AZ EN RU

Tarixi türk torpağı Göyçə mahalı və onun bənzərsiz Göyçə gölü

Tarixi Azərbaycan torpaqlarımız

    Rus yazıçısı Maksim Qorki yazırdı: “Bu göl sanki dağlar qoynuna düşmüş səmanın bir parçasıdır”. Bu gün də bənzərsizliyi, sehri, gözəlliyi ilə diqqəti cəlb edir  Göyçə gölü. Tarix boyu ən gözəl, səfalı, bərəkətli torpaqlarımızı yağmalayan ermənilər təbiət gözəli Göyçəni də əlimizdən alıblar...
    Tarixən türk tayfalarının yurdu olub Göyçə mahalı. Türk mənşəli kimmer, iskit, sak tayfaları burada yerli türk əhalisinin mövqeyini daha da gücləndirib. “Kitabi-Dədə Qorqud” dastanında da Göyçə mahalı Oğuz türklərinin Vətəni kimi təsvir olunur, həmçinin burada Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponim adları  çəkilir.  Tarixi materiallara istinadən deyə bilərik ki, zaman-zaman türk mənşəli Saci, Salari və Rəvvadilərin, Səlcuq imperiyasının, Atabəylər, Hülakü, Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin tərkibində olan Göyçə mahalı Səfəvilər dövründə Çuxursədd bəylərbəyiliyinin ərazi inzibati vahidlərindən biri olub. Türk tayfalarının idarə etdiyi bəylərbəyilik Səfəvi-Osmanlı müharibəsi dövründə ciddi dağıntılara məruz qalıb, İstanbul sülh müqaviləsi ilə Osmanlı imperiyasının tabeliyinə keçib. XVIII əsrdə Çuxursədd bəylərbəyiliyi İrəvan, Naxçıvan və Maku əyalətlərini əhatə edib və Əfşarlar imperiyasının hüdudları daxilində Azərbaycan inzibati ərazisinin tərkibində olub.  Nadir şahın ölümündən sonra Göyçə gölü ətrafında yaranan İrəvan xanlığının tərkibinə daxil olan Göyçə mahalı xanlığın şimal hissəsini əhatə etməklə həm ərazisinə, həm də əhalisinin sayına görə ən böyük mahal hesab edilib. 
    Türkmənçay (1828-ci il) müqaviləsi ilə İrəvan xanlığı Rusiyanın tərkibinə daxil edilmiş, Azərbaycanın qədim və tarixi torpaqlarında yeni inzibati bölgü – “Erməni vilayəti” yaradılmışdı. Həmin illərdə həyata keçirilən siyahıyaalmanın nəticəsinə görə, Göyçə mahalı ərazisində 59 dağıdılmamış kənd qalmışdı. Bığlı Hüseyn, Zeynalağalı, Rəhmankənd, Ağqala, Qızılçıq (Əbülkənd), Qışlaq, Kəvər, Qul-Əli, Kosa Məmməd, Paşakənd, Dəliqardaş, Başkənd, Təzəkənd, Dəlikdaş, Gölkəndi, Aşağı Adyaman, Yuxarı Adyaman, Əbdul Ağalı, Gözəldərə, Ağqıraq, Alçalı, Qızılbulaq, Basarkeçər, Kəsəmən, Ardanış, Ağbulaq, Toxluca və sair kəndlər mahala daxil idi. 
    XIX əsrin ortalarında əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edən Göyçə gölü hövzəsi torpaqlarında  yeni inzibati ərazi vahidi Nor-Bayazit (Yeni Bəyazid) qəzası təşkil edildi. Bu addımı atmaqla çar hökuməti tarixi Azərbaycan ərazilərini tədricən planlı şəkildə erməniləşdirmək məqsədi güdürdü. Qəza inzibati cəhətdən 4 nahiyəyə – Dərəçiçək, Göyçə, Gözəldərə, Məzrəyə bölünürdü. Göyçə gölü və gölün sahilyanı əraziləri qəzanın şimal-şərq və cənub-qərb ərazilərini bir-birindən ayırırdı. 
    XX əsrin 20-ci illərində çar üsul-idarəsinin devrilməsi və müstəqil dövlətlərin yaranması bölgədə yeni reallıq yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti tarixi torpaqlarımızın yenidən dövlətimizin tərkibinə qatılması üçün çalışsa da, İrəvan, eləcə də Eçmiədzin qəzası Ermənistana verildikdən sonra ermənilər Qarabağın dağlıq hissəsinə də iddialarla çıxış etdilər. Nəticədə, Azərbaycanın tərkib hissəsi olmuş, sonralar İrəvan xanlığının ərazisi olan torpaqlar – Göyçə mahalının qərb hissəsi də əldən çıxdı, gölün şərq hissəsi “Göyçə dairəsi” statusu ilə Cümhuriyyətin tərkibində qaldı. Beləliklə, Göyçə gölü Azərbaycan və Ermənistan arasında sərhəd zonasına çevrildi. Tarixi Azərbaycan torpağı olan İrəvanın işğalından sonra yerli türk əhalisinə qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasəti, planlı şəkildə ermənilərin köçürülməsi  nəticəsində bu ərazilər