AZ EN RU

Tarixi dostluq müstəvisindən strateji müttəfiqliyə

Türkiyəni Türk dünyasına bağlayan Naxçıvandan dünyaya mesajlar

    Türkiyə Prezidentinin 15 ildən sonra sentyabrın 25-də yenidən Naxçıvana səfəri bu dəfə fərqli kontekstdən yanaşmanı tələb edir. Ötən müddət Cənubi Qafqazda yeni reallıqları gündəmə gətirməklə yanaşı, eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərini də yeni müstəviyə – Şuşa Bəyannaməsi ilə rəsmiləşdirilən strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Xüsusilə Azərbaycanın son 3 il ərzində bütün Qafqaz regionunu dəyişən proseslərə imza atması bu istiqamətdə görülən tədbirlərin və yaranan yeni reallıqların müzakirəsini zəruri amilə çevirib. Bu səfərin Vətən müharibəsinin 3-cü ildönümü ərəfəsinə, Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli 24 saatlıq antiterror tədbirlərinin müsbət nəticə ilə yekunlaşmasından qısa bir müddət sonraya təsadüf etməsi də əbəs yerə deyil. Prezident cənab İlham Əliyev də öz çıxışında bunu qeyd etdi: “Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir”.

    Naxçıvan həmişə strateji əhəmiyyətli bir bölgə olub. Qərblə Şərqi birləşdirən Böyük İpək Yolunun üzərində yerləşməsi onu həmişə fatehlərin, qüdrətli dövlətlərin siyasi maraqlarının kəsişdiyi və toqquşduğu ünvana çevirib. 90-cı illərdə Naxçıvanı ağır vəziyyətdən xilas edən xalqın böyük oğlu Heydər Əliyev “Naxçıvan Türk-islam dünyasına bir qapıdır”, – deyirdi. 1992-ci ilin may ayında ermənilərin artan işğalçı fəallığına cavab olaraq Ümummilli Liderin təşəbbüsü ilə Türkiyə Cümhuriyyəti 1921-ci il Qars müqaviləsinə əsasən Naxçıvan haqqında söz sahibi, onun muxtariyyətinin qarantı olduğunu yenidən bütün dünyaya bəyan etdi. Məhz bu bəyanatdan sonra dünyanın 57 dövləti Ermənistanın təcavüzkar hərəkətlərini pislədi. Türkiyə sabitləşdirici missiya daşıdığına görə onun regionda olması ümumi sabitliyə xidmət edən bir mühit yaradır. Çünki artıq bütün dünya Türkiyə reallığı ilə hesablaşır. Naxçıvana baş tutan bu səfər də həmin amilin dünyaya bir daha bəyanıdır.

    Təbii ki, Türkiyə-Azərbaycan münasibətləri dərin tarixi köklərdən qaynaqlanır, müasir mərhələdə isə daha geniş xarakterli miqyas alıb. 2008-ci ilin iyun ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri böyük siyasi məna daşıyırdı. Həmin səfərdə geniş tərkibdə keçirilən görüşdə “Sizin Naxçıvana səfəriniz çox böyük əhəmiyyət daşıyır və əminəm ki, onun nəticələri də çox uğurlu olacaqdır, Naxçıvan qədim Azərbaycan torpağıdır və Türkiyə ilə Azərbaycan arasında yeganə sərhəd yeri buradır”, – deyən ölkə başçımızın bu sözlərinə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan onu da əlavə etdi ki, “Sərhəd şəhəri Naxçıvanda keçirəcəyimiz görüşlərin çox böyük mənası olacaqdır. Bu baxımdan biz buna çox böyük əhəmiyyət veririk”.
    Məhz həmin görüşdə Naxçıvanın enerji təhlükəsizliyi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsi və Azərbaycan qazının Türkiyə bazarlarına daxil olması, xüsusilə gələcəkdə bu qazın həcminin artımından sonra Türkiyənin Naxçıvanla həmsərhəd olan bölgələrinə də təbii qazın verilməsi nəzərdə tutulurdu. Bu layihənin təbii davamı olaraq Naxçıvanın bu xəttə birləşməsi də nəzərdə tutulurdu. Sentyabrın 25-də isə biz həmin tarixi anın gerçəkləşməsinə şahidlik etdik. Təməl ideyası 15 il bundan əvvəl atılmış layihə bu gün artıq ölkə liderlərinin iradəsi ilə gerçəkliyə çevrildi. 
    Naxçıvanın yeni layihəyə qoşulması muxtar respublikanın gələcək iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edən məsələdir. İğdır-Naxçıvan magistral qaz kəmərinin çəkilməsi kimi iri iqtisadi layihənin həyata keçirilməsi regionun gələcək inkişafına istiqamətlənib. Hazırda Naxçıvanın mavi yanacağa tələbatının 2004-cü ildə İranla bağlanılmış svop müqaviləsi əsasında həyata keçirildiyini nəzərə alanda, Türkiyə vasitəsilə də təbii qaz tədarükünün reallaşdırılması muxtar respublikanın qaz təchizatını şaxələndirməyə və enerji təminatının etibarlılığına, Türkiyənin Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətinin daha bir istiqamətdə artmasına imkan verir. 

