AZ EN RU

Tarixi İpək Yolunun qovuşduğu məkan

Zəngəzur qapısının zəfər estafeti Ordubad

   Ordubadda yaşayan insanlar xoşbəxt və firavandırlar. Tanrı ordubadlılara, demək olar ki, bütün nemətlərdən bəxş edib. Bununla bərabər səmanı, ayı, ulduzları ən əsas da ruhumuzun qida mənbəyi olan Günəşi bəxş edib. Onlar qızıl torpaqların sahibi, isti ürəkli, əliaçıq, qonaqpərvər insanlardır. Bununla da bitmir onların xoşbəxtlikləri. Onlar Zəngəzurdan gələn ilk qatarı, Naxçıvandan gedən son qatarı qarşılayan və yola salan qədim və ulu diyarın sakinləridir. Onlar xan Arazın sahilində övlad böyüdən, təsərrüfat salan, Vətən sərhədlərinə keşik çəkənlərdir. Qəlbləri mehriban, qapıları açıq, süfrələri bol ruzili bu əməksevər insanlara ruzini sanki Allah göydən zənbillə endirib. Qışda bulud kimi ağ örpəkli, yazda qaranquşlu, bağ-bağatlı bu cənnət şəhərin tarixi çox qədimə dayanır. Bu yurd zaman-zaman yadelli işğalçı hücumlarına məruz qalaraq yayı əlindən alınıb. Onlar bunu qana-qana ediblər ki, sən öz tarixi kökündən, müqəddəs torpağında uyuyan Nuh babandan ayrı düşəsən. Ancaq bilməyiblər ki, ürəyinin dərin qatlarında min bir bayatı, ağı gizlətmisən ki, yad əllər ora toxunmasın, incitməsin, yaralamasın. Əminliklə hiss etmisən ki, sakinlərin eşidib yaddaşlarına həkk etdiyi el bayatılarını, muğam üstündə notlanan tarixini nə vaxtsa vərəqlərə köçürüb itib batmasın deyə qopuzunda, sazında çalacaq. Əfsanələşmiş el deyimlərin, nə vaxtsa tarixləşəcək. Bunu bir sən bilmisən bir də səni yaradıb qoruyan Ulu Yaradan.
    Bu, bir həqiqətdir ki, Gəmiqaya zirvəsi dünya üzrə qaya rəsmləri olan yerlərin ən hündürüdür. Ümummilli Lider Heydər Əliyev deyirdi: “... Bu, bildiyimiz kimi, həm təbiətin böyük bir abidəsidir, eyni zamanda insan yaradıcılığının abidəsidir. Bu abidə Azərbaycanındır. Azərbaycanın tarixini əks etdirən abidədir”.
    Böyük bir zirvədə qaralıb misə dönmüş qaya parçaları üzərindəki tarixi qoruyub saxlamaq üçün bu qədim şəhərin sakinləri od olub Günəşi, su olub torpağı, yel olub havanı udublar. Bəlkə də, Ordubadın müqəddəs torpaqlarında tarix özü yaşamaq istəyir deyə bu yazılı daşlar, qayalar min illərin yağışına, qarına, küləyinə, boranına, günəşinə, istisinə sinə gərərək bu günümüzə qədər gəlib çıxmış bəşər tarixidir. Zaman keçdikcə bu tarix bizdən uzaqlaşacaq, nə zamansa çevrilib yerə hopacaq, küləklərin ələyində ələnəcək, xəlbirində sovrulacaq və tarixin dəyirmanında üyüdülərək bu yazıları yazan ulu babalarımızın müqəddəs ruhları kimi qeybə çəkiləcək. Yox, yox, bu mümkün olmayacaq. Bu diyarın hər qarışı, hər tini tarix qoxacaq. Minilliklər ərzində öz taleyini bizə əmanət edən bu tarix heç zaman itib, batıb, solmayacaq. İnanıram ki, bu müqəddəs yolun yolçuları hələ çox olacaq. Əlbəttə ki, bu yolların büdrəməsi, yıxılıb-durması olacaq. Bu yollarda dərviş olmaq üçün gərək yolun karvanı olasan. Yana-yana, uçuna-uçuna, deyinə-deyinə, sevinə-sevinə pay-piyada bu lal qayaların lal pıçıltısına qulaq asasan. O zaman bu quşqonmaz, ünyetməz zirvələr onun üçün adi yol olacaq. Bu yolları sevərək gedənlərə isə çox möcüzələr, çox mətləblər aydın olacaq... Mənə olduğu kimi. 
