AZ EN RU

Tarixi ədalətə çağırış, siyasi iradəyə inam yeridir Laçın

    Böyük Qələbəni şərtləndirən, qədim torpaqlarımızın işğalının sona çatdığı 44 günün hər biri xalqımızın qəlbində illərdir, qubar bağlayan həsrətin əbədi vüsala çevrildiyi tarixi anlar, haqqın batil üzərində parlaq zəfəri, müqəddəs məramın təntənəsi kimi yaddaşlara möhürləndi. İki ildir ki, təqvimin həmin günlərini şəhidlərimizin xatirəsini əziz tutmaqla böyük coşqu, sevinc hissi ilə qeyd edirik. Bu ildən etibarən isə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixdə imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamla işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri rəsmi şəkildə, təntənəli qeyd olunacaq. Sərəncamda deyilir: “Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı... Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu”.

Hərbi qüdrətlə siyasi iradənin 
vəhdəti – diplomatik qələbə...

Postmüharibə dövrünün geosiyasi mənzərəsinə baxanda Laçının əhəmiyyəti, üstün cəhətləri bir daha öz aydınlığı ilə diqqətimizə hakim kəsilir. Mühüm strateji ərazidə yerləşən, Qarabağın Ermənistanla nəqliyyat əlaqələrinin əlverişliyi baxımından bu rayonumuz İkinci Qarabağ müharibəsinin taleyində də həlledici rol oynadı. Düzdür, şəhərin özü və böyük bir qismi hərbi deyil, siyasi yolla qaytarılsa da, aparılan əməliyyatların gedişatı belə deməyə əsas verir ki, rayonun döyüş meydanında azadlığı ordumuzun əsas hədəfləri sırasında idi. Ölkə başçısı da çıxışlarının birində bu məqama xüsusi toxunaraq deyib: “Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır.” Laçının ilkin olaraq niyə hərbi yolla azad olunması qarşıya qoyulmuşdur sualına bugünkü situasiyadan yanaşanda daha dolğun cavab tapılır. Bu baxımdan Laçınla bağlı bir sıra məqamları özündə ehtiva edən tarixi faktlara, hadisələrə nəzər salmaq gərəklidir. Ən mühüm amil odur ki, Ermənistanı Qarabağla birləşdirən yeganə dəhliz məhz bu şəhərdən keçir. Elə həmin dəhlizin yaratdığı imkanlardan sui-istifadə edən Ermənistan Birinci Qarabağ müharibəsində böyük üstünlük qazanaraq köməksiz qalan soydaşlarımızı qısa zamanda öz torpaqlarından didərgin sala bildi. Beləliklə də, Laçının işğalı, digər rayonların, ümumilikdə, Qarabağın tamamilə Azərbaycandan qoparılmasına yol açdı. Məhz bütün bu və digər üstün keyfiyyətlərinə görədir ki, 30 ilə yaxın müddətdə aparılan danışıqlarda Ermənistan tərəfi israrla bildirirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Bəzi Qərb dairələri, xüsusilə Fransa bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistana öz məkrli planını həyata keçirməsinə stimul verirdi. Təsadüfi deyildi ki, işğal dövründə düşmən tərəfindən Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. Elə rayonun azad olunandan sonra yayılan görüntüləri də Ermənistanın bu bölgəmizi əldə saxlamaq, oranı özəlləşdirmək üçün çox dəridən-qabıqdan çıxdığını deməyə əsas verir. Qarşı tərəf barədə əks-kəşfiyyat məlumatlarına malik, əməliyyat şəraitində üstün olan müzəffər Azərbaycan Ordusu da düşməni məhz onun 30 il öncə istifadə etdiyi həmin silahla – Laçın dəhlizi ilə vurdu. Böyük Qələbəmizin simvoluna çevrilən Şuşanın mənfurlardan təmizlənməsi zamanı taktiki gedişlərlə Laçın koridorunu bağlayan hərbçilərimiz düşməni çıxılmaz vəziyyətə, mühasirə şəraitinə saldı. Nəticədə, qarşı tərəf tamamilə məhv olmamaqdan ötrü kapitulyasiya aktına qol çəkməyə məcbur qaldı. Xüsusi strateji əhəmiyyətini, çətin relyefi, həmin vaxt qarşıdan gələn ağır, soyuq iqlimi nəzərə alsaq Ağdam və Kəlbəcərlə yanaşı, Laçının da yalnız hərbi deyil, hərbi-siyasi yolla azad edilməsi həm vaxt, həm də itkilər baxımından Azərbaycanın böyük diplomatik qələbəsi kimi tarixə düşdü...
    2020-ci il dekabrın 1-də Laçın rayonu işğalçılardan azad edilsə də, Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçdiyi üçün yeni yolun çəkilişi məsələsi ortaya çıxdı. Hər zaman üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında, tam şəkildə yerinə yetirən Azərbaycan tərəfi razılaşmaları daha tez bir zamanda başa çatdırdı, Rusiya tərəfi ilə marşrut xətti təsdiqləndi və təxirəsalınmaz tədbirlər görülərək yolun çəkilişi aparıldı. Bir il 8 aydan sonra artıq alternativ yol hazır vəziyyətə gətirildi və 2022-ci il avqustun 5-də Azərbaycan Laçın şəhərini tam qaytarmalı idi. Lakin Qarabağda qanunsuz məskunlaşan ermənilər müraciət edərək onlara avqustun 25-nə qədər əlavə vaxt verilməsini xahiş etdilər. Ölkə başçımız yenə öz humanistliyinə sadiq şəkildə təmkinli davrandı və avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu, Zabux, Sus kəndlərini nəzarətə götürdü. Beləliklə, otuzillik işğaldan sonra 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın iradəsi, qüdrətli ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı qarşısında ağ bayraq qaldıran mənfurlar nə qədər yubatmağa çalışsalar da, Laçını tam tərk etməyə məcbur qaldılar...

