AZ EN RU

Tarixi ədalətdən doğan birlik, milli rifah və xoşbəxt sabahlar naminə

    Fevral ayının əvvəllərində qardaş Türkiyə Respublikasında baş verən və ona yaxın iri regionda böyük dağıntılara, insan tələfatına, ağır faciələrə səbəb olan zəlzələ fəlakətinin ağrı-acıları hələ də istər qardaş ölkədə, istərsə də Vətənimizin hər bir yerində böyük narahatlığa səbəb oldu. 50 minə yaxın insanın ölümü, 100 minə yaxın insanın yaralanması, yaxud da böyük bir qisminin sağlamlıq imkanlarından ömürlük məhrum olması ilə nəticələnən bu təbii fəlakətin açdığı yaralar bütün türk xalqlarını dərindən sarsıtdı. Belə ağır bir şəraitdə ölkəmizin hər yerindən insanlar türk soydaşlarımıza yardım göstərmək, dərdlərinə məlhəm olmaq, baş verən müsibəti maddi və mənəvi cəhətdən az da olsa, xəfiflətmək üçün canla-başla çalışdılar, sözün əsl mənasında, birlik-bərabərlik, həmrəylik nümayiş etdirdilər. Bu müqəddəs yolda gənclərimizin, habelə qardaş imdadına çatan könüllülərimizin göstərdiyi yardımlar təqdirəlayiq addım kimi bizi də qürurlandırdı, sevindirdi. 

    Qəzetimizin son nömrələrindən birində qardaş ölkəyə kömək məqsədilə səfər etmiş bir qrup gənc könüllünün söhbətlərini təqdim etmişdik. Onların gördükləri, şahidi olduqları hadisələri oxuduqca biz də o ağrı-acını yaşadıq. Bu dəfə də zəlzələ bölgəsində olmuş, türk soydaşlarımıza xidmət göstərmiş bir qrup könüllümüzün müsahibəsini oxucularımıza təqdim edirik. 

    “Türk qardaşlarımıza xidmət göstərdiyimiz hər gün bizim üçün yaddaqalan olurdu”, – deyir Gənclər Fondunun könüllüsü Nihad Məmmədov. Zəlzələdən zərər görmüş yerlər haqqında belə söhbət açır bizə müsahibimiz: – Naxçıvanın könüllü qrupu olaraq bizə qardaş ölkəyə səfər edəcəyimizlə bağlı məlumat verildikdə çox sevindim. Təbii fəlakət baş verdiyi gündən sosial şəbəkələr və qəzetlər vasitəsilə zəlzələdən zərər görmüş yerlərdə insanların məruz qaldığı ağır hadisələrdən xəbərdar olurduq, bu da bizi çox kədərləndirirdi. Qardaş vətənin imdadına yetişmək mənim kimi bir çox gəncimizin könlündən keçirdi, oradakı insanlara – uşaqlara, yaşlılara xidmət etməyi qarşımıza məqsəd qoymuşduq. Neçə müddətdir ki, könüllüsü olduğum Gənclər Fondunun bu istiqamətdə böyük bir addım atdığını və bizi qardaş ölkəyə göndərmək istədiyini eşitdikdə mən də bu layihədə iştirak etmək üçün fəallıq göstərdim, nəticədə, fondun dəstəyi ilə bir qrup könüllü Türkiyə Respublikasına yollandıq. Yol boyunca yoldaşlarımızla bu müqəddəs işin plan-proqramını cızırdıq. Biz marşrut xətti üzrə hərəkət etdiyimizdə müəyyən yerlərdə fasilə verməli olurduq. Türkiyə Respublikası ərazisində fasilə zamanı yaxın yaşayış məntəqələrindəki insanlar bizi böyük məmnunluqla qarşılayır, Azərbaycandan gəldiyimizi bildikdə öpüb bağırlarına basırdılar. Uşaqdan-böyüyə hər kəs Vətənimizin türk soydaşlarımıza göstərdiyi yardımları təqdir edir, bu barədə ağızdolusu danışırdı. 
    Müsahibimiz deyir ki, zəlzələdən zərər görmüş, dağılmış, məhv olmuş binaların, məktəblərin böyük bir qismi Kahramanmaraşda yerləşir. Bu şəhərdə, demək olar ki, bir dənə belə sağlam bina qalmayıb. İnsanlara doğma ocaq olan evlər cəmi bir neçə saniyənin içində məhv olmuş, uşaqlar, körpələr dağıntılar altında qalmışdı. Bu mənzərə, düşünürəm ki, kimliyindən asılı olmayaraq, hər kəsdə dərin kədər hissi yaradırdı. Körpə övladlarını itirmiş analar, atalar, qardaşlarını itirmiş bacılar, hətta ailə üzvlərindən bir nəfəri belə həyatda qalmayan insanların yaşadıqları dəhşəti sözlə ifadə etmək qeyri-mümkündür... Tək ümidimiz qardaş ölkənin tez bir zamanda bu çətinliyin öhdəsindən gəlməsi, nə qədər ağır olsa da, əvvəlki firavan günlərini qazanmasıdır.