    Ordubad rayonunun ərazisi Qədim Daş dövründən başlayaraq Son Orta əsrlərə qədərki dövrə aid abidələrlə zəngindir. Tivi və Nəsirvaz kəndlərində, Qaranquş yaylağında Tunc və İlk Dəmir dövrlərinə aid edilən, üzərində ov və rəqs səhnələri, müxtəlif işarələr olan qaya parçaları aşkar edilib ki, bu da ulularımızın həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini izləməyə imkan verir. Qaranquş yaylağında, Gilançay vadisində yaşamış qədim tayfaların yurd yerləri, yaşayış məskənlərinin izi hələ də qalmaqdadır. Bəlkə də, məhz buna görədir ki, xoş xəbər müjdəçisi qaranquşa olan müqəddəs inam Nuhun gəmisinin quruya çıxdığı Ordubadda daha geniş şəkildə yayılaraq əfsanələşib. Nə bilmək olar, bəlkə də, Novruz bayramında yandırılan ilk tonqal yeri Gəmiqaya zirvəsidir. Min illər keçməsinə baxmayaraq, həmin adətlər Türk dünyasında bu gün də davam etməkdədir. 
    Ordubad şəhərində Cümə məscidi, Qeysəriyyə, Eyvaz türbəsi, Əylis kəndində Şah Abbas məscidi, bir çox kəndlərdəki məscidlər, orta əsrlərə aid Düylün, Aza, Malik İbrahim, Xanağa, Nüsnüs pirləri, Aza körpüsü və bir çox tarixi məkanlar bu yurdun canlı şahidləridir. Qapıcıq, Soyuq, Əjnövür, Bəlkə dağlarından, Şıxı yurdu, Qurban yurdu və Salabundan keçərək Zəvvar arxı ilə gəlib kiçik şəlalə kimi çaylarımıza tökülən qar sularından mayalanan sərin çeşmələri var Ordubadın. Kəhrizləri, bağ-meşələri, Şərq üslubunda tikilmiş memarlıq abidələri, zəhmətkeş insanları, istedadlı ziyalıları, mərd oğulları, iffətli qızları, isti ürəkli, əliaçıq, saf məhəbbətli insanları olan Ordubad bura gələn bütün qonaqları öz bənzərsiz, ecazkar tilsiminə salaraq özünə yenidən və yenidən valeh edir. 
    Mühüm ticarət yolu ayrıcında yerləşən Ordubad Yaxın və Orta Şərq ölkələrinə və XVI əsrin ortalarından başlayaraq Venesiya, Marsel, Amsterdam və bir çox Avropa şəhərlərinə də ipək ixrac edirdi. XX əsrin əvvəllərində keçirilmiş beynəlxalq sərgidə Ordubad ipəyi 13 dəfə qızıl medalla təltif edilib. Ordubad şəhəri Anbaras, Kürdətal, Üçtürləngə, Mingis və Sərşəhər kimi beş böyük məhəlləyə bölünüb. Burada 72 yeraltı çeşmə olub ki, hazırda 34 çeşmədən istifadə olunur. Bütün çeşmələr bir-biri ilə yeraltı yollar vasitəsilə bənd edilib. Hər tərəfdən yeraltı kəhriz sistemi ilə əhatələnmiş Ordubad yeganə şəhərlərdəndir ki, özünün qiymətli tarixi-memarlıq abidələrinin zənginliyini, orta əsr plan quruluşunu və qədim yaşayış zonasının bütöv bir hissəsini qoruyub saxlayıb. Bu cəhətdən Ordubad qiymətli tarixi şəhər olaraq şəhərsalma sənətinin görkəmli nümunəsidir. Arxeoloji və memarlıq abidələrinin sayına görə Ordubad Azərbaycanda üçüncü yerdədir. Burada qeydə alınan 50 tarix və mədəniyyət abidəsindən 9-u tarixi, 6-sı arxeoloji, 33-ü memarlıq, 1-i ziyarətgah, 1-i monumental sənət abidəsidir. Onlardan 1-i dünya, 14-ü respublika, 35-i yerli əhəmiyyət kəsb edir. 291 abidədən 110-nu ölkə, 177-si yerli, 4-ü dünya əhəmiyyətlidir.