Əsil-kökə, el-obaya, 
doğma münasibətə qayıdış...

Qədim, tarixi torpaqlarımız işğaldan azad olunduqdan sonra dövlət siyasətinin əsas prioritetlərindən biri 30 ildir, dağıntıya məruz qalan Qarabağın həm mənəvi, həm də infrastruktur cəhətdən yenidən bərpası və soydaşlarımızın mərhələli şəkildə öz doğma yurdlarına, milli-mənəvi dəyərlərinə qayıdışını təmin etməkdir. Bu baxımdan ölkə Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icra əhəmiyyətini xüsusi vurğulamalıyıq. Proqramın məqsədləri sırasında ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqinin təşviqini aparmaq və digərləri yer alıb. Proqrama əsasən Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunan Böyük Qayıdış prosesləri artıq qısa zamanda reallığa çevrilir. Əgər ötən il Zəngilanın Ağalı kəndi “Böyük Qayıdış”ın ilk müjdəsi idisə, bu il Füzuli, Talış və Laçına qayıdış isə bu proqramın necə ciddi, dəqiqliklə hazırlandığını, sürətlə və ardıcıl şəkildə gerçəkləşdiyini göstərir. 
    Ölkə Prezidenti cənab İlham Əliyev hələ cari il martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edən zaman laçınlılara qayıdış müjdəsini vermişdi: “...Sizə və Azərbaycan ictimaiyyətinə bildirmək istəyirəm ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar...” Həmin görüşdən cəmi iki ay sonra, daha dəqiq desək, 28 May – Müstəqillik Günündə isə Prezident cənab İlham Əliyev Laçın şəhərinə qayıdan sakinlərlə görüşdü, evlərin açarlarını onlara təqdim etdi və beləliklə, birinci mərhələdə şəhərə 20 ailənin, yəni 97 nəfərin köçü baş tutdu. Avqustun 25-də isə rayonun yenidən salınan Zabux kəndinə birinci köç karvanı yola düşüb, ilk mərhələdə kəndə 20 ailə – 88 nəfər köçürülür. Onların arasında I Qarabağ müharibəsi şəhidinin ailəsi də var. Bununla da Laçın rayonunda 254 ailənin, yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib. Ölkə başçısı bildirib ki, cəmi səkkiz ay ərzində Laçın şəhərinin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq. Ümumiyyətlə, Laçında insanların rifahına xidmət edən bölgənin iqtisadiyatını gücləndirəcək çoxşaxəli layihələrin reallaşdırılması nəzərdə tutulur. Bu məqsədlə Laçın şəhərinin konseptual əsasını “Təbiətlə vəhdətdə olan şəhər” yanaşması təşkil edən Baş planı hazırlanaraq bu il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim edilib. Plana əsasən Laçın şəhəri “ağıllı idarəetmə”, müasir, qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Məhz rayonda məskunlaşma prosesi də buna uyğun aparılacaq. Yəni Laçında bəzi yerlərdə bir neçə kəndin sakinləri bir yerə cəmləşdiriləcək ki, bu həm onların firavan yaşayışı, eyni zamanda iş imkanlarının artırılması, nəqliyyat-logistika məsələlərinin həlli üçün daha əlverişlidir. Böyük qürurla demək olar ki, rayon azad olunandan ötən müddət ərzində yaşayış məntəqələrinin bərpası üçün çoxlu işlər görülüb, hazırda 2025-ci ilin əvvəllərinə istismara verilməsi nəzərdə tutulan beynəlxalq hava limanı inşa olunur, yollar, su, kanalizasiya, elektrik enerjisi xətləri çəkilir, tunellər salınır. Laçın şəhəri amfiteatr formasında yerləşdiyi üçün şəhərin böyük bir qismi günəş şüaları ilə əhatə olunur. Bunu nəzərə alaraq evlərin dam örtüklərində günəş panelləri quraşdırılıb. Gələcəkdə Laçın və Kəlbəcər rayonlarının su ehtiyatları hesabına böyük bir enerji mənbəyinin yaradılması da nəzərdə tutulub. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda su elektrik stansiyalarının tikintisi sürətlə gedir, 50 meqavatdan çox enerji alınır. Dövlətimiz tərəfindən qarşıya məqsəd qoyulub ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavata, gələcəkdə isə 500 meqavata çatmalıdır...