    Könüllü gənclərimizdən 24 yaşlı Səidə Əliyeva deyir: – Təbii fəlakətin baş verdiyi ilk gündən könüllü şəkildə zəlzələ olan bölgələrə getmək istəyirdim. Həm mənəvi, həm də səhiyyə işçisi olduğum üçün tibbi baxımdan əlimdən gəldiyi qədər köməklik edə biləcəyimi, elə türk qardaşlarımızın da bizim yardımımıza ehtiyacı olduqlarını düşünürdüm. Buna görə də adımı könüllü gənclər sırasına yazdırdım və müraciətimə müsbət cavab aldım. Fevral ayının 11-dən Azərbaycan könüllüləri 100 nəfərlik heyətlə qardaş Türkiyənin zəlzələdən zərərçəkən bölgələrinə yollandı. Mənim də daxil olduğum 50 nəfərlik qrup isə fevralın 23-də Kahramanmaraş şəhərində qardaşlarımızın imdadına yetişmək üçün yola düşdü. Türkiyə Respublikasında 20 günə yaxın bir müddət ərzində bir çox hadisəyə şahidlik etdik. Səhiyyə işçisi olduğum üçün daha çox yaralılara tibbi xidmət göstərməyə vaxt ayırırdım, digər könüllü yoldaşlarım isə müxtəlif humanitar yardımların çatdırılmasında, zəruri qidaların paylanılmasında, zəlzələdən əziyyət çəkən uşaqlara ağır günləri az da olsa, unutdurmağa canla-başla çalışırdılar. Yaralılara xidmət göstərdiyim üçün ən ağır, necə deyərlər, insan psixologiyasına mənfi təsir edən və heç zaman unudulmayacaq hadisələrin bir çoxu ilə qarşılaşdım. Övladını itirmiş analar, yaxınları dağıntılar altında qalan kimsəsiz, ahıl qocalar... Bütün bunlar çox dəhşətli mənzərə idi. Hətta xəstələri müalicə edərkən bir dərmandan iki ədəd verdiyimdə almırdılar. Deyirdilər ki, bir ədəd bəs edər, digərini ehtiyacı olan başqa xəstələrə verin. Bütün bunlar bizi çox kövrəldirdi. Bunu da deməyi özümə borc bilirəm ki, insanlar nə qədər çətin şəraitdə olsalar belə bizə hər zaman öz doğmaları kimi qayğı ilə yanaşırdılar. Vətəndən uzaq olduğumuz üçün bir parça çörəklərini belə bizimlə bölüşməyə çalışırdılar... Yaşadığımız ağrılı-acılı bütün bu hadisələri həmişə xatırlayacağıq. 