    Ordubada ən böyük qiyməti öz sözləri ilə verən Ümummilli Lider Heydər Əliyev 1980-ci ilin may ayında Ordubadda olarkən Ordubadı “Azərbaycanın incisi” adlandırmışdır. Bu kəlam hər kəsin yaddaşında kök saldı, qol-budaq atdı, çinar qədər əyilməz, polad qədər qırılmaz, sınmaz oldu. Orta əsr şəhər quruluşunu tamamilə qoruyub saxlayan Ordubad Ulu Öndərin göstərişi ilə 1977-ci ildə qoruq-şəhər elan edilmişdir. Dahi liderin “Mən Ona özüm qədər inanıram”, – dediyi, mühüm missiyanın ağırlığını öz çiyinlərinə götürən Müzəffər Ali Baş Komandan bu yola sadiq qalaraq estafeti özü daşıdı. O, Prezidentlik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi. Ata vəsiyyətinə sahib çıxdı. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail oldu, insanların rifah halını daha da yaxşılaşdırdı. O, idarəçiliyin elə demokratik və optimal yolunu seçib ki, hər bir ziyalı ölkə vətəndaşının dövlətçiliyin inkişafında yeri və rolu qaçılmazdır. Dövlət quruculuğunda bu yer hər kəsin məhz vətənpərvərliyinə, biliyinə, sağlam düşüncəsinə, qabiliyyətinə görə müəyyənləşib.
    Naxçıvan Muxtar Respublikasının 100 illiyini bayram etdiyimiz bu ərəfədə Ordubadın Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilməsi haqqında dövlət başçısının 2024-cü il 21 fevral tarixli Sərəncamı qəlbimizdəki bayram atəşini daha da alovlandırdı. Köksümüzdəki sevincin həddi-hüdudu bizi bir daha həmrəy olmağa çağırdı. Bu Sərəncam tariximizin, mədəniyyətimizin qorunması ilə yanaşı, turizm imkanlarını da genişləndirəcək, gələnləri razı, gedənləri gözü yolda buraxacaq. Bu ecazkar yurd bir sehrli nağıl olub hər kəsin yuxusuna girəcək, kimisinə Asma bağlar, kimisinə Çin səddi, kimisinə Misir ehramları, kimisinə Artemidanın məbədi olacaq. Bir sözlə, kim necə baxırsa, necə görürsə elə olacaq. Dosta dost, düşmənə düşmən. Dünyanın harasında oluruqsa olaq, ürəyimiz bu bölgə ilə döyünəcək.
    Ordubadı qədəm-qədəm gəzdikcə gözlərimi yumur, ayaqlarımın altında ilk insanların ayaq səslərinin hənirtisini eşidirəm. Qaranquş yaylağından gələn yazın mehli harmoniyası bədənimi xəfifcə titrədir. Bu qədim yurd yerinin hər döngəsi, hər tini tarix qoxur. Ayaq səslərimə tarixi memarlığını qoruyub saxlayan əsrarəngiz şəhərin hər qapısından adam boylanır qonaqpərvər siması ilə evinə dəvət edir. Özünəməxsus mətbəxi, dünyanın ən uzaq yerlərinə aparılan torpaq ətirli limonu suvenir kimi evlərin baş köşəsində yer alaraq hər kəsin ən ləzzətli ağız tamına çevrilir. 
    Unutmamaq lazımdır ki, babalarımızın zəhməti, cəfakeşliyi və vətənpərvərliyi sayəsində yaranan bu tarixi abidələr, incilər mühafizə olunub bizdən sonrakı nəsillərə əmanət edilməlidir. Bu baxımdan onların mühafizəsi təkcə dövlətin yox, hər bir ordubadlının və muxtar respublika sakininin şan-şöhrət, şərəf və izzət işidir. Unutmayaq ki, hər bir xalqın qədimliyi onun əsrlər boyu yaratdığı abidələrdə yaşayır. Bu mənada, babalarımızın əziz yadigarlarını bərpa etmək sabaha dünənin ən yaxşı ənənələrini aparmaq, keçmişi qurmaq, gələcək haqqında düşünmək deməkdir. Ən əsası da unutmayaq ki, Tarixi İpək Yolunun qovuşduğu məkan, Zəngəzur qapısının Zəfər estafeti Ordubaddan keçir.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 27.02.2024 10:28