AZ EN RU

Tarixi qaliblər yazır

yaxud XXI əsrin möhtəşəm iyirmiliyi + 7

    Tarixə ehtiramla

Bir əsrdə iki dəfə istiqlaliyyətə qovuşmağa müvəffəq olmuş xalqımızın dövlətçilik təcrübəsi, Şərqdə ilk demokratik respublika və müsəlman dünyasında ilk dünyəvi dövlət qurmağa nail olmaq tarixin yaddaşına əbədi həkk olunmaq deməkdir. 33 il öncə Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını – azadlığını, müstəqilliyini tələb etdi. Ümummilli Liderin dövlətçilik ənənələrini bərpa etmək missiyasını öz üzərinə götürməsi ilə Qurtuluşdan tərəqqiyə, tərəqqidən Zəfərə aparan yolun əsası qoyuldu. 

Tarixin ədəbiyyat yaddaşında belə bir müdrik kəlam var: keçmişə əsaslanıb gələcəyi görmək. 2003-cü ildə Azərbaycan xalqı da məhz həmin keçmişə əsaslanıb gələcək üçün həmrəy oldu. Dahi şəxsiyyətin uzaqgörən siyasətinin uğurla davam etdirilməsinə – İlham Əliyevə səs verdi. Siyasi olimpin zirvəsinə qalxanda “Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm”, – deyə verdiyi sözün üstündə duran lider inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanı tarix üçün kifayət qədər qısa sayıla biləcək zaman kəsiyində böyük tərəqqi yoluna, dünyada lider mövqeyə yüksəltdi. 

    Ata vəsiyyətini yerinə yetirmək xoşbəxtliyi

Mürəkkəb geosiyasi şəraitdə, dünya siyasətində toqquşan və kəsişən strateji maraqların fonunda Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinə müvəffəq olmaq sadə məsələ deyil. Məsələnin mahiyyəti, məzmunu daha dərin və genişdir. Bütün cəbhələrdə – istər hərb meydanında, istər diplomatiya müstəvisində, istərsə də informasiya platformasında tarixi qələbənin memarı Prezident cənab İlham Əliyev Azərbaycanın möhtəşəm Zəfərini dəyərləndirərkən “Müzəffər xalq kimi gəldik. ...Döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”, – deyə vurğulayıb.
    İşğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinin aparılması, strateji planlaşdırma, nəhəng icra və əlaqələndirmə prosesi, minatəmizləmə, infrastrukturun bərpası və artıq insanların geri qaytarılması – bütün bunlar qısa zamanda görülən böyük işlərdir. Bizim yaşadığımız dövrdə dünyanın heç bir yerində darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulduğu ikinci belə məkan yoxdur. 

    Azərbaycansayağı tarix dərsi

    “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın”, – deyən cənab Prezident işğaldan azad olunmuş bütün ərazilərdə bayrağımızı göylərə çəkdi. Qarabağın azadlığı Azərbaycan tarixinin müstəqillikdən sonra ən böyük hadisəsidir. Biz xoşbəxt nəsilik ki, canlı əfsanənin şahidi olduq. Müzəffər Sərkərdə 100 illik problemə – erməni seperatizminə birdəfəlik son qoydu. Seperatizm simvolikasını əks etdirən bütün yazılar tarixin zibilxanasına atıldı. 
    “Bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq”, – deyən cənab Prezidentin ötən il oktyabrın 15-də və dekabrın 21-də Xankəndiyə tarixi səfərləri, növbədənkənar prezident seçkilərində ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsi Ulu Öndər Heydər Əliyevin 100 illiyinə, prezidentliyinin 20 illiyinə ən layiqli töhfə, xalqın qarşısında verdiyi sözləri tutmasına ən yaxşı sübut, bu günə qədər görülən işlərin yekun hesabatı idi. Başqa sözlə desək: “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!”

