AZ EN RU

Tarixi qədim, mərhələsi yeni – gənclər siyasəti

Bu siyasət çoxşaxəli istiqamətdə inkişaf edir

    Özünün xoşbəxt gələcəyini istəyən hər bir xalq ümidlərini gənc nəslə bağlayır. Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvəsi, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi hesab olunur. Həmçinin onlar cəmiyyətin ən dinamik qüvvəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dururlar. Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, xalqına bağlı olan, müasir düşüncəli gənc nəslin formalaşması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə maksimum istifadə olunmasıdır. Bu gün muxtar respublikamızın gəncləri  də istər ölkə daxilində, istərsə də xaricində keçirilən müxtəlif tədbirlərdə iştirak edir, mövqelərini bildirirlər. Günümüzün bir reallığı da odur ki, diyarımızda gənc nəslin maraq və mənafelərini özündə əks etdirən, onların aparıcı qüvvə kimi formalaşmasına təkan verən müxtəlif fərman və sərəncamlar qəbul olunub. Bu da gənclərlə bağlı həyata keçirilən dövlət siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına gətirib çıxarıb.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən gənclər siyasəti sahəsində atılan addımlar gələcəyə hesablanmış uğurlu siyasətin təcəssümüdür. Burada diqqəti çəkən fundamental məqamlardan birini cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gəncliyimizin ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilməsi və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynaması bunun bariz nümunəsidir. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib ki, bu da gəncliyimizin gələcək uğrunda inamlı addımlar atması deməkdir. Muxtar respublikada gənclərin problemlərinin həlli, fikir və təkliflərinin dinlənilməsi, eləcə də onların şəxsi inkişafı və dünyagörüşünün formalaşması, yaradıcılıq potensialının yüksəlməsi, müxtəlif sahələr üzrə təcrübə qazanması və yeni biliklərə yiyələnməsi, müxtəlif sahələrdə təşəbbüskar­lıqlarının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənclərlə  mütəmadi görüşlər keçirilir.

    Bu gün muxtar diyarımızda gənclər siyasəti keyfiyyətcə özünün yeni mərhələsindədir və bu proses özünü bir neçə istiqamətdə göstərir:
    1. İlk olaraq ehtiva olunan mühüm istiqamətlərdən biri gənclərə bütün sahələrdə əlverişli mühitin yaradılmasıdır. Təbii ki, bu, güclü və strateji cəmiyyətin qurulmasından asılıdır. Əgər belə bir mühit formalaşıbsa, bu halda gənclər də öz potensiallarını hərəkətə gətirə bilərlər. Həmçinin onlar özlərini daha təhlükəsiz cəmiyyətdə hiss edirlər. Bu müsbət ənənə hazırda diyarımızda davam etdirilir, bundan isə cəmiyyətimiz yararlanır. O da vurğulanmalıdır ki, belə bir şəraitdə gənclərin üzərinə mühüm vəzifə düşür: məhz bu amil nəticəsində gənclər yeniləşmənin əsas daşıyıcıları hesab edilir.
