AZ EN RU

Tarixi sərvətimiz olan muzeylər

UNESCO-nun Beynəlxalq Muzeylər Şurasının 1977-ci ildə qəbul etdiyi Qərara əsasən 18 may bütün dünyada “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edilir. Bu bayram, bir qayda olaraq, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Bu günün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini mədəni irsə cəlb etməklə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək göstərməkdən ibarətdir.    
Ölkəmizdə muzey işinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət ölkəmizə rəhbərliyinin hər iki dövründə Azərbaycanın tarixi-mədəni irsinin qorunması, öyrənilməsi və təbliği məsələlərini daim diqqətdə saxlamışdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsinə, onun maddi-texniki bazasının gücləndirilməsinə böyük əhəmiyyət vermişdir.
“Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”, – deyən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində də muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Muzey işçilərinin respublika müşavirəsi keçirilmiş, “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” Qərar qəbul edilmişdir. 2000-ci ildə qəbul edilən “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bunlarla bağlı münasibətləri tənzimləyir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu sahədə uğurlu addımlar atılır, mühüm işlər həyata keçirilir. Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı və 2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı” bu sahənin hüquqi bazasının formalaşmasına, dünyanın nüfuzlu muzeyləri ilə əlaqələrin genişlənməsinə imkan yaratmışdır. 
Son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənmiş, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində Şirvanşahlar Sarayı Kompleksi, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Dünya irsi siyahısına daxil edilmişdir.
Muxtar respublikamızda da muzey işinin özünəməxsus inkişaf tarixi vardır. 1896-cı ildə böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadə Nehrəm kənd məktəbində muzey yaratmaq təşəbbüsü ilə Xalq Məktəbləri İdarəsinə yazılı müraciət etmiş və Azərbaycanda ilk dəfə olaraq bu kənd məktəbində Naxçıvanın tarixinə dair maddi mədəniyyət nümunələrinin toplandığı muzey yaratmışdır. Azərbaycan Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin 1924-cü il 30 oktyabr tarixli Qərarına əsasən Naxçıvanda Tarix-Etnoqrafiya Muzeyi təşkil edilmişdir. 1926-cı ildə Naxçıvan şəhər sakini Balabəy Əlibəyovun yaratdığı şəxsi muzey dövlət muzeyi kimi fəaliyyət göstərməyə başlamışdır. 
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə Bəhruz Kəngərli Muzeyi və Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışı olmuş, dahi rəhbərin adını daşıyan ilk muzey Naxçıvanda yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 10 may tarixli Qərarı ilə Ulu Öndərin zəngin və çoxşaxəli irsinin öyrənilib təbliğ edilməsindəki aktiv rolunu, zəngin fond eksponatlarını, müxtəlif səciyyəli elmi konfransların, seminarların, interaktiv dərslərin, görüşlərin təşkil edilib keçirildiyini və muxtar respublikanın həyatında müstəsna rolunu nəzərə alaraq Heydər Əliyev Muzeyinə “muxtar respublika” statusu verilmişdir.
Hazırda muxtar respublikada fəaliyyət göstərən mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən minlərlə eksponat toplanmışdır. Muzey fondlarının mütəmadi zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu gün muxtar respublika sakinlərinin evlərində olan qədim maddi mədəniyyət nümunələrinin muzeylərə təqdim edilməsi, incəsənət nümayəndələrinin öz əsərlərini muzeylərə bağışlama ənənəsi var. Təbii ki, bu da muzey fondlarının zənginləşdirilməsinə xidmət etməklə yanaşı, tarixi-mədəni irsimizin qorunması və təbliğinə də şərait yaradır. 
Muxtar respublikamızda fəaliyyət göstərən muzeylərdə mütəmadi olaraq Azərbaycanın tarixi və mədəniyyəti, görkəmli şəxsiyyətlərimizlə bağlı açıq və interaktiv dərslər, görüşlər, kitab müzakirələri, mühazirələr təşkil olunur, sərgilər qurulur, uşaq və yeniyetmələrin, gənclərin muzeylərlə əlaqələrinin möhkəmləndirilməsi üçün müxtəlif layihələr həyata keçirilir. Naxçıvanda bir sıra muzeylərin internet saytının istifadəyə verilməsi muzey ekspozisiyalarını internet üzərindən virtual olaraq birbaşa izləmək imkanı yaradır.
