AZ EN RU

Tarixi mübarizələrin bədii təcəssümündən yaranan sənət məbədi - Naxçıvan Dövlət Musiqili Dram Teatrı

“Mənim üçün doğma olan Naxçıvan teatrına göstərilən diqqət və qayğı məni çox sevindirir. İstər texniki baza tərəfdən, istər quruluş baxımından hər şey mükəmməldir. Bir çox yerləri gəzib teatrlarla tanış olmuşam. Məndən soruşsalar, bu gördüklərimin içərisində ən çox Naxçıvan teatrını üstün tuturam. Çünki burada işıqlandırma, səsləndirmə, akustika, requlyofka kimi səhnədə tamaşanın keyfiyyətinə təsir edən göstəricilərin əksəriyyəti digər teatrlarda yoxdur. Bu, dövlətin mədəniyyət sahəsinə göstərdiyi yüksək qayğının ifadəsidir. Naxçıvan teatrının bir əsrdən çox qocaman bir yaşı olması ilə yanaşı, həm də müasir standartlara cavab verən maddi-texniki bazası ilə seçilir… Bir arzum var, bu qədim teatra akademik statusu verilsin. Bu mənim böyük arzumdur və çünki bu teatr o statusa, doğrudan da, layiqdir.” Ötən ilin iyun ayında şəhərimizə səfər edən xalq artisti Şəfiqə xanım Məmmədova ilə söhbət zamanı Şəfiqə xanımdan bu fikirləri dinləmək məni qürurlandırdı. Bəli, təkcə maddi-texniki bazası ilə deyil, peşəkar aktyor, rejissor heyəti ilə seçilən, xalqın sevilən aktrisası Şəfiqə xanım kimi neçə-neçə böyük sənətkarlara qucaq açan Naxçıvan teatrı bu gün Azərbaycanda sevilən, xalqın ürəyinə yol tapan bir çox aktyorlar üçün əsl həyat məktəbi rolunu oynayıb.

Qocaman teatr mübarizələrlə dolu tarixi inkişaf yolu keçib. Gəlin, əvvəlcə bu dünyagörüş məbədinin tarixinə nəzər salaq. Bu teatr necə yaranıb? Bunun üçün üz tuturuq Cəlil Məmmədquluzadə adına Musiqili dram teatrına. Teatrın direktoru, Xalq artisti Rza Xudiyevdən öyrənirik ki, 1883-cü il mayın 11-də Naxçıvanda dövrünün maarifpərvər ziyalısı Hacı Nəcəf Zeynalovun şəhərin məşhur “Zaviyə” məhəlləsindəki evində Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyası səhnələşdirilib. Bu ilk tamaşa ilə Azərbaycan teatrının bir qolu olan Naxçıvan teatrının əsası qoyulub. Daha sonra M.F.Axundzadənin “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Hacı Qara” komediyaları, N.Vəzirovun “Müsibəti-Fəxrəddin”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, N.Nərimanovun “Nadir şah” və başqa əsərləri tamaşaya qoyulub. Naxçıvan teatrı yarandığı dövrdən maarifçilik mövqeyində çıxış edib, Azərbaycan teatr sənətinin qüdrətli nümayəndələri ilə əlaqələr saxlayıb, öz həmkarlarının mənəvi dəstəyini daim hiss edib. Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Qurbanəli Şərifzadə, Məhəmmədtağı Sidqi, Əliqulu Qəmküsar və başqa görkəmli ziyalılarımız teatrın inkişafı sahəsində sərt sınaqlara dözərək əsl fədakarlıq göstəriblər. Naxçıvan teatrının yarandığı illərdə bu sənət ocağının təşəkkülü üçün Bakıdan Naxçıvana gələn qüdrətli sənətkarların Naxçıvan teatrının aktyorları ilə birlikdə tamaşalar göstərməsi, sənət dostlarına mənəvi dəstək olması teatrımızın peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub.

1922-ci ildə teatra Dövlət Dram Teatrı statusu verilib. Teatr həm romantik, həm də realist istiqamətdə inkişaf edirib. Teatrın repertuarında dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər əhəmiyyətli yer tutur. Bu teatrda istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişib. 1965-ci ildə teatra görkəmli ədib Cəlil Məmmədquluzadənin adı verilib.

