AZ EN RU

Tarixçi-alim Arzu Abdullayev: “Prezidentin Şuşadan xalqa müraciəti dahi Lider Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının arzusunun reallaşan təcəssümüdür”

    Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan xalqa müraciəti dahi şəxsiyyətin zəngin siyasi irsinin, çoxşaxəli fəaliyyətinin müxtəlif aspektlərinin geniş şərhi ilə yanaşı, region ölkə­lərinin siyasi elitasına verilən mühüm mesajlarla da diqqətləri çəkdi. Müraciətdə dövlət başçısının dediyi: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik” qətiyyəti ilə dahi şəxsiyyətin ideyalarının əbədiyaşarlığını, övladın Ata vəsiyyətinə, Azərbaycan dövlətinin müdrik siyasi yola sədaqətinin dönməzliyini, bir daha bəyan etdisə, “Biz müasir texnologiyalara böyük önəm verərək, Azərbaycanda yüksək texnologiyaların inkişafına hesablanmış çox düzgün addımlar atmışıq. Burada həm kadr potensialı məsələləri, eyni zamanda bizim investisiyalarımız, sərmayələrimiz – biz indi kosmik dövlətə çevrildik. Azərbaycanda kosmik sənayenin inkişafının çox böyük potensialı var və gələcək də məhz bu istiqamətdə inkişaf edəcək. Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq” fikirləri ilə dövrün reallığı fonunda ölkə­mizin gələcək inkişaf prioritetlərinə, hədəflərə aydınlıq gətirdi...
    Ölkə başçısının bu tarixi müraciətinin ictimai-siyasi əhəmiyyəti barədə Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarixçi-alim Arzu Abdullayevin fikirlərini öyrəndik. Arzu müəllim qeyd etdi ki, xalqımız, dövlətimiz üçün əlamətdar olan bir gündə – 10 mayda xalqımızın dahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin yüz illik yubileyində cənab Prezidentin Şuşadan xalqa müraciəti dahi lider Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının arzusunun reallaşan təcəssümüdür. Azərbaycana Tarixi Qələbə bəxş edən Müzəffər Prezidentimizin Şuşadan xalqa müraciəti həm də şəhidlərimizin ruhuna böyük ehtiramdır. Ölkə Prezidentinin proqram xarakterli müraciətində biz bir daha müdrik dövlət xadimi Heydər Əliyevin Azərbaycana, onun müstəqilliyinə və əbədiliyinə həsr olunmuş ömür yolunu vərəqləyirik. Ulu Öndərin ən çətin vaxtda qəbul etdiyi qərarlar, göstərdiyi misilsiz xilaskarlıq Azərbaycana əbədi xoşbəxtlik bəxş etdi.
    Arzu Abdullayev bildirdi ki, Dahi Azərbaycanlı Heydər Əliyevin yaratdığı milli ideologiyanın nəticəsidir ki, bu gün bütün istiqamətlərdə Azərbaycan uğurlara, nailiyyətlərə imza atır. Cənab Prezidentin dediyi kimi: “Qarabağı, Zəngəzuru azad edən məhz gənc­lər olmuşdur, ovaxtkı gənclər və son 20 il ərzində yetişmiş gənclər”.  Bəli bu gənclər Ulu Öndərin milli ideologiyası işığında, Müzəffər Prezidentimizin rəhbərliyi ilə yetişdi. Cənab Prezident bugünkü müraciəti ilə Azərbaycanın Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrildiyini, “Orta Dəhliz” strateji layihəsinin reallaşacağını bir daha dünya ictimaiyyətinə bəyan etdi. Bu gün Qoşulmama Hərəkatı kimi dünyanın ikinci beynəlxalq təsisatına rəhbərliyimiz ölkə başçısının qeyd etdiyi kimi beynəlxalq mövqelərimizin kifayət qədər güclü olmasından, hüquqi və siyasi bazanı yarada bilməyimizdən irəli gəlir. Bu baxımdan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müraciəti ilə bir daha dünyaya bəyan etdi ki, Azərbaycanın missiyası həmişə olduğu kimi,  sülhə, beynəlxalq hüquqa, regionun davamlı inkişafına hədəflənib. Bu gün Qarabağ, Zəngəzur dirçəlirsə, doğma torpaqlarımızda böyük quruculuq işləri gedirsə, Böyük Qayıdış həyata keçirilirsə, Azərbaycan öz haqq işini, ədaləti bərpa edir. Dünya mədəni irsinə layiqli töhfələr verir.
    Arzu müəllim vurğuladı ki, cənab Prezidentin xalqa müraciətində dediyi: “...Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və biz – onun davamçıları onun yolu ilə gedirik. 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Azərbaycan xalqı mənə inandı və mən də sözümdə durmuşam və duracağam. 2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf və tərəqqi illəri olmuşdur” fikirləri bu gün hər bir azərbaycanlının gözləri qarşısında real hadisələrdir. Xalqımız çox yaxşı bilir ki, mürəkkəb və dünyanın çətinliklərlə üz-üzə qaldığı dövrdə Azərbaycan daxili və xarici siyasətdə müstəqil qərarlar qəbul edir, ölkəmizə davamlı inkişaf qazandırır. Bütün bunlar bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiq cənab İlham Əliyev kimi liderin Azərbaycana rəhbərlik etməsinin nəticəsidir və artıq Avropa ölkələrinin liderləri də dövlətimizin başçısı cənab İlham Əliyevi dünyanın aparıcı siyasətçiləri sırasında öz sözü, qətiyyətli mövqeyi olan dövlət başçısı və vədinə sadiq  etibarlı tərəfdaş kimi qəbul edirlər. Bu da bir daha onu deməyə əsas verir ki, lider cənab İlham Əliyev qlobal təşəbbüsləri ilə Avrasiyanın enerji siyasətinə mühüm töhfələr verir. Avropanın əksər ölkələri isə İlham Əliyev cənablarını müstəqil mövqeyi olan Prezident kimi çox yüksək dəyərləndirirlər. Prezident cənab İlham Əliyev hər zaman milli maraqlarımızı qətiyyətlə təmin edir və uzaqgörən qərarları ilə tarixinin ən qüdrətli Azərbaycanını böyük qürurla, fəxarətlə daha möhtəşəm gələcəyə aparır...

Nail ƏSGƏROV

Nəşr edilib : 10.05.2023 19:17