    2. Müasir təhsilin əsas faktorlarından hesab edilən innovasiyalar dünyanın yeni trendlərinə qoşulma, təcrübəli mütəxəssis yetişdirməkdir ki, bu istiqamətdə görülən işlər investisiya mühitinin yaxşılaşdırılmasına, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmağa, innovativ ideyaların uğurlu biznes subyektinə çevrilməsinə hesablanıb. Bəli, bu gün diyarımızda təhsil cəmiyyətin inkişafını təmin edən aparıcı istiqamət kimi davamlı olaraq yenilənir, ən son ideyaların, bilik və bacarıqların tətbiqini zəruri edir. Muxtar respublikada 200-dən artıq müasir məktəb binasının istifadəyə verilməsi, 700-ə yaxın elektron lövhə quraşdırılan təhsil müəssisələrində sürətli internetə çıxışın olması, 23 min  şagirdin 103 ümumtəhsil məktəbində STEAM təhsilinə cəlb edilməsi bunun bariz nümunəsidir. Həmçinin ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi xüsusi qeyd olunmalıdır. Diyarımızda elektron universitetin fəaliyyətə başlaması ən böyük layihə olmaqla yanaşı, elektron təhsil, onlayn sənəd dövriyyəsi, akademik idarəetmə və digər təhsilin idarə edilməsi modellərini özündə birləşdirir. Eyni zamanda bu gün muxtar respublikada “Startap Naxçıvan” hərəkatı geniş vüsət alıb ki, bunun da əsas məqsədi investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır. 2019-cu il aprelin 15-də  “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında innovasiyalar uğurla tətbiq olunur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikanın bütün ərazisi fiber-optik xətlə, stasionar və mobil rabitə xidməti, eləcə də sürətli internetlə təmin edilmişdir. Bu gün muxtar respublikanın ən ucqar kəndində yaşayan insanlar da dünyada və ölkəmizdə gedən prosesləri izləyir, fikir və münasibətlərini bildirirlər. Təhsil müəssisələrinin yeni texnologiyalar və internetlə təminatı isə gənclərin hazırlıq səviyyəsini və innovasiyalara çıxış imkanlarını xeyli yüksəltmişdir. Ötən illərdə muxtar respublikada innovasiyaların tətbiqi sahəsində yaradılan şərait imkan verir ki, gənclərin ideyaları dəstəklənsin və startap layihələri uğurla həyata keçirilsin. Muxtar respublikada ailə təsərrüfatlarının inkişafı, Ağbulaq Kənd Turizm İstirahət Bölgəsinin yaradılması, müxtəlif festivalların keçirilməsi və digər tədbirlər uğurlu startap layihələrindəndir”.
    3. Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun yaradılması Naxçıvanda gənclər siyasətinin mahiyyət etibarilə yeni səhifəsinin başlanğıcıdır. Fondun qarşısında duran əsas vəzifə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət, ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları həyata keçirməkdir. Bu həm də gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını stimullaşdırır.
    4. 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Gənc İstedadlarının “Qızıl kitab”ı təsis edilərək öz yaradıcılıq qabiliyyəti ilə seçilən gənclərin adı bu kitaba salınıb, onlar üçün təqaüdlər təyin olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 23 fevral tarixdə həmin təqaüdün məbləğinin artırılması ilə bağlı Sərəncam imzalaması isə muxtar respublikada gənc istedadlara göstərilən hərtərəfli dövlət qayğısının bariz nümunəsidir. Nəticədə, gənclərin daha səylə çalışması, cəmiyyət üçün seçilən bir şəxs olması onlarda xüsusi bir ruh yüksəkliyi yaradıb. 
    5. Qədim dövrlərdən müasir günümüzədək dəyişməyən bir aksiom var: hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir. Gənclərin milli ruhda, adət-ənənələr, mənəvi dəyərlər əsasında düzgün tərbiyə olunması Naxçıvan Muxtar Respublikasında gənclər siyasətinin mühüm istiqamətlərindən biri hesab edilir. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi cəmiyyətimiz üçün aktualdır. Məhz bu amili əsas götürən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi aidiyyəti qurumlarla birgə hərbi idman yarışları təşkil edir. “Şahinlər”, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə keçirilən birinciliklər onu göstərir ki, müasir gəncimiz öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir.
    6. Gənclərin ictimai-siyasi proseslərdə, muxtar respublikanın inkişafında lazımi səviyyədə iştirak edə bilməsi üçün mənəvi əsas olmalıdır. Bu mənəvi əsaslar milli dəyərlər, vətənpərvərlik duyğusu ilə yanaşı, həm də göstərilən etimadı doğrultmaqdır. Məhz buna görə, diyarımızda gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, məsul vəzifələrdə bilik və bacarıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasıdır. Bu, dövlətin gənclər siyasəti yolunda apardığı strateji prioritetdir. Son zamanlar muxtar respublikamızda idarəçilik keyfiyyətləri yüksək olan perspektiv gənclərin rəhbər vəzifələrə təyin edilməsi, onların dəstəklənməsi həm də Naxçıvanda kadr ehtiyatının gündən-günə artması deməkdir.