Azərbaycandan zorla qoparıldı... Göyçə mahalının Kəvər rayonuna daxil olan Ağzıbir,  Ağqala, Başkənd, Qul Əli, Küzəcik, Kərimkənd, Kosa Məmməd, Nərədüz, Məmmədağalı, Qışlaq və digər kənd­lərində mövcud olan tarixi abidələr  alban memarlıq abidələri kompleksinə daxil olmaqla həm də ulu keçmişimizdən xəbər verir. Bu abidələrin, qəbirlərin bir çoxu vətəndaşlarımızın deportasiyasından sonra dağıdılıb, qarət edilib. Ümummilli Lider Heydər Əliyev ermənilərin tarixboyu soydaşlarımıza qarşı apardığı etnik təmizləmə, soyqırımı siyasətini belə ifadə etmişdi: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir”.
    Göyçə adının etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bir sıra tədqiqatçılara görə, bu ad Göyçə gölünün adından götürülüb, Göyçay sözünün tədricən dəyişilərək Göyçə formasına düşməsi əsasında əmələ gəlib. “Kitabi-Dədə-Qorqud” dastanında isə Göyçə gölünün adı Göyçə, Gökcə, Gökçe dəniz formalarında qeyd edilib. Tarixçi İsgəndər bəy Münşinin “Tarixi-aləm­arayi-Abbasi” əsərində gölün adı Gökcə (Göycə) dənizi və ya Gökcə Təngiz kimi əks olunub. Göyçə gölünün adının Göyçək xanımın eşqinin həsrətindən yaranan bir rəvayətdən götürüldüyü də deyilənlər arasındadır.  Erməni və rus mənbələrində isə bu göl Göyçay (Sinaya-Voda), Sevan, Qeqam, Qeqarkuni kimi qeyd edilir. Ermənilər bir çox tarixi torpaqlarımız, abidələrimiz kimi Göyçə gölünün də tarixi adını saxtalaşdıraraq Sevan qoyublar. 
    Dünyada ən gözəl göllərdən biri sayılan, Qafqazın incisi Göyçə gölünün sahəsi 1200 kvadratkilometrdir. Bu illər ərzində ermənilər Azərbaycanın digər gölləri, çayları kimi Göyçə gölünü də ekoloji terrorun qurbanına çeviriblər. Ekspertlər son illərdə göldə su səviyyəsinin, suyun şəffaflığının azaldığını, bataqlaşma prosesinin və zərərli mikroyosunların sürətlə yayılmağa başladığını qeyd edirlər. Gölün ekoloji vəziyyətinin diqqətdə saxlanılmaması, natəmizlik, suyun çirkləndirilməsi və Ermənistanın suvarmanı gölün suları hesabına həyata keçirməsi faciəli nəticələrə yol açıb. Qayğısızlıq nəticəsində göldə balıqların sayı xeyli azalıb, ya da ki ovlanaraq talan olunub. Göyçə gölü ağır vəziyyətdən xilas edilməzsə, tamamilə məhv ola, ekoloji faciə baş verə bilər. Tarixən Azərbaycanın sərvəti olan bu gölün belə qəddarcasına istismarı erməni vəhşiliyinin, ekoloji terrorunun növbəti təzahürüdür. Lakin digər torpaqlarımız, ərazilərimiz kimi Göyçə gölünü də erməni caynağından və terrorundan xilas edəcəyik. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi bunu deməyə imkan verir.  
    Ulu Öndər Heydər Əliyev Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində Göyçə mahalından didərgin düşmüş göyçəlilərin daim qayğısına qalmış, onların sosial-məişət şəraitini hər zaman diqqətdə saxlamışdı. Ümummilli Lider 2002-ci il sentyabrın 13-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində göyçəlilərlə görüşü zamanı onların bir gün öz doğma yurdlarına qayıdacaqlarını söyləmiş, əminliyini bildirmişdir ki, göyçəlilər öz doğma dağlarını, bulaqlarını, şəhərlərini görəcək, ata-babalarının qəbirlərini görəcəklər. Bu gün Prezident cənab İlham Əliyev Ulu Öndərimizin yolunu uğurla davam etdirir. Ölkə başçımız  ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə demişdi: “Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Bu gün yerləşdiyimiz yüksəkliklərdən, hətta Naxçıvan dağları da görsənir”. Bu fikirlər bütün göyçəlilərə yaşadıqları torpaqlara dönmək, Aşıq Ələsgərin, Aşıq Alının, Ağ Aşığın gözəl yurdu, aşıqlar diyarı Göyçəmizə, Göyçə gölümüzə qovuşmaq ümidləri verir. Naxçıvandan Göyçəyə gedən yollarla Vətəndən-vətənə qovuşacağımız gün elə də uzaqda deyil. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 11.08.2023 18:38