AZ EN RU

“Tarix yaradan şəxsiyyət” adlı tədbir keçirilmişdir

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Tarix yaradan şəxsiyyət” adlı tədbir keçirilmişdir.
    Tədbirdə çıxış edən Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev bildirmişdir ki, qədim Naxçıvan torpağı XX əsrdə Azərbaycana Heydər Əliyev kimi görkəmli siyasətçi, müdrik dövlət xadimi bəxş etdi. Adı tarixin səhifələrinə qızıl hərflərlə yazılmış ulu öndərin Azərbaycan tarixində əvəzolunmaz xidmətləri olmuşdur. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir.
    Qeyd olunmuşdur ki, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli ulu öndər Heydər Əliyevin xidmətləridir. 
    Tədbirdə Heydər Əliyev Muzeyinin