    7. İdmanla yanaşı, hər bir dövlətin tanınmasında mədəniyyətinin də mühüm rolu var. Bu baxımdan muxtar respublikamızda uğurlu addımlar atılır, mədəniyyətə, incəsənətə dövlət səviyyəsində yüksək qayğı göstərilir. Bu sahədə muxtar respublikamızı beynəlxalq səhnələrdə təmsil edən yaradıcı və istedadlı gənclərin çoxluq təşkil etməsi isə sevindiricidir. 
    Göründüyü kimi, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən gənclər siyasəti ulu öndərin ehtiva etdiyi milli-mənəvi dəyərlərin qorunmasında gənclərin rolunun artırılması, gənc nəslin tarixi köklərə bağlı olan vətənpərvərlik ruhunda tərbiyəsinin təmin edilməsi,  gənclərin elmi və intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatların həyata keçirilməsi, gənclərin təşkilatlanmasının təmin edilməsi, dövlətin müstəqilliyinin müdafiəsi üçün onların aparıcı qüvvə qismində birləşməsinin gücləndirilməsi, dövlət idarəçiliyində gənclərin rolunun əhəmiyyətli dərəcədə artırılması və onlarda məsuliyyət hissinin formalaşdırılması istiqamətində aparılır.
    Ölkəmizdə geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir. Gənclərimizin potensialının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident cənab İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalamışdır. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var və cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. Könüllülük hərəkatı muxtar respublika daxilində geniş yayılsa da, etiraf edək ki, bu, ölkə səviyyəsində özünü göstərməmişdir. Cari ildə isə bu özünü daha qabarıq göstərməkdədir. Belə ki, bu görüş sanki könüllülük hərəkatına yeni nəfəs verdi və gənclərimizin Azərbaycan səviyyəsində keçirilən tədbirlərdə könüllü kimi iştirakları təşkil edildi.
    Bir haşiyə çıxaq: Gənclərin cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər – məqsədyönlü dövlət gənclər siyasəti müasir dövrümüzün güzgüsü hesab edilir. Bu nüansın əsas göstəricisi isə könüllülük hərəkatıdır. Bu hərəkatın hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir. Könüllü gəncləri müasir gənclər aləmində bir ölkənin (regionun) siması kimi də təqdim edənlər var: həmin ölkəni (regionu) təmsil edir, elm, mədəniyyət, təhsil və idmanın təbliğini aparır. Burada əsas məsələ könüllü gəncin natiqlik qabiliyyətidir ki, bu qabiliyyət gənclik enerjisi kimi təşəbbüskarlığı, gələcəyə ünvanlanmış inkişafı xarakterizə edir. 
    Muxtar diyarımızda gənclər üçün yaradılan şərait, fəal sosial zümrə kimi formalaşması naminə müvafiq fərman və sərəncamların verilməsi və icrası, yeni qanunların qəbul olunması müqabilində gənclərin də üzərinə mühüm vəzifələr düşür: könüllülük hərəkatında daha fəal və təşəbbüskar olmalı, digər həmyaşıdlarının könüllülük hərəkatının fəal iştirakçısına çevirilməsinə səy göstərməlidirlər. Təşəbbüsü ələ alaraq belə tədbirin daha canlı, effektiv və qeyri-formal keçməsinə nail olmalıdırlar. Aidiyyəti qurumların öhdəliklərini yüksək səviyyədə yerinə yetirmələrinə rəğmən gənclər də natiqlik –səlis fikir ifadə etmək, sərbəst mühakimə yürütmək, məntiqi təhlil, hazırcavablıq baxımından öz üzərlərində işləməli, daha geniş dünyagörüşə malik olmaqla analitik təfəkkür tərzi, ideyavericiliyi ilə təşəbbüsü ələ almağı bacarmalıdırlar. Daim dəyişən situasiyalarda çevik və qeyri-şablon qərarların qəbul olunmasına, aktual sualların verilməsinə ehtiyac yarandığı təqdirdə, gənclər bundan çəkinməməli, hər hansı layihənin, ideyanın, innovativ düşüncənin əməli şəkildə reallaşmasında prinsipiallıq və novatorluq nümayiş etdirməlidirlər.
