AZ EN RU

Tarixi Zəfərimiz beynəlxalq səviyyədə biz azərbaycanlılara olan münasibəti müsbət mənada dəyişib

Sedat ŞAMİLLİ

“Xarıbülbül” Dünya Azərbaycanlıları 
Mədəniyyət Assosiasiyasının sədri 

    Müsahibimiz “Xarıbülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının sədri Sedat Şamillidir. Artıq 2 ildir, Polşada yaşayan həmvətənimiz 1996-cı ildə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olub. Orta təhsilini Şəki rayonunda başa vuraraq Bakı Dövlət Universitetində Yaponiya üzrə Regionşünaslıq ixtisasında ilk bakalavr təhsilini alıb. İkinci bakalavr təhsilini Türkiyə Respublikası Rəcəb Tayyib Ərdoğan Universitetində Siyasət və xalq idarəsi ixtisası üzrə alan müsahibimiz, 2021-ci ildə magistr təhsili almaq üçün Polşa Respublikasına yollanıb. Varşavada İqtisadiyyat və İnsan Elmləri Universitetinin İqtisadiyyat və mühasibat ixtisasını bitirən gənc həmvətənimiz təhsil aldığı illər ərzində ölkədaxili olimpiadalarda nailiyyətlər əldə edib. Azərbaycanda və qardaş ölkə Türkiyədə fəaliyyət göstərən həmkarlar ittifaqı, gənclər birliyi kimi təşkilatlarla əməkdaşlıq edib. Siyasi biliyini artırmaq məqsədilə debatların iştirakçısı olub.
    Müsahibimiz diaspor fəaliyyətindən xüsusilə bəhs etdi: “2021-ci ildən Polşa Respublikasında diaspor fəalı olaraq dövlətçiliyimizi təbliğ etmək məqsədilə fəaliyyətə başlamışam. 2022-ci il dekabrın 1-dən Polşa Respublikasında qurulmuş və Avropa İttifaqından rəsmi qeydiyyatdan keçmiş “Xarıbülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının sədri seçilmişəm və diaspor işlərinə bu minvalla davam etmişəm. Eyni zamanda 5 iyul 2023-cü ildə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilmiş Polşa üzrə koordinator seçimlərində koordinator seçilmişəm”. 
    Sedat Şamilli deyir ki, xaricdə yaşayan bir Azərbaycan gənci olaraq ölkəmizin mənafeyini hər şeydən üstün tuturam. Bizimlə burada yaşayan azərbaycanlı vətəndaşlara əlimizdən gələn dəstəyi göstərir, onların rifah içində yaşaması üçün genişmiqyaslı işlər görməyə çalışırıq. Avropa mühitində Azərbaycan cəmiyyətinin ən yüksək şəkildə təmsil olunması, adət-ənənələrimizin, dövlətçiliyimizin təbliği birinci növbəli hədəflərimizdəndir. Burada keçirdiyimiz siyasi, elmi və mədəni tədbirlər xalqımızın, onun tarixi, mədəni irsinin ən layiqli şəkildə tanıdılması üçündür. İkinci Qarabağ müharibəsində Ali Baş Komandan  cənab İlham Əliyevin başçılığı ilə qazandığımız tarixi Zəfər beynəlxalq səviyyədə biz azərbaycanlılara olan münasibəti müsbət mənada dəyişib. Azərbaycan gəncliyi Azərbaycanın gələcəyi üçün əsas sütun daşıdır, bu sütun daşının möhkəmliyi elm və təhsildən keçir. Biz, öz növbəmizdə, təhsil üçün Polşaya gəlmiş gənclərin uğur əldə etməsi və karyera qurması istiqamətində dəstək oluruq və əminik ki, bu, həmrəyliyimiz və diasporumuzun güclənməsi naminə onların gələcək fəaliyyətlərinə müsbət mənada təsir göstərəcəkdir.
   Müsahibimiz son olaraq 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə öz arzularını da ifadə edir: “Dünya azərbaycanlılarının birliyinin rəmzi olan həmrəylik günü münasibətilə xalqımızı təbrik edirəm, dövlətçiliyimizin inkişafı məqsədilə görülən hər işdə uğur arzu edirəm”. 

Nəşr edilib : 19.12.2023 18:44