AZ EN RU

“Tarix yazan qəhrəmanlar” kitabının təqdimatı olub

     27 sentyabr – Anım Günü münasibətilə Culfa Rayon İcra Hakimiyyəti, rayon Mədəniyyət Şöbəsi, İdman İdarəsinin birgə təşkilatçılığı ilə Mübariz Möhsünov və Alim Ağayevin həmmüəllifi olduğu “Tarix yazan qəhrəmanlar” kitabının təqdimatı olub. Əlincəqala Tarix-mədəniyyət kompleksində keçirilən tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 
    Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Ruslan Cəfərov çıxış edərək bildirib ki, şəhidlik bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, bizlər o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Həyatda ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır. Lakin bu əlçatmaz zirvəyə ucalmaq hər kəsə nəsib olmur.
    Şəhid ailələrinin üzvləri və digər çıxış edənlər muxtar respublikada şəhid ailələri, qazi və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb, göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər. 
    Sonda müəlliflər Mübariz Möhsünov və Alim Ağayev “Tarix yazan qəhrəmanlar” kitabında yer alan məqalə və fotolar haqqında söhbət açıb, yeni nəşri iştirakçılara təqdim ediblər. 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 26.09.2023 20:17