    Digər bir müsahibimiz Şaiq Əhmədovun dediklərindən: – Qardaş ölkənin zəlzələdən dağılmış, zərərçəkmiş yerlərində həyat şəraiti çox ağır və çətin vəziyyətdə idi. Dağıntılar altından çıxarılmış insanların psixologiyası isə çox sarsılmış, yaxınlarını, ailə üzvlərini itirmək onları sanki bu həyatdan qoparmışdı. Elə bu səbəbdən də biz çalışırdıq ki, zərərçəkən insanlara, qocalara, ələlxüsus da ata-anasını itirmiş körpələrə yardım göstərərək onların çöhrəsində azacıq da olsa, təbəssüm yarada bilək, ruhlandıraq. İlk baxışda həyat nişanəsindən uzaq, xarabalığı xatırladan şəhərin, evlərin mənzərəsi insanı nə qədər kədər və hüznə qərq etsə də, uşaqların üzündəki təbəssüm, onların gülüş səsləri hər kəsi bu ağır günlərin tezliklə keçib-gedəcəyinə inandırırdı. Orada olduğumuz müddətdə Vətənimizdən gələn yardımların türk qardaşlarımızda necə xoş ovqat yaratdığını görürdük. Azərbaycandan gəldiyimizi bildikdə uşaqdan-böyüyə hər kəs bizi qucaqlayıb təşəkkür edirdi. Bu da bizi qürurlandırırdı. Şübhəsiz ki, bir millət, iki dövlət olaraq, böyük itkilər vermiş qardaşlarımızın ən çətin günlərində dəstəkçisi olmağa davam edəcəyik. Bu bizim mənəvi borcumuzdur.

    Ülvi Cəfərxanlı da Naxçıvandan Türkiyəyə yola düşən ikinci yardım dəstəsində yer alan gənclərdən biridir. O deyir: – Qardaş ölkədə şəhərləri ard-arda geridə qoyduqca, zərərçəkən əsas şəhərlərə yaxınlaşdıqca tələfatın dəhşətini daha yaxşı dərk edirdik. Özümüzü buna mənəvi cəhətdən əvvəlcədən hazırlamışdıq. Doğrudan da, Kahramanmaraşa daxil olduqda yıxılmış evlər, binalar, boş qalmış küçələr bizə insanların necə bir dəhşət yaşadığını göstərirdi. Biz orada saat fərq etmədən bütün gücümüzü işimizə həsr etmişdik, hətta gecələri növbə ilə oyaq qalır, insanlara köməklik göstərirdik. Başıma gəlmiş bir hadisəni sizinlə bölüşmək istəyirəm: Gecə növbələrindən birində, təqribən, yaşı 45-50 yaşlarında olan bir kişi ilə həmsöhbət oldum. Məlum oldu ki, onun əmisi və əmisinin yoldaşı da zəlzələdə vəfat edib. Kövrək halda onlar haqqında danışarkən telefonunda yaxınlarının dağıntılar altından çıxarılmış cansız şəkillərini göstərdi. O anda mənim üçün sanki zaman dondu. İnsan həyatının necə dəyərli olduğunu və onun saniyələr içində əlindən necə getməsinin mümkünlüyünü dərk etdim. Hələ də zaman-zaman o şəkil xəyalımda canlanır. Unutmayacağımız ağır hadisələrlə yanaşı, xoş xatirələrimiz də oldu. Bizim yaşadığımız çadırla qonşu çadırda bir ailə yaşayırdı. Onların, təxminən, 4-5 yaşlarında Larin adlı balaca bir qızları var idi. Bu balaca qız sanki oradakı hər kəsin övladı idi. Larinin yaşı kiçik olsa da, qəlbi çox böyük idi. Gün ərzində nə zaman yemək yesə, hökmən öz yeməyindən yardım göstərənlərə də təklif edirdi. Bu balacanın qayğıkeşliyini, həssaslığını görənlər, biz də daxil olmaqla hər kəs göz yaşlarına qərq olmuşdu. 
    Tarix də bu həqiqəti sübuta yetirib ki, Azərbaycan və Türkiyə qardaşlığı zamanın bütün dövrlərində çətinliklərin məngənəsindən qürurla çıxmağa nail olub. Hər iki dövlət ən ağır günlərdə əsl qardaşlıq nümunəsi göstərib, bütün çətinliklərə  sinə gərib və heç zaman tutduğu qərarlı yoldan geri dönməyib. Bu gün müsahiblərimizin də söhbətləri bir daha “Bir millət, iki dövlət!” şüarının necə tarixi zərurətdən doğduğunu sübuta yetirir. İnanırıq ki, bu birlik, bərabərlik, milli rifah və xoşbəxt sabahlar naminə atdığımız hər bir addım gələcək nəsillərə əsl qardaşlıq nümunəsi kimi miras qalacaq. 

Məcid RƏŞADƏTOĞLU
Aysel YUSİFZADƏ

Nəşr edilib : 13.03.2023 22:53