AZ EN RU

Tarixi yaddaşımızın qanlı səhifələri-mart soyqırımı

XX əsrin sonlarında Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra tariximizin qaranlıq səhifələrini, o cümlədən bu səhifələrin ən qanlı hissəsini təşkil edən, mənfur qonşularımız olan ermənilər tərəfindən xalqımıza qarşı tətbiq edilən soyqırım hadisələrini araşdırmaq imkanı əldə edilmiş oldu. Tarixdə baş vermiş hadisələrin doğru-düzgün işıqlandırılması bəşəriyyəti düşündürən ən vacib və mühüm məsələlərdən biridir. Bu baxımdan sovet hakimiyyəti dövründə araşdırılmasına qadağa qoyulmuş faciəli tariximizin üzə çıxarılması müstəqillik dövrünün ən aktual məsələlərindən birini təşkil edir və ziyalılarımızın, alimlərimizin ən azından vətəndaşlıq borcudur ki, baş verən hadisələri araşdırıb olduğu kimi gələcək nəslə çatdırsınlar.
İstər Azərbaycanda mövcud olan arxivlərdə, istərsə də dünya ölkələrinin, xüsusilədə Rusiya, Türkiyə, Gürcüstan,  bu günkü Ermənistan ( təbii ki, İrəvan arxivlərində saxlanılar materiallar ya saxtalaşdırılmış, ya da tamamilə məhv edilmişdir), Böyük Britaniya arxivlərində Azərbaycan xalqının tarixinin müxtəlif dövrlərini, o cümlədən 1918-1920-ci illərin qanlı hadisələrini  özündə əks etdirən külli miqdarda sənədlər saxlanılır.
Qeyd etdik ki, xalqımıza məxsus olan tarixin ən qanlı səhifələrindən birini 1918-1920-ci illərdə baş verən soyqırım hadisələri təşkil edir. Bu dövrdə baş verən qanlı hadisələr sovet hakimiyyəti dövründə xalqdan gizlədilmiş, bu barədə yazmağa imkan verilməmiş, araşdırılmasına qadağa qoyulmuşdur. Lakin müstəqilliyimizi elan etdikdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tariximizin qaranlıq səhifələrini araşdırmaq üçün bir sıra mühüm əhəmiyyətə malik olan fərmanlar, sərəncamlar imzalamışdır. Bu tarixi sənədlər içərisində 1998-ci il mart ayının 26-da imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı xüsusilə qeyd etmək lazımdır. Ulu öndər bu fərmanı imzalamaqla ilk dəfə olaraq soyqırım hadisələrinə siyasi qiymət vermiş oldu. Fərmanda çox haqlı olaraq vurğulanmışdır ki, “Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”. Soyqırımı haqqında fərmanın imzalanmasından sonra hər il mart ayının 31-i azərbaycanlıların soyqırımı günü kimi anılır. Həmin gün XX əsrdə xalqımızın taleyində baş vermiş ən qanlı, ən faciəli günlərdən biridir.
Bəhs edilən dövrdə baş verən bu qanlı hadisələr bolşeviklər tərəfindən ətraflı şəkildə düşünülmüş şəkildə hazırlanmış bir plan olmaqla bolşevik-erməni birləşmələri tərəfindən həyata keçirilmişdir. Amerika tarixçisi olan Firuz Kazımzadənin 1951-ci ildə Stokholmda nəşr olunmuş “Zaqafqaziya uğrunda mübarizə” (“Борьба за Закавказье”) adlı kitabında qeyd edilirdi ki, “Ermənilər bolşevizm maskası altında müsəlmanların üzərinə hücum etdilər, bir neçə dəhşətli gün ərzində on iki min insanı qırdılar ki, onların arasında qocalar, qadınlar, uşaqlar çox idi”.
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan xalqı milli-azadlıq mübarizəsinə qalxaraq Rusiya imperiyasının boyunduruğundan xilas olmağa çalışırdı. Bu dövrdə Azərbaycanın hər yerində, xüsusilə də Bakıda vəziyyət çox gərgin idi. Bu gərginliyi yaradan amillər içərisində I dünya müharibəsinin gedişində ən önəmli xətlərdən biri olan Batum-Urmiya cəbhə xəttinin Cənubi Qafqazdan keçməsini, Rusiyada baş verən hakimiyyət böhranı ilə əlaqədar bolşeviklərin xalqı sinfi mübarizəyə çağırmalarını və s. göstərməklə yanaşı türkə qarşı dərin nifrət bəsləyən ermənilərin bolşeviklərə qoşulmaqla gələcəkdə onların köməkliyi ilə Azərbaycan torpaqlarında “Ermənistan dövləti” yaratmaq istəklərini də qeyd etməliyik. 