    Digər tərəfdən ali və orta ixtisas təhsili müəssisələri hamiliyə verilən təşkilatlarla birgə tələbələrin startapla bağlı biliklərinin formalaşması, layihələrin hazırlanması, biznes planların qurulması və təqdimatı ilə bağlı maarifləndirici təlimlər keçirirlər. Layihələrdə son məqsəd real biznesin qurulması, xidmətlərin təqdim edilməsi və effektiv innovasiyalar üzərində qurulmasıdır ki, bütün bunlara əməli şəkildə nail  olmaq hami təşkilatlarla yanaşı, həmin tələbə-gənclərin də hər birinin üzərinə düşən ümdə vəzifədir. Yaradılan şəraitdən istifadə etməyə dırnaqarası baxan “startapçılar” üçün, hətta “Startap Naxçıvan” hərəkatı çərçivəsində yerli və beynəlxalq səviyyəli təlimlər də təşkil olunur. İqtisadiyyatın bütün sahələrinə aid olan startaplar, ilk növbədə, cəmiyyətin hansısa xidmət və ya məhsul üzrə tələbatını ödəyir, iş imkanları yaradır, uğurlu olduqda ideya rəhbərlərinə və startapa dəstək olan investorlara gəlir gətirir. Bu tezisdən doğan reallıq belə bəzi gənclərimizi daha çox özünə cəlb etməlidir. 
    Gənclər bütün dünyada siyasi və sosial həyatın lokomotivini təşkil edir. Tarixə nəzər salsaq, görərik ki, dünyada baş verən bütün önəmli hadisələrdə gənclər aparıcı qüvvə olub, olmaqda da davam edir. Həyatımızın ayrılmaz hissəsinə çevrilən müasir texnologiyalar hər kəsin daim diqqət mərkəzindədir. Xüsusilə sosiallaşmağa tələb çoxaldıqca, sosial şəbəkələrin də istifadəçi sayı artır. Şəbəkə istifadəçilərinin çoxunu isə gənclər təşkil edir. İnformasiya sahəsinə olan tələbatın artması, insanlarda sosiallığın kütləviləşməsi gənc­lərimizi muxtar respublikanın təbliğinə daha fəal sövq etməlidir. Onu da qeyd edək muxtar respublikada bununla bağlı aidiyyəti qurumlar tərəfindən gənclərə sosial şəbəkələrin müsbət və mənfi tərəfləri, gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etmələri, diyarımızın təbliği, faydalı müzakirələrə qoşulmaqları ilə bağlı gənclərlə fəal iş aparılır.
    Naxçıvanda uğurlu gənclərə göstərilən hərtərəfli dövlət qayğısı, onların inkişafı məqsədilə yaradılan unikal şərait muxtar respublika rəhbərinin gənclər sahəsində sistemli və ardıcıl siyasət yeritdiyini bir daha təsdiqləyir. Müasir dövrün tələblərinə cavab olaraq inkişaf edən diyarımızda gənclərin enerjisindən istifadəyə obyektiv bir tələbat duyulur ki, bu da yuxarıda sadaladığımız istiqamətlərdə gənclərin yolunun nə qədər açıq olduğunu göstərir. İndi gənclik yolunda yalnız ulu öndər Heydər Əliyevin konsepsiyası əsas tutulur və bu yolda sağlam təfəkkürlü, geniş dünyagörüşlü gəncliyin formalaşması Azərbaycanın, onun muxtar diyarı Naxçıvanın parlaq gələcəyi deməkdir.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 13.04.2022 20:47