    Davamlı inkişafa təminat + 7

Bu gün Azərbaycanın dinamik və dayanıqlı inkişafı, müstəqilliyini möhkəmləndirərək yeni strateji zirvələr fəth etməsi dünya şöhrətli siyasətçi cənab İlham Əliyevin adı ilə bağlıdır. Bu isə artıq Dünya Liderliyini çoxdan təsdiqləyən dövlət başçısının ölkəmizin gələcəyinə obyektiv baxışının, yaxud Azərbaycan reallığının ifadəsidir.
    “Əsl siyasət real, konkret iş görməkdən ibarətdir”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük infrastruktur layihələri gerçəkləşdirilir. Öz qərarlarını verə bilən, milli və dövlət maraqlarını qoruyan, xarici siyasətini milli maraqlarının əsasında formalaşdıran dövlət qurmaq mövcud olduğumuz regionda asan məsələ deyil. Çox qısa zamanda həm dövləti, həm ordunu, həm də cəmiyyəti formalaşdırmaq və Qarabağ kimi çətin və taleyüklü məsələni birdəfəlik həll etmək tarixi missiyadır.
    Növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan Azərbaycan Prezidentinə xalqın sevgisini təkrar gördük. Seçkilər başa çatandan sonra ölkənin hər yerində xalqın küçələrə, meydanlara axışaraq öz Liderini təbrik etməsi, bayram əhvali-ruhiyyəsinə boyanan ölkə bir daha doğru seçim etdiyimizi və növbəti 7 il ərzində inkişaf, durmadan irəliyə getmək və sabitlik üçün həmrəy olduğumuzu göstərdi. Naxçıvan da öz muxtariyyətinin 100-cü ilində yenidən onun inkişafına stimul yaradan rəhbərin ətrafında birləşdi. Əsrin 20 ilini birlikdə addımladığı lideri növbəti 7 ildə də öz inkişafının mərkəzindəki əsas fiqur olaraq görmək istədiyini bəyan etdi.
    Cənab Prezidentin fevralın 14-də keçirilən andiçmə mərasimi ilə, bu tarixi an ilə yeni dövrə qədəm qoyarkən müstəqil Azərbaycanın yeni yüksəliş, tərəqqi və uğurlar dövrünün başlanması bizi gələcəyə dair daha nikbin və qətiyyətli olmağa əminlik yaradır. 

    Erməni separatçılarının tabutuna 
    vurulan son mismar

Cənab Prezidentin andiçmə mərasimindəki geniş proqram, belə demək mümkündürsə, hesabat xarakterli çıxışı bu günə qədər görülmüş işlər və gələcək hədəflər haqqında kifayət qədər açıq informasiya yükü daşıyır. Artıq Azərbaycanda yeni dövr başlayır. Bu, dövrün böyük nailiyyətləri olacaq, buna heç bir şübhə yoxdur. Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan Bayrağı altında birləşib. Cənab Prezidentin sözləri ilə desək: “Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır”.
    Bu gün Azərbaycan özümüzü tam təmin edən ölkə olaraq ikitərəfli formatda əməkdaşlığın tərəfdarıdır və xarici siyasət də buna hesablanıb – bərabərhüquqlu münasibətlər. Ölkəmizin bu günə qədərki müxtəlif sahələrdə inkişafı və qazanılmış uğurlar, beynəlxalq münasibətlər sistemindəki yeri, eyni zamanda geostrateji mövqeyimizlə bağlı nəqliyyat qovşağı kimi fəaliyyət, bunun bizə gətirdiyi iqtisadi və maliyyə müstəqilliyi bu gün heç kimdən asılı olmayan Azərbaycanı inamla, uğurla inkişaf etdirir.
Növbədənkənar prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi isə ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün suveren ərazilərində keçirildi və ölkə başçısı ailə üzvləri ilə birlikdə Xankəndidə səs verdi: “Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.”

    Blokadadan rekordsmen
    diyara transformasiya 

Yüz ilə yaxındır ki, Azərbaycanın əsas hissəsindən ayrı düşmüş, olduqca əhəmiyyətli nəqliyyat dəhlizlərinin qovşağında və geostrateji mövqeyə malik bir bölgədə yerləşən Naxçıvan bu gün sənaye bölgəsinə çevrilib. Vaxtilə ağır şəraitdə yaşayan Naxçıvan bu gün enerji ixracatçısı qismində Avropanın enerji təhlükəsizliyinə dəstək vermək əzmindədir. Bu torpaqlar tarixin heç bir mərhələsində bugünkü qədər gözəl, abad və güclü olmayıb. Ölkə Prezidentinin də dediyi kimi: “Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir”.
    Prezident cənab İlham Əliyevin diqqət mərkəzində olan Naxçıvanda “blokada” və “inkişaf” anlayışları birgə assosiasiya olunur. Naxçıvan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi formada inkişaf edir, müasirləşir. 
    Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizi açılandan sonra isə Naxçıvan beynəlxalq kommunikasiyaların bir nömrəli ünvanına və dayaq nöqtəsinə çevrilməklə bu dəhliz vasitəsilə Türk dünyasını birləşdirəcək. Prezident cənab İlham Əliyevin sözləri ilə desək: “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq”. 

