi ilə 1600-dən çox müəllim məşğul olurdu.
    Cəbrayıl rayonu 1993-cü il avqust ayının 23-də əzəli və əbədi düşmənlərimizin tapdağı altına keçdi. 1050 kvadratkilometri əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazilərdə birlikdə 72 ümumtəhsil məktəbi,               8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd büsbütün ermənilərin işğalına məruz qaldı, vəhşicəsinə dağıdıldı. Qarabağ müharibəsində 362 nəfər şəhid olmuş, 191 nəfər əlil olmuş, 90 nəfərə yaxın isə əsir və itkin düşmüşdür. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan 6 nəfər Şikar Aslanov, Kazım Məmmədov, Mətləb Quliyev və başqaları Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Böyük Qayıdış Cocuq Mərcanlıdan başladı…

    2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 24 yanvar tarixli Sərəncamına əsasən işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 50 ev, 96 şagird yerlik məktəb və məscid tikilərək istifadəyə verilib. 30 may 2018-ci il tarixdən sakinlər kəndə köçürülüb. Cəmi 4 il sonra Cəbrayıl şəhəri və rayonun 90 kəndi Ermənistan işğalından azad olunmuşdur. Cəbrayıl rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.
    Müstəqil Azərbaycanımızın memarı dahi şəxsiyyət Heydər Əliyevin də dediyi kimi: “Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o yüksək dağları, çeşmələri, İstisuyu – biz onlarsız heç vaxt yaşaya bilmərik. Heç vaxt Azərbaycanı bu gözəl guşələrsiz təsəvvür edə bilmərik”. Bu gün o yolun sadiq davamçısı Müzəffər Ali Baş Komandan ata vəsiyyətinə sahib çıxdı, haqq səsini dünyaya çatdıraraq bildirdi. 
    44 gün ərzində Cəbrayıl şəhəri, rayonun 90 kəndi  Ermənistan işğalından azad olundu. Həmin il noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyev Füzuli və Cəbrayıl şəhərlərində səfərdə oldu. Dövlətimizin başçısı Xudafərin körpüsü üzərində, Cəbrayıl şəhərində qalibiyyət rəmzi olan şanlı Azərbaycan Bayrağını yüksəkliklərə qaldırmaqla xalqımıza  qürur və fəxarət dolu anlar yaşatdı. Bu səfər ermənilərin talan etdiyi Cəbrayılı bütün dünyaya erməni vandalizminin sübutu kimi sərgiləməklə də əhəmiyyət daşıdı.
    2021-ci il fevralın 14-də dövlətimizin başçısı Cəbrayıl rayonuna növbəti səfəri zamanı kənd təsərrüfatı sahəsinin sürətli inkişafını diqqətdə saxlamış, 7 min hektarda əkin işləri aparılmışdır. Həmin il aprelin 26-da Cəbrayıl rayonuna yenidən səfər edən Prezident cənab İlham Əliyev rayonun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” lövhəsini bərpa etmiş, Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak etmişdir. 
    2021-ci il oktyabrın 4-də Cəbrayılın işğaldan azad olunmasının birinci ildönümündə dövlət başçımızın növbəti səfəri zamanı Cəbrayılda “KamAZ” Açıq Səhmdar Cəmiyyəti ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoydu. Ölkə başçısı 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi. Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident cənab İlham Əliyev bu görüşün xüsusi məna daşıdığını bildirərək dedi: “Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir…biz düşmənin müdafiə xəttini məhz bu istiqamətdə yara bilmişik”.
      2022-ci il mayın 26-da  ölkə başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər edərək  Soltanlı stansiyasının, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 330/110 kilovoltluq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak etdilər. Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyalarına, oradan isə Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, 1000 meqavat yükötürmə qabiliyyətinə malik olmaqla ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq, “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarının, o cümlədən “BP Cəbrayıl” Günəş Elektrik Stansiyasının enerji sistemə inteqrasiyasını həyata keçirmək üçün 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir.“Cəbrayıl” enerji qovşağı beynəlxalq enerji dəhlizinin yaradılması sahəsində ölkəmizin əhəmiyyətinin bariz nümunəsidir.
     Prezident cənab İlham Əliyevin sentyabrın 28-də Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində Cəbrayıl şəhərində inzibati binanın təməlinin qoyulması, burada inşa edilən ilk yaşayış məhəlləsi – 718 mənzildən ibarət Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanışlıq, ümumilikdə, 1833 mənzildən ibarət olması nəzərdə tutulan Şirvan, Lənkəran və Yevlax Yaşayış kompleksləri, bundan başqa, 960 şagird yerlik orta məktəb binası və 80 yerlik uşaq bağçasının da tikilməsi üçün görülən işlər, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi  Azərbaycanın öz halal torpaqlarına sahib çıxmaq qüdrəti və siyasi iradəsi olmaqla yanaşı, həm də doğma Qarabağımız uğrunda canından keçərək şəhidlik məqamına yüksəlmiş qəhrəman Vətən oğullarımızın xatirəsinə ən böyük ehtiramdır
    Ey ulu yurdumuz, Cəbrayıl! Sən Aşıq Qurbaninin, Humayın, Kərimin keçmiş sazısan! Dilləndirsən susmayan, ürəklərə söz doldurub, köz vuran Dədəm Qorqudun ayaq izi, irs qaynağı, saz yolusan! Azərbaycanın tarix adlı kitabında qayıdışın simvolusan! Qayıdışına qurban olan minlərlə cansan! Hər şeyin başlanğıcı, unudulmazı, əbədi iz yolusan! Azərbaycan təki sən qayıdasan deyə ər kimi meydanlara doldu-daşdı! Sənin torpağın biləklərdə güc, dizlərdə taqət olub axıb-daşdı: “Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Fariz  ƏHMƏDOV

Nəşr edilib : 03.10.2023 22:37