Öz tarixi dəyərlərinə bağlı, milli-mənəvi dəyərlərini sevən, tanıyan, təbliğ edən gəncliyin yetişdirilməsində, heç şübhəsiz, mədəniyyət ocaqlarının, muzeylərin üzərinə böyük məsuliyyət düşür. Naxçıvan Muxtar Respublikasında da qeydə alınan mədəniyyət abidələrinin bir çoxu artıq illərdir ki, muzey kimi fəaliyyətə başlamış və minlərlə tamaşaçıya muzey xidməti göstərir. Belə misilsiz abidələrdən biri də Naxçıvan şəhərində Əcəmi seyrəngahında ucalan, memar Əcəminin şah əsəri olan Möminə xatın türbəsidir. Türbə XII əsr Azərbaycan memarlıq məktəbinin gözəl incilərindən olmaqla yanaşı, təkcə Azərbaycanda deyil, eləcə də İslam dünyasında qadın şərəfinə, ana şərəfinə ucaldılan ən uca və incə kompozisiyalı abidələrdən sayılır. 
Bu gün də Naxçıvan şəhərinin mərkəzində öz əzəməti ilə yüksələn, ömrü amansız ruzigarlarla qarşılaşmış vüqarlı, dəyanətli, mükəmməl memarlıq abidəsi xalqımızın daş abidələrə olan dəyər və qayğısının göstəricisidir. Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri olan Möminə xatın türbəsi “Naxçıvan məqbərələri” tərkibində 30 sentyabr 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mənəvi İrsin ilkin siyahısına daxil edilmişdir. Həmçinin UNESCO-nun Baş Kofransının 42-ci sessiyasında görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyi 2024-2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər sırasına daxil edilib. 
Ən qədim insan yaşayış məskənlərindən olan Naxçıvanda sənətkarlıq və mədəniyyət də böyük inkişaf yolu keçib. Bu torpağın hər qarışı tarixin müəyyən dövründən soraq verir, əcdadlarımızın həyat tərzi və yaşayışı haqqında dolğun təəssürat yaradır. Zəngin tarixi-mədəni irsimiz təkcə memarlıq abidələrində deyil, həm də daş abidələrdə yaşayır. Hazırda dünyanın bir çox ölkələrində müxtəlif mövzuları əhatə edən açıq səma altında muzeylər fəaliyyət göstərir. Bəşəriyyətin tarixindən xəbər verən, orta əsr dövrünə məxsus qədim daş abidələrini qorumaq, bu nadir nümunələri öyrənmək məqsədilə 2002-ci il 11 iyul tarixli Sərəncamla Naxçıvan şəhərində də Açıq Səma Altında Muzey yaradılmışdır. Muzeyin əsas eksponatlarını daşdan yonulmuş qoç fiqurları təşkil edir. Qədim türk xalqlarının inamları və dəfn adətləri ilə bağlı olan daş qoç və qoyun heykəlləri əvvəlcə dəfn olunanların yanına qoyulub, zaman keçdikcə bu adət, tədricən, qəbirlərin üstünə qoyulan heykəllərlə əvəzlənib. Muzeydə, həmçinin sənduqələr, qəbirdaşları, memorial xatirə abidələri, sütun altlıqları, dəyirmandaşları, dibəkdaşları geniş yer tutur. Bu daş abidələr tarixin sınağından keçərək bu günümüzə gəlib çatmış və özündə qədim türk xalqlarının minilliklərə sığmayan tarixini, mədəniyyətini yaşadır. 
Naxçıvan Muxtar Respublikası ərazisində inşa olunmuş türk-islam mədəniyyəti abidələrinə mülki tikililər, o cümlədən saraylar da daxildir. Naxçıvan şəhərində daha bir tarix-memarlıq abidəsi isə XVIII əsrə aid Naxçıvan xanlarının iqamətgahı olan Xan sarayıdır. Saray 1780-ci ildə Naxçıvan xanlarından olan Kalbalı xan Kəngərli tərəfindən tikdirilmiş, memarı isə Mirzə Cəfər Xoyludur. 2010-cu il oktyabrın 23-də Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılıb. 2015-ci il 2 fevral tarixli Sərəncamla isə bu üç misilsiz abidə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyətə başlamışdır. Bir sıra tədbirlərə ev sahibliyi etmiş, tarix və mədəniyyətimizin təbliğ olunduğu bu məkan yalnız Azərbaycanın bölgələrindən olan qonaqların deyil, həmçinin müxtəlif səfirliklərin, beynəlxalq təşkilatların, xarici ölkələrdən gələn turistlərin də diqqətini cəlb edir.       
İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizlərə çox şey söyləyir. Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, Vətən sevgisi və ona sadiqlik kimi ülvi hissləri aşılayır. 30 illik işğala son qoyub əzəli və əbədi torpaqlarımızı azad etməklə tarixi qələbəyə imza atan Azərbaycan illər boyu mənimsənilib talan edilən mədəni və tarixi irsimizin də işğalına son qoydu.
Tarixi mədəni irsin, eləcə də muzeylərimizin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində Qarabağda muzeylər, tarixi abidələr intibah dövrü yaşamağa başlamış, mədəni irsimizin bərpası və mühafizəsi əsas prioritetlərdən biri olmuşdur. Dağıdılmış muzeylərlə yanaşı, yeni muzeylərin də yaradılması, Bülbülün ev-muzeyinin, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Milli Xalça Muzeyinin Şuşa filialının, Mehmandarovların malikanəsinin tarixi ənənələri, milli memarlıq xüsusiyyətlərini yaşatmaqla qurulub istifadəyə verilməsi, Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində, Pənahəli xanın sarayında və digər tarixi, mədəni abidələrimizdə aparılan təmir-bərpa işləri ölkəmizdə muzey işinə verilən dəyərin sübutudur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır”.

 Zülfiyyə ƏLİYEVA
Naxçıvan Muxtar Respublikası “Xan Sarayı”
 Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında 
Muzey Kompleksinin baş fond mühafizi-elmi işçisi 

Nəşr edilib : 18.05.2024 00:01