    Dünya lideri: O bunu qəbul etdirdi

Ölkə başçısının möhtəşəm siyasi analizləri, uzaqgörən strateq düşüncələri, strateji yanaşmaları, bütün mövcud proseslərə ən incə detallarına qədər dəqiq və konkret bələd olması Onun hazırkı dünya siyasətinə, geostrateji vəziyyətə hakimliyi fonunda olduqca aydın mənzərə yaradır. Artıq bütün dünya qəbul etməlidir ki, Qafqaz regionunda vəziyyət dəyişir və bu dəyişikliklərin böyük dərəcədə təşəbbüskarı Azərbaycandır. 
    Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyanın ən nüfuzlu liderlərindən biri olaraq qəbul edilməsi onun qlobal fəaliyyətinin məntiqi nəticəsidir. Cənab Prezidentin dünya lideri kimi özünü təsdiqlətməsi isə belə əsaslandırılır; Türkiyə ilə münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəltdi, sarsılmaz bağlar yaratdı, ordusunu modernləşdirdi, Qarabağdakı 30 illik işğala son qoydu, Qərbin dəstəklədiyi Ermənistanı məğlub edib bütün niyyətlərini puça çıxardı, Rusiya və Qərb arasında inanılmaz tarazlaşdırılmış siyasət həyata keçirdi, möhtəşəm bir diplomatiya yürütdü, həm meydanda, həm də siyasi masada qələbə qazandı. Kim nə deyirsə desin, İlham Əliyevin dünya liderlərindən biri olması artıq qəbul edilmişdir. O bunu qəbul etdirdi. 

    Beynəlxalq aləmdə “Sözümüz imzamız   qədər keçərlidir”

Vətən müharibəsi təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil, eyni zamanda istər Cənubi Qafqaz regionunda, istərsə də Avrasiyada yeni geostrateji reallıqların təşəkkülünə səbəb olub. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada mühüm geostrateji məntəqələrdən olan Cənubi Qafqaz bölgəsində yeni reallıqlar fonunda saatlar Bakı vaxtilə qurulur. Yəni şərtləri qalib və üstün tərəf olan Azərbaycan diktə edir. 
    Prezident cənab İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanın regional liderə – bölgədə güc mərkəzinə, dünya siyasətində qüdrətli və nüfuzlu milli subyektə çevrilməsinə səbəb olub. İndi Azərbaycan beynəlxalq aləmdə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv olan və ona rəhbərlik edən, BMT Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında 120 dövlətin dəstəyini alan, bu hərəkata sədrlik edən dövlətdir.

    Keçmişə hörmət, gələcəyə inamla

Ulu Öndər Heydər Əliyev indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlülüyünü təmin edən siyasi məktəb miras qoyub. Ötən il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvana səfəri Ümummilli Liderin rəhbərliyi ilə buradan başlayan müstəqillik ideyalarının yeni məcrada inkişaf etdirilməsi, tarixi sənədlərin imzalanması, gələcək perspektiv hədəflərin müəyyənləşdirilməsi regiondakı Azərbaycan faktorunun və yaranmış yeni reallığın qəbul edilməsi fonunda olduqca əhəmiyyətlidir. 
    “Biz hər zaman sözümüzə, vədimizə, imzamıza sadiq qalmışıq, dəyişməmişik və dəyişməyəcəyik. Yolumuz da, hədəfimiz də bəllidir və bu yola, bu hədəfə doğru daim inamla, qətiyyətlə irəliləyəcəyik!” bəyanından da göründüyü kimi, müstəqil Azərbaycan Böyük Yolun – Heydər Əliyev yolunun Müzəffər davamçısı olan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə strateji hədəflərinə doğru addım-addım irəliləyir. Prezident cənab İlham Əliyevin xalqa müraciətində dediyi kimi: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm”.

Məmməd BABAYEV

Nəşr edilib : 17.02.2024 12:45