Teatra göstərilən hərtərəfli qayğıdan bəhs edən xalq artisti deyir ki, Azərbaycan Respublikası Prezidentinin “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi haqqında” 2008-ci il 31 yanvar tarixli Sərəncamına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi haqqında” 2008-ci il 6 fevral tarixli Sərəncamı ilə teatrın 125 illik yubileyi geniş şəkildə qeyd olunub.

Xalq artisti deyir ki, Müstəqillik illərindən başlayaraq Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektiv milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilib. Naxçıvan teatrı Türkiyə Respublikasının Ankara, İstanbul, Bursa, Trabzon, Qars, Ərzurum, İqdır, Dənizli, Tarsus, İran İslam Respublikasının Təbriz, Maku və başqa şəhərlərində qastrol səfərlərində olub, göstərdiyi tamaşalarla dost və qonşu ölkələrin teatrsevərlərinin rəğbətini qazanıb. Naxçıvan teatrının Bakıda və Azərbaycanın digər rayonlarında göstərdiyi tamaşalar da maraqla qarşılanıb. Teatrımız repertuar zənginliyini daim diqqət mərkəzində saxlayır, klassik və çağdaş dramaturgiyamızın dəyərli nümunələrindən, dünya klassiklərinin əsərlərindən tamaşaları səhnəyə qoyur.

Naxçıvan Dövlət Musiqili Dram Teatrının müstəqillik illərində tamaşaya qoyduğu dramlar üslub, struktur və janr müxtəlifliyi ilə seçilir. “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Hökmdar və qızı”, “Nadir şah”, “Şeyx Sənan”, “Xəyyam”, “Qönçəbəyimin nəğməsi”, “Mirzə Cəlil taleyi”, “Araz sahilində doğan günəş”, “Ağa Məhəmməd şah Qacar”, “Əlincə qalası”, “Koroğlunun Çənlibelə qayıdışı”, “Qurtuluş dastanı”, “Ah Paris, Paris!..”, “Arılar arasında”, “Göy quş”, “Qılınc və qələm”, “Əli və Nino”, “Burla xatun” kimi üslub, struktur, janr müxtəlifliyi ilə seçilən tamaşalar teatrın yaradıcılıq axtarışlarının nəticəsidir.

Rza Xudiyev deyir ki, bu gün muxtar respublikada teatr sənətinin inkişafında xidmətləri olan insanların əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlara layiq görülüblər. Bu diqqət və qayğını Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti də daim öz üzərində hiss edib.

Muxtar Respublikada  teatr və incəsənət  sahələri üzrə ixtisaslı kadrların hazırlanması işinə də xüsusi əhəmiyyət verildiyini söyləyən xalq artisti bildirdi ki, 2011-ci ildə Naxçıvan Dövlət Universitetində Teatr və Mədəniyyətşünaslıq kafedrasınin və “Aktyor sənəti”  ixtisasının fəaliyyətə başlaması  ixtisaslı aktyor kadrlara olan tələbatın ödənilməsi probleminin həll edilməsində mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, bu gün Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində çox sayda gənc rejissorlar, gənc aktyorlar yetişir.

“Qayıdış” adlı sənədli televiziya filmində “13-14-15 yaşlarında Naxçıvan Dövlət Teatrının tamaşalarına çox böyük həvəs və maraqla baxırdım. İbrahim Həmzəyevin ifa etdiyi rolların vurğunu idim. Sonralar eşitdim ki, İ.Həmzəyev dram dərnəyi təşkil edib. Mən o dərnəyə yazıldım və həvəslə iştirak etdim. Mən teatrla gənc yaşlarımdan məşğul olmuşam. Baş rollarda oynamışam. Mən həmişə teatra yaxın və bağlı adam olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə var”. - deyən görkəmli dövlət xadimi Heydər Əliyevin böyük məhəbbət bəslədiyi Naxçıvan Dövlət Musiqili Dram Teatrına bundan sonrakı fəaliyyətində uğurlar diləyir, yaxın Şərqin qocaman sənət ocaqlarından biri olan bu mədəniyyət məbədinin yaradıcı heyəti ruh yüksəkliyi arzu edirik.

Gülcamal TAHİROVA

Nəşr edilib : 28.03.2022 15:12