Tarixi missiyaya sadiqlik, sülhə, 
təhlükəsizliyə xidmət nümunəsi...

Bədnam qonşularımızın tarixboyu xoflandığı, qorxulu röyalarının rəmzi kimi “Qarabağın qara qapısı” adlandırdıqları Laçın bu gün də həmin missiyasını uğurla yerinə yetirərək təxribatlar qarşısında alınmaz qalaya, keçilməz səddə çevrilib. Siyasi iradə, iqtisadi güc sayəsində gün ötdükcə öz doğmalarını qoynuna alaraq əzəli görkəminə qovuşan dilbər bölgəmiz öz coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları ilə tarixi ədalətin bərpasında, ərazi bütövlüyümüzün qorunub saxlanılmasında, qondarma iddiaların iflasa uğramasında əvəzsiz rol oynayır... 
    Üçtərəfli Bəyanatda üzərlərinə götürdükləri öhdəliklərə əməl etməyən düşmən Laçın ərazisindən, xüsusilə humanitar məqsədli “Laçın” dəhlizindən çirkin hərbi-siyasi məqsədlər naminə istifadə edir, müxtəlif diversiya qrupları ilə təxribatlara əl atır, ərazilərimizi minalayır, bu yolla təbii sərvətlərimizi talayıb aparmağa çalışırdı. Bütün bu qanunsuzluqlara qarşı ötən il Azərbaycan ekofəalları, ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələri Laçın-Şuşa-Xankəndi yolu üzərində etiraz aksiyalarına başladı və 138 gün qar-çovğun bilmədən ölkəmizin mərd oğul-qızları haqq mübarizəsini davam etdirdi. Nəhayət, həmrəylik, birlik öz nəticəsini verdi, düşmən layiqli cəzasını aldı. Belə ki, cari il martın 30-da yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar baş verə biləcək təxribatları aradan qaldırmaq üçün Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr Silahlı Qüvvələrimiz tərəfindən nəzarətə götürüldü. Aprelin 23-də isə Azərbaycan-Ermənistan sərhədində, Həkəri çayının üzərində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu, məntəqədə ərazi bütövlüyümüzün rəmzi sayılan Dövlət Bayrağımız dalğalandırıldı... Cərəyan edən hadisələr, reallıq onu göstərir ki, 1992-ci ildə Laçının itirilməsi necə bütün Qarabağ ərazisinin Azərbaycandan zorla qoparılmasına yol açdısa, azadlığı da düşmənə ikiqat zərbə olmaqla onu haqla, hüquqla hesablaşmağa vadar edir. Lakin əcəlinə susayan düşmən Azərbaycanın beynəlxalq hüquqa söykənən humanist addımını dəyərləndirmək əvəzinə özünü məsum kimi göstərməyə, müxtəlif provakasiyalarla ona uzadılan sülh əlinə “siyasi don” geyindirməyə çalışır. Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri, əli günahsız soydaşlarımızın qanına batan Vaqif  Xaçaturyanın “Laçın” sərhəd-buraxılış məntəqəsindən vurnuxa-vurnuxa qaçmaq cəhdi puça çıxdıqdan sonra “Tır şousu” göstərən ermənilər budəfəki “səhnə əsəri” ilə də özlərinə “tamaşaçı alqışı qazana bilmədi”. “Tamaşa” barədə ən gözəl rəyi isə dövlət rəsmilərimiz verdi. Prezidentin köməkçisi Hikmət Hacıyev bildirdi ki, təkcə Laçın yolundan istifadə etməkdə israrlı olmaq, amma Ağdam yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə edilməsi və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir. Başqa yol yoxdur! Oyun bitdi! Naxçıvan Muxtar Respublikası Ali Məclisinin avqustun 1-də keçirilən növbədənkənar sessiyasında da bu məsələyə toxunularaq diqqətə çatdırıldı ki, Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfinin sərhəd-keçid məntəqəsinə “humanitar yük” adı altında konvoylar göndərməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təxribatdır. Ermənistanın bu əsassız səs-küyünə qarşı Naxçıvan Muxtar Respublikasının 30 ildən artıq məruz qaldığı həqiqi gərgin humanitar vəziyyətinə həmin dövləti dəstəkləyən bəzi ölkələrin səssiz qalmasına ciddi etiraz bildiririk. Ölkəmiz əleyhinə Ermənistanın və onu dəstəkləyən dövlətlərin apardığı məkrli fəaliyyətə qarşı gərgin və müdrik siyasət yürüdən Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevi bütün muxtar respublika sakinləri ilə birgə dəstəkləyirik. Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında Ermənistanın tələbi ilə Qarabağda humanitar vəziyyətlə bağlı fövqəladə iclasdan hayların suyu süzülə-süzülə çıxmasına vəsilə olan “spayka tamaşası”na növbəti əsaslı rəy isə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevdən gəldi.  O, Qarabağda yaşayan ermənilərin toy, ad günləri, müxtəlif təntənəli mərasimlər keçirdiyini, rəqs etdiyini, şənləndiyini və xoşbəxt olduğunu göstərən yüzlərlə videomateriallar olduğunu bildirdi, onların fotolarını təqdim edərək, guya, qida çatışmazlığı, ac olduqları, humanitar fəlakətlə üzləşdikləri haqda iddiaların üstündən qara xətt çəkdi... 

Otuzillik ədalətsizliyin tar-mar olduğu 
gündür 26 avqust

Haqqa, ədalətə çağırışın, siyasi iradəyə inamın ayaq səsi, mübarizənin, qətiyyətin təntənəsidir bu gün. Müzəffər Ali Baş Komandanın xalqına verdiyi vədin, xalq-dövlət həmrəyliyinin, 30 il öncə sinəsini tankın, topun qarşısına sipər edən atanın nərəsinin, naəlac baxışları övladının üzərinə dikilən ananın fəryadının “Dəmir yumruğ”a dönüb düşmənin başına çaxılmasıdır bu gün. Qalib Azərbaycan hərbçisinin “Möhtərəm Prezident! Cənab Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü!” mübarək şüarının düşməni lərzəyə gətirdiyi, bədxah qüvvələrin canına vəlvələ saldığı, “Ay Laçın, can Laçın”ın “tez solan gülü”nün yenidən açdığı, qəhərin sevinc göz yaşlarından qorxub qaçdığı, əbədi vüsal günəşinin şölə saçdığı gündür bu gün. Günün mübarək, əziz Laçın!

 Nail ƏSGƏROV

Nəşr edilib : 25.08.2023 23:02