Baxmayaraq ki, bolşeviklər “demokratik” şüarlar irəli sürürdülər, lakin onların bu şüarları Azərbaycan xalqının milli maraqlarını təmin etmirdi. Bolşeviklərin içərisində qeyd etdiyimiz kimi, ermənilərin çoxluq təşkil etmələri milli mənafelərimiz üçün ciddi təhlükə yaradırdı. Həqiqətən də, hadisələrin sonrakı inkişafı sübut etdi ki, ermənilər tərəfindən istiqamətləndirilən bolşevizm xalqımıza faciələrdən başqa müsbət bir şey gətirmədi.
Rusiyada baş verən oktyabr çevrilişindən sonra Qafqaz cəbhəsinin dağılması və cəbhəni özbaşına tərk edən əsgərlərin yolun bağlı olması ilə əlaqədar olaraq Bakıda qalmaları, bu əsgərlərin içərisində ermənimlərin çoxluq təşkil etməsi xalqımız üçün ciddi təhlükəyə çevrilmişdi. Eyni zamanda, türk ordusu tərəfindən biabırcasına məğlub olaraq qaçan erməni quldur dəstələri də bu məğlubiyyətin əvəzini Azərbaycan torpaqlarında əhalini qırmaqla çıxmağa çalışırdılar. Bütün bunlar isə Leninin “Türkiyə Ermənistanı” haqqında verdiyi dekreti Türkiyə ərazisində həyata keçirə bilməyən Şaumyana şərait yaradırdı ki, Azərbaycan torpaqları hesabına “Ermənistan dövləti” yaratsın.
Nəhayət, ermənilərin hazırladıqları təxribat nəticəsində mart ayının 30-dan etibarən Bakıda erməni-bolşevik hərbi birləşmələrinin xalqımıza qarşı qırğınlar həyata keçirilməyə başlandı. Qısa zaman ərzində kiçik bir qığılcım böyüyərək böyük bir yanğına çevrildi. Bəllidir ki, Azərbaycan türklərinin Bakıda başlanan qırğını bununla məhdudlaşmadı. Mart ayının 31-dən aprel ayının 2-dək Bakı ilə yanaşı Salyanda, Neftçalada, Şamaxıda, Qubada, Lənkəranda və s. ətraf ərazilərdə 50-min nəfərdən artıq azərbaycanlı erməni vandalizminin qurbanına çevrildilər.
Mart soyqırımının baş verməsindən az sonra, yəni uyun ayında o dövrkü xarici İşlər naziri Məmməd Həsən Hacınski tərəfindən soyqırımı hadisələrinin araşdırılması üçün istintaq komissiyasının yaradılması təklif edilir. Avqustun 31-də hökumətin sədri, eyni zamanda xarici işlər naziri olan F.x.Xoyski tərəfindən Gəncə şəhərində imzalanan qərara əsasən bu komissiya yaradılır. Bu komissiyanın yaradılmasında məqsəd mart hadisələri və ondan sonrakı dövrdə qətlə yetirilmiş əhalinin sayını, xalqımıza dəyən maddi və mənəvi zərəri müəyyənləşdirmək idi. Qısa müddət ərzində ermənilər tərəfindən  Azərbaycanda və İrəvan quberniyasında xalqımıza qarşı həyata keçirilmiş soyqırım hadisələrini araşdırmaq məqsədilə Ələkbər bəy Xasməmmədovun sədrliyi ilə 7 nəfərdən ibarət yaradılmış Fövqəladə İstintaq Komissiyasının 36 cilddən ibarət hazırladığı materiallar bəhs edilən dövrün qanlı hadisələrini araşdırmaq baxımından çox böyük əhəmiyyətə malikdir. Bu materiallarda istər Bakıda, istərsədə ətraf ərazilərdə ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı 1918-ci ilin mart ayından başlayaraq törədilmiş qırğınlar haqqında xeyli sənədlər var. Bu sənədlər erməni vəhşiliklərini bütün çılpaqlığı ilə üzə çıxarır. 
1918-ci ilin mart ayında baş vermiş soyqırımı xalqımızın yaddaşında qanlı faciə kimi qalmışdır. Baxmayaraq ki, sovet hakimiyyəti dövründə tariximizin bu qanlı səhifələrini bütün vasitələrlə unutdurmağa çalışmışdılar, lakin bunları insanlarımızın yaddaşından silmək mümkün olmamışdır. Sovet imperiyasının dağılmasından və müstəqilliyimizin elanından sonra arxivlərə, xüsusilə də Xalq Cümhuriyyəti ilə bağlı qoyulmuş bütün qadağalar ortadan qaldırıldı, dövlət rəmzlərimiz, himnimiz bərpa edildi və xalqımız öz tarixi keçmişinə sahib çıxdı. Azərbaycan Xalq Cümhuriyyəti dövrünə çox yüksək qiymət verən ulu öndər qeyd edirdi ki, “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü-Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Abdulla Mustafayev
“Ümumi tarix” kafedrasının dosenti

 

Nəşr edilib : 31.03.2023 11:24