    Sentyabrın 25-də baş tutan səfər, eyni zamanda Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün artıq son hazırlıqların görülməsi, kommunikasiyaların açılması yönündə bəyanatların səslənməsi ilə də əhəmiyyətlidir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında səsləndirdiyi kifayət qədər açıq mesajda görmək olur: “Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır. Bu fürsətin dəyərləndirilməli olduğuna inanıram. Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz. Bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir”.
    Türk dünyasının birlik və həmrəyliyində Böyük Turanın qapısı olaraq Naxçıvanın xüsusi yeri var. Bu günün reallığından yanaşdıqda əgər 2008-ci il iyunun 4-də Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Naxçıvana ilk səfəri, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına dair danışıqlar aparılması böyük tarixi önəm daşıyırdısa, 13 il sonra – 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” hər iki liderin ozamankı əminlik ifadəsinin möhtəşəm təcəssümü oldu.
    Naxçıvan səfərində bu məsələyə toxunan Prezident Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki: “Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir...”
    Təbii ki, hazırkı səfər indiki ərəfədə dünyaya, o cümlədən Ermənistana açıq mesaj baxımından da müsbət qiymətləndirilir. Liderlərin iştirakı ilə Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin istifadəyə verilməsi isə başqa bir mesajı çatdırır. Müxtəlif növ tank, zirehli döyüş maşını və transportyorların, artilleriya qurğu və sistemlərinin, hava hücumundan müdafiə vasitələrinin, atıcı silahların, mühəndis texnikasının, rabitə avadanlıqlarının, optik cihazların təmirini və modernləşdirilməsini, müxtəlif növ daxiliyanma mühərriklərinin təmirini və stend üzərində yoxlanılmasını, qeyd olunan bütün vasitələr üzərində detal və avadanlıqların dəyişdirilməsini və test edilməsini həyata keçirmək imkanına malik olan modernləşdirilmiş kompleks bu istiqamətdə qardaş ölkələr arasında hərbi əməkdaşlığın yüksələn xətlə daim inkişaf etdiyini və yeni işlərə imza atmağa imkan verdiyini bir daha əyani şəkildə göstərdi. 

