AZ EN RU

Tarixi ənənələrə sədaqətdən doğan qardaşlıq nümunəsi – Azərbaycan-Türkiyə...

    Tarixin bütün səhifələrini vərəqləsək, gəlmiş-keçmiş, dünən-bu gün yaşayan, var olan hansısa xalqların, millətlərin, ölkələrin Azərbaycan və Türkiyə qədər bir-birinin dərdinə ürəkdən yanmasının, şad gününə bütün qəlbi ilə sevinməsinin şahidi ola bilmərik. İllərin sınağından keçmiş, təcrübələrdən, yaşanmışlardan doğan bu dostluq, qardaşlıq ən mükəmməl ifadəsini isə, heç şübhəsiz, Türk dünyasının iki böyük lideri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarında tapır. Müasir dövr tariximizdə bu doğmalıq, yaxınlıq münasibətləri ölkə prezidentləri cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bütün sahələrdə güclü, etibarlı tərəfdaşlıq, sıx əməkdaşlıq əlaqələri çərçivəsində, perspektivli gələcək, inamlı sabahlar naminə ən yüksək səviyyədə yaşadılır, inkişaf etdirilir. Prezident cənab İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam”, torpaqlarımızın erməni işğalı dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatları milliliyə, soykökə bağlılığın, dahi sələflərin tarixi ənənələrinə layiqli xələflərin sədaqətinin müfəssəl inikasıdır... 

