AZ EN RU

Tarixi mübarizələrin bədii təcəssümündən yaranan sənət məbədi – “milli” statuslu Naxçıvan Dövlət Musiqili Dram Teatrı

    100 il əvvəl, 1922-ci ildə “dövlət” statusu alan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına bu günlərdə “milli” statusunun verilməsi bütün teatrsevərlərin sevincinə səbəb oldu. Muxtar respublikada mədəniyyət və incəsənətin inkişafına böyük diqqət və qayğı göstərən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu təşəbbüsü Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında, mədəni zövqümüzün formalaşmasında mühüm rolu olan bu qədim mədəniyyət məbədinin milli mədəniyyətin təbliği sahəsində çoxillik səmərəli fəaliyyətinə verilən ən yüksək qiymətdir. Teatrın kollektivi, bütövlükdə isə Naxçıvan mədəniyyəti üçün əlamətdar olan bu hadisə mədəniyyət sahəsinə böyük rəğbətin parlaq ifadəsinə çevrildi. Teatrın işçilərinin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılacağı isə kollektivə ikiqat bayram sevinci bəxş etdi. 

    Bu münasibətlə biz də “Şərq qapısı” qəzetinin kollektivi adından Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyevlə görüşüb onun timsalında kollektivi təbrik edərək zəngin tarixə malik olan Naxçıvan teatrının keçmişdən bu günə keçdiyi şərəfli yola nəzər salmaq istədik. 
    Öyrəndik ki, 1883-cü il mayın 11-də Naxçıvanda dövrünün maarifpərvər ziyalısı Hacı Nəcəf Zeynalovun şəhərin məşhur Zaviyə məhəlləsindəki evində Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyası səhnələşdirilib. Bu ilk tamaşa ilə Azərbaycan teatrının bir qolu olan Naxçıvan teatrının əsası qoyulub. Daha sonra M.F.Axundzadənin “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Hacı Qara” komediyaları, N.Vəzirovun “Müsibəti-Fəxrəddin”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, N.Nərimanovun “Nadir şah” və başqa əsərləri tamaşaya qoyulub. Naxçıvan teatrı yarandığı dövrdən maarifçilik mövqeyində çıxış edib, Azərbaycan teatr sənətinin qüdrətli nümayəndələri ilə əlaqələr saxlayıb, öz həmkarlarının mənəvi dəstəyini daim hiss edib. Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Qurbanəli Şərifzadə, Məhəmməd Tağı Sidqi, Əliqulu Qəmküsar və başqa görkəmli ziyalılarımız teatrın inkişafı sahəsində sərt sınaqlara dözərək əsl fədakarlıq göstəriblər. Naxçıvan teatrının yarandığı illərdə bu sənət ocağının təşəkkülü üçün Bakıdan Naxçıvana gələn qüdrətli sənətkarların Naxçıvan teatrının aktyorları ilə birlikdə tamaşalar göstərməsi, sənət dostlarına mənəvi dəstək olması teatrımızın peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub. 

    1922-ci ildən Dövlət Dram Teatrı kimi fəaliyyət göstərən teatr həm romantik, həm də realist istiqamətdə inkişaf edib. Həmin dövrdən başlayaraq teatrın repertuarında dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər əhəmiyyətli yer tutur. Bu teatrda istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişib. 1965-ci ildə teatra görkəmli ədib Cəlil Məmmədquluzadənin adı verilib.
    Naxçıvan teatrının istər tarixinin öyrənilməsində, istər aktyor heyətinin təqdimatında, istər rejissor sənətinin araşdırılmasında, həmçinin digər sahələri ilə bağlı ardıcıl axtarışların ortaya qoyulmasında Əli Qəhrəmanovun fədakar xidmətləri var. Bu haqda söhbət açan Rza Xudiyev dedi ki, alimin fəaliyyəti dövründə “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı”, “Naxçıvan teatrı: intibah yollarında (1883-1920)”, “Naxçıvan teatrı müstəqillik illərində – 1991-2008”, “Naxçıvan teatrının salnaməsi”, “Hüseyn Cavid və Naxçıvan teatrı”, “Naxçıvan teatrına dair tədqiqlər”, “Təbriz teatrı və Böyükxan Naxçıvanski”, “Naxçıvan teatrında rejissor sənəti” monoqrafiya və kitabları nəşr olunub. Həmçinin 740 səhifəlik “Naxçıvan teatrının salnaməsi” adlı ensiklopedik nəşrin ərsəyə gəlməsində Əli müəllimin böyük xidmətləri var. 
    Teatra göstərilən davamlı və hərtərəfli qayğıdan bəhs edən Xalq artisti vurğuladı ki, Azərbaycan Respublikası Prezidentinin “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi haqqında”  2008-ci il 31 yanvar tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi haqqında” 2008-ci il 6 fevral tarixli Sərəncamı ilə teatrın 125 illik yubileyi geniş şəkildə qeyd olunub.
    Rza Xudiyev onu da qeyd etdi ki, müstəqillik illərindən başlayaraq Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektiv milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilib. Naxçıvan teatrı Ankara, İstanbul, Bursa, Trabzon, Qars, Ərzurum, İqdır, Dənizli, Tarsus, İran İslam Respublikasının Təbriz, Maku və başqa şəhərlərində qastrol səfərlərində olub, göstərdiyi tamaşalarla dost və qonşu ölkələrin teatrsevərlərinin rəğbətini qazanıb. Hətta doğma sənət ocağının tamaşaçı həsrəti çəkməli olduğu pandemiya dövründə belə, teatrda günün tələblərinə cavab verən müasir tamaşalar hazırlanması diqqət mərkəzində saxlanılıb, bir neçə tamaşa Naxçıvan televiziyası vasitəsilə teatrsevərlərə onlayn təqdim olunub. Ötən ilin noyabr ayında teatrda dünya şöhrətli rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi oldu. Tamaşanı izləyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov səhnə arxasına keçərək yaradıcı heyətlə görüşdü,   tamaşanın uğurlu təqdimatına görə kollektivimizə təşəkkür etdi. Həmin gün kollektivimiz üçün ən yaddaqalan və əlamətdar gün oldu.
    Bu il isə kollektiv Azərbaycan Respublikasında “Şuşa ili” elan edilməsi ilə əlaqədar Türkiyənin Ərzurum Atatürk Universitetində Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş tədbirdə iştirak etdi. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyası kollektivlərinin ifasında rəngarəng musiqi proqramı ilə yanaşı, Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarının təqdim etdiyi çex yazıçısı Karel Çapekin “Ana” əsəri əsasında hazırlanan eyniadlı tamaşa alqışlarla qarşılandı. Bu çıxış da teatr kollektivinin böyük uğurlarından biri oldu.
    Xalq artisti Naxçıvan Dövlət Musiqili Dram Teatrının müstəqillik illərində tamaşaya qoyulan dramların üslub, struktur və janr müxtəlifliyindən də söhbət açdı. Dedi ki, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Hökmdar və qızı”, “Nadir şah”, “Şeyx Sənan”, “Xəyyam”, “Qönçəbəyimin nəğməsi”, “Mirzə Cəlil taleyi”, “Araz sahilində doğan Günəş”, “Ağa Məhəmməd şah Qacar”, “Əlincə qalası”, “Koroğlunun Çənlibelə qayıdışı”, “Qurtuluş dastanı”, “Ah Paris, Paris!..”, “Arılar arasında”, “Göy quş”, “Qılınc və qələm”, “Əli və Nino”, “Burla xatun”, “Teleskop” kimi üslub, struktur, janr müxtəlifliyi ilə seçilən tamaşalar teatrın yaradıcılıq axtarışlarının nəticəsidir. Teatrın səhnəsində bu il də tamaşaçıları maraqlı repertuarımızla qarşılayırıq. Tanınmış çex yazıçısı Karel Çapekin “Ana” tamaşası müharibənin bəşəriyyəti düçar etdiyi bəlalardan bəhs edən və faşizmi tənqid məqsədilə yazılmış, gənclərə vətənpərvərlik, sülh və xeyirxahlıq motivlərində önəmli mesajlar verən əsər günümüzün aktuallığını əks etdirən mövzu kimi diqqəti cəlb edir. 
    Muxtar respublikada teatr və incəsənət sahələri üzrə ixtisaslı kadrların hazırlanması işinə də xüsusi əhəmiyyət verildiyini söyləyən Xalq artisti bildirdi ki, 2011-ci ildə Naxçıvan Dövlət Universitetində Teatr və mədəniyyətşünaslıq kafedrasının və Aktyor sənəti ixtisasının fəaliyyətə başlaması ixtisaslı kadrlara olan tələbatın ödənilməsi probleminin həll edilməsində mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, bu gün Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində çox sayda gənc rejissorlar, gənc aktyorlar yetişir.
    Rza Xudiyev mədəniyyət sahəsində fəaliyyət göstərənlərə, xüsusilə də teatr işçilərinə dövlət qayğısından da danışdı: – Bu gün muxtar respublikada teatr sənətinin inkişafında xidmətləri olan insanların əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlara layiq görülüblər. Bu diqqət və qayğını Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti də daim öz üzərində hiss edib. Bu il isə bu qayğının ən gözəl ifadəsini  – teatrımıza verilən yüksək statusun sevincini yaşadıq. Bu, teatrın tarixində çox əlamətdar hadisədir. 139 yaşlı Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusunun verilməsi dövlətimizin mədəniyyətimizə göstərdiyi böyük qayğının ifadəsidir. Teatrımıza yeni statusun verilməsi üzərimizə böyük məsuliyyət qoyur. Göstərilən etimada görə dövlətimizə minnətdarlığımızı bildirir, teatrımızın inkişafı üçün səylərimizi əsirgəməyəcəyimizə söz veririk. Bu qayğıya cavab olaraq biz də daim çalışacağıq ki, gənclərimizi həm vətənpərvər, həm də gələcəyin istedadlı sənət adamları kimi yetişdirək.
    ...“Qayıdış” adlı sənədli televiziya filmində “13-14-15 yaşlarında Naxçıvan Dövlət Teatrının tamaşalarına çox böyük həvəs və maraqla baxırdım. İbrahim Həmzə­yevin ifa etdiyi rolların vurğunu idim. Sonralar eşitdim ki, İ.Həmzəyev dram dərnəyi təşkil edib. Mən o dərnəyə yazıldım və həvəslə iştirak etdim.Mən teatrla gənc yaşlarımdan məşğul olmuşam. Baş rollarda oynamışam. Mən həmişə teatra yaxın və bağlı adam olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə var”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyevin böyük məhəbbət bəslədiyi Naxçıvan Dövlət Musiqili Dram Teatrına bundan sonrakı fəaliyyətində uğurlar diləyir, Yaxın Şərqin qocaman sənət ocaqlarından biri olan bu mədəniyyət məbədinin yaradıcı heyətini “milli” statusunun təqdim olunması münasibətilə təbrik edirik.

Gülcamal TAHİROVA

Nəşr edilib : 30.04.2022 16:47