    Digər məsələ, son dövrlərdə Azərbaycanın istər hərbi, istərsə də diplomatik yolla Ermənistan və onun dəstəklədiyi qanunsuz silahlı birləşmələr, terrorist qruplar üzərində qələbə çalıb onları tərk-silah etməsi, beynəlxalq arenada ölkəmizə qarşı Fransa kimi kolonist ölkə tərəfindən cəhd edilən, amma uğursuzluqla nəticələnən təzyiqləri dəf etməsi, separatçıların ağ bayraq qaldırmağa məcbur edilməsi və dinc yolla ərazilərimizi boşaltma, silah-sursatlarını təhvilvermə prosesinin getdiyi bir zamanda Naxçıvanda bu görüşün keçirilməsi və yeni layihələrə start verilməsi, sözün hər mənasında, Azərbaycanın qələbəsi, strateji müttəfiq kimi Avropanın böyük və qüdrətli dövlətlərindən, səlahiyyətli söz sahiblərindən biri olan Türkiyənin bu müstəvidə regionda böyük siyasi və iqtisadi güc imicinin möhkəmlənməsində müstəsna əhəmiyyət daşıyır. 
    Türkiyə Prezidentinin “Naxçıvan tarixboyu daşıdığı strateji əhəmiyyəti ilə Azərbaycanla əlaqələrimizdə xüsusi yerə sahibdir. Naxçıvan bu gün də iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malikdir. Regional nəqliyyat xətlərinin yaradılması ilə birlikdə bu potensialı tam mənasında həyata keçirmək imkanına sahib olacağıq” fikirləri aspektindən yanaşdıqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nun imzalanması olduqca mühüm əhəmiyyətə malikdir. “Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması tarixi hadisədir”, – deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev “Vaxtilə biz Sizinlə TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik – bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir”, – deyə əlavə edib.
    Naxçıvandakı görüş, müzakirə olunan məsələlər və şahidlik etdiyimiz tarixi reallıq, eyni zamanda Prezidentin bu yaxınlardakı Tacikistan səfərində verdiyi mesajların reallaşması istiqamətində də atılan yeni addımların gerçəkliyə çevrilməsi deməkdir. Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları və əks-istiqamətdə etibarlı tranzit ölkəsi olması amili isə birbaşa Naxçıvanla bağlıdır. Tezliklə açılacaq Zəngəzur dəhlizi kommunikasiyaların bərpasına və artıq təməli atılmış layihələrin həyata keçirilməsinə imkan verəcək. Nəhayətində, bir müddət əvvələ qədər əyalət mərkəzini xatırladan, iqtisadi blokadanın çətinlikləri ilə üzləşən Naxçıvan indi yalnız regional deyil, dövlətlərarası əməkdaşlıqda da yaxından iştirak edir, Azərbaycan-Türkiyə əlaqələri kontekstində aparıcı rol oynayır. 
    Əgər politoloqlar hələ o zaman – 2008-ci ilin iyununda Türkiyənin Baş naziri olan Ərdoğanın Naxçıvana səfərini iki ölkənin və regional münasibətlərinin inkişafında yeni addım kimi qiymətləndirirdisə, artıq 15 ildən sonra Prezident kimi baş tutan bu səfər strateji müttəfiqlik səviyyəsində həyata keçirilir. “Bizim müştərək maraqlarımız ondan ibarətdir ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin. Azərbaycana göstərdiyiniz dəstək həm İkinci Qarabağ müharibəsi zamanı, həm ondan əvvəl, həm də ondan sonra məhz bu məqsədə çatmaq üçün önəmli amildir”, – deyə ölkə başçısı cənab İlham Əliyev vurğulayıb.
    Naxçıvanda keçirilən bu görüş simvolik və ya sadə bir görüş deyil. Bu mühüm layihələrin müzakirə edildiyi, Avrasiyanın orta xəttində tarixi ədalətin bərpa ediləcəyi bir görüş kimi tarixə düşdü. Bu görüş, eyni zamanda Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlıdır. Türkiyənin mövcudluğu regionda yeni bir geosiyasi, geoiqtisadi mövqe qurur. Artıq uzun müddətdir ki, bu regionda formalaşmış geosiyasi konfiqurasiya darmadağın edilib. “Bu dəfə sizinlə Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyuram”, – deyən qardaş ölkənin başçısı Naxçıvanın Türkiyənin Mərkəzi Asiya regionuna inteqrasiyasında bir nömrəli açar olduğunu bir daha dilə gətirib. 

    Azərbaycan Prezidentinin çox incə, həssas, düşünülmüş şəkildə dünya siyasətinə bələd olması və diplomatiya tətbiq etməsi ölkəmizi beynəlxalq sferada daima irəliyə doğru aparır. Diplomatiya mümkün olmayanı bacarmaq, mümkün olmayanı etməkdir. Azərbaycan Lideri isə mümkünsüz kimi görünən və qiymətləndirilənləri həyata keçirməklə dünyaya Azərbaycansayağı diplomatiya dərsi keçir. 

    Və son olaraq tarixi rəsmi qarşılanma mərasiminin və günün görüşünün keçirildiyi, tarixi sənədlərin imzalandığı, mətbuata birgə bəyanatların verildiyi məkan. Buranın da xüsusi bir əhəmiyyəti və özünəməxsus mesajı var, desək, zənnimcə, yanılmarıq. Bu həmin o bina, həmin o zaldır ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 90-cı illərində Azərbaycanın gələcəyi üçün taleyüklü qərarlar burada qəbul olunmuşdu. Həmrəyliyimiz burada elan olunmuş, Dövlət bayrağımız burada qaldırılmış, Dövlət Himnimiz burada səsləndirilmişdir. İndi isə Ulu Öndərin davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gələcək perspektivləri, inkişaf hədəflərini özündə ehtiva edən böyük tarixi qərarlara burada imza atılır. Tarix təkərrürdən ibarətdir. 

                                                Məmməd BABAYEV

Nəşr edilib : 25.09.2023 20:04