    Müxtəlif dövrlərdə hər iki ölkə liderləri tərəfindən yüksək kürsülərdən səsləndirilən siyasi bəyanatlarla yanaşı, çox uzağa getmədən yaxın keçmişdə baş verən bir neçə hadisəni, faktı incələmək yetər ki, Xalq şairi Bəxtiyar Vahabzadənin təbirincə desək, ayı bir, ili bir, eşqi bir, yolu bir olan Azərbaycan və Türkiyənin birliyini, həmrəyliyini dolğun şəkildə ifadə etmək mümkün olsun. Nümunə üçün 2016-cı il iyunun 15-də qardaş ölkədə hakimiyyət çevrilişinə cəhdi, 2020-ci ildə ədalətin bərpası naminə Azərbaycanın 44 günlük Vətən müharibəsini, 2021-ci ildə baş verən meşə yanğınlarını və ən nəhayət, 2023-cü il fevralın 6-da Türkiyənin 10 vilayətində baş verən güclü zəlzələləri göstərmək olar. Məhz sadalanan bu və digər bütün hadisələrin, çətin məqamların öhdəsindən bu iki qardaş ölkə çiyin-çiyinə verərək alnıaçıq, üzüağ çıxmağı bacarıb...
    Yazının əsas mövzusu kimi Türkiyədə yaşanan son məlum hadisə zamanı Azərbaycanın, xalqımızın göstərdiyi ənənəvi prinsipial mövqeyə, ortaya qoyduğu işlərə, fəaliyyətə diqqəti çəkmək istəyirəm. Bildiyimiz kimi, təbii fəlakətin baş verdiyi ilk andan etibarən ölkəmizin əsl qardaşlıq, dostluq münasibətinin, həmrəyliyinin göstəricisi kimi Prezident cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən zəlzələ bölgəsinə ard-arda bir neçə çevik xilasetmə dəstəsi, tibbi heyət, yaralananların müayinə və müalicəsi məqsədilə səhra çadırları, tibbi ləvazimatlar, maddi yardımlar göndərildi. Dövlətimizlə yanaşı, xalqımız da bu ağır, çətin gündə türkiyəli qardaşlarını yalnız buraxmadı, ölkəmizin hər yerindən yüzlərlə, minlərlə insan əlindən gəldiyi qədər, könlündən qopanı ilə evsiz-eşiksiz qalanlara, dəstəyə ehtiyacı olanlara öz köməkliyini göstərməyə çalışdılar, könüllü gənclər zəlzələ bölgəsində xəsarət alanlara yardım məqsədilə qardaş ölkəyə yollanaraq orada öz mənəvi borclarını layiqincə yerinə yetirdilər. 
    Naxçıvan Muxtar Respublikasında da fevralın 7-dən etibarən Türkiyəyə hərtərəfli dəstək aksiyası keçirildi, muxtar respublikanın Bakıdakı Daimi Nümayəndəliyinin kollektivi, paytaxt Naxçıvan şəhərində, rayonlarda şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, müxtəlif dövlət təşkilatlarının əməkdaşları, sakinlər, iş adamları, sahibkarlar yardım kampaniyalarına, humanitar aksiyaya canla-başla qoşuldu, səhiyyə ocaqları ehtiyac yarandıqda Türkiyədən olan yaralıların qəbulu, müalicə və müayinəsi üçün tam hazır vəziyyətə gətirildi. Zəlzələ bölgəsində əziyyətçəkən insanların köməyinə yetişəcək zəruri vasitələrlə, əsasən, qida, geyim, dərman,  uşaq bezi, sadə yataq, generator, konteyner, səhra çadırları, istilik lampaları, yorğan dəstləri, xalçalar olmaqla Naxçıvan sahibkarlarına məxsus 52 TIR Türkiyəyə yola salındı. 
    Ümumilikdə, qardaş dəstəyi kimi ölkəmiz tərəfindən 669 xilasedici, 111 həkim, tibb və inzibati personal, 150 könüllü olmaqla, 930 nəfər Türkiyədə fəlakətin böyüməsinin qarşısının alınmasında, fəsadların aradan qaldırılmasında fəal iştirak etdi. 16 təyyarə, 448 TIR, 25 vaqonla 5320 ton humanitar yardım zəlzələ bölgəsinə çatdırıldı. Son açıqlamalara görə, 49 mindən çox insanın həyatını itirdiyi zəlzələnin törətdiyi dağıntıların altından Azərbaycan xilasediciləri tərəfindən 53 nəfər sağ çıxarıldı, 780 nəfərin cəsədi aidiyyəti üzrə təhvil verildi, səhiyyə personalımız 3 mindən artıq xəsarət alan vətəndaşa tibbi xidmət göstərdi. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Böyük dağıntı, çox sayda insan tələfatı ilə nəticələnən zəlzələ insanlıq baxımından yardımlaşmanın, paylaşmanın önəmini ortaya çıxarmaqla yanaşı, dünya siyasi sferasında hərəkətlənməyə, soyuq münasibətlərin qismən mülayimləşməsinə, buzların əriməsinə də yol açdı. Digər bir deyişlə qardaş ölkənin bu ağır günündə keçmişdə baş verən gərginlikləri unudub onun yanında olanlar da oldu, bu ağrılı-acılı məqamı öz şəxsi mənafeləri naminə fürsətə çevirməyə çalışanlar da. Dost dar gündə tanınar tandemini bütün dünyanın gözü önündə bir daha sübut edən Azərbaycandan fərqli olaraq Ermənistan barmaqla sayılacaq maşınla humanitar yardım adı altdında 1993-cü ildən bəri bağlı qalan quru sərhədinin açılması fürsətini yaxalayaraq bunu Türkiyə ilə diplomatik münasibətlərin qurulması istiqamətinə yönəltməyə çalışdı. Di gəl ki, hər fürsətdən sui-istifadə etməyə çalışan düşmən ölkənin bədxah insanları bu ağır məqamda da əsl simalarını gizlədə, rəzalət əməllərindən, şəxsi hərisliklərindən əl çəkə bilmədilər. Belə ki, axtarış işlərinə cəlb edilən bəzi erməni xilasedicilərin çox keçmədi, soyğunçuluqla məşğul olduqları üzə çıxdı, üzərindən zəlzələdə ölən insanların qızıl-zinət əşyaları aşkarlanan Arsen Qazaryan və Vahan Sürmalyan atalarının ənənələrinə sadiq qaldıqlarını sübut etməklə haqlı olaraq dəmir barmaqlıqlar arasına düşdülər. “Yalan ayaq açar, amma yeriməz”, – deyiblər. Görünən odur ki, tarixboyu türklərə nifrət, kin qusan ermənilərin uydurma “soyqırımları” kimi, humanitar yardım adı ilə sırımağa çalışdıqları budəfəki yalançı “xeyirxahlıqları” da pas tutdu, yerimədi... Həqiqətin gözü kordur, onu bir müddət ört-basdır etmək olar, ancaq o, gec-tez mütləq üzə çıxır. Reallıq odur ki, düşmənin gizlətməyə çalışdığı bu məkrli, xain xarakter onun geninə işləyib artıq. Əslində, bu utancverici hərəkət heç cür təəccüb də doğurmur. Əli minlərlə günahsız insanın qanına batan ermənilərdən xeyirxah əməl gözləmək Qobi səhrasında Niaqara şəlaləsi arzulamaq kimi bir xəyaldır.
    Doğru söyləyiblər ki, hər şeyin təzəsi, dostun köhnəsi. Bəli, baş verən son təbii fəlakətlər də bir daha göstərdi ki, eyni kökdən, eyni soydan gələn bu iki qardaş ölkənin – Türkiyə və Azərbaycanın insanları ulu babalarının tarixi dostluq ənənələrinə sadiqdir. Və şübhəsiz, bu sədaqətdən doğan həmrəylik, birlik, bərabərlik bir ananın arzuları, diləkləri eyni olan iki ulu oğlunu amallarına, məqsədlərinə ən layiqli şəkildə çatdıracaq. Bunun yaxın gələcəkdə gerçəkləşəcəyinə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının “Fəlakət-Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Türkiyədə keçirilməsi, dövlət başçımızın Ankara Sammitində zəlzələnin fəsadlarından, çoxsaylı insan tələfatından kədərləndiyini diqqətə çatdıraraq etdiyi dərinməzmunlu çıxış bir daha əminlik yaratdı: “Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq. Əminəm ki, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaqdır. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Eyni zamanda 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir. 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır”. 

Nail ƏSGƏROV
 

 

Nəşr edilib : 17.03.2023 20:11