AZ EN RU

Tarix yazan əbədiyaşar lider

    Naxçıvan Şəhər İcra Hakimiyyətində təşkil olunmuş “Tarix yazan əbədiyaşar lider” adlı tədbirdə Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov tədbiri giriş sözü ilə açaraq iştirakçıların diqqətinə çatdırıb ki, bu gün Ulu Öndərin fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə Azərbaycan xalqı yox, bütün region xalqları, türk xalqları, böyük İslam dünyası faydalanır. Elə buna görə də Ümummilli Liderin adı dünyanın hər yerində uca tutulur, xatirəsi ehtiramla anılır. 
    Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev çıxış edərək bildirib ki, ötən dövrə nəzər salsaq, görərik ki, bütün dünyanın diqqətinin Azərbaycanda olduğu bir zamanda, beynəlxalq güclərin Ermənistanın tərəfində olduğu bir dövrdə, qonşu ölkələrlə münasibətlərin normal olmadığı bir vaxtda qarşıdurmanı aradan qaldırmağa, milli birliyi yaratmağa böyük səriştə və siyasi iradə lazım idi ki, bunu məhz Heydər Əliyev bacardı. Bu gün görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana elə bir varis qoyub gedib ki, O varis bizə hər addımda uğur qazandırır.
    Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli vurğulayıb ki, xalqımız Heydər Əliyev şəxsiyyətini uca tutur, əbədiyaşar liderin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyaya bu gün bizə qələbə sevinci yaşadan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin simasında şahidlik edir. 
    Sonda sənədli filmə baxış olub.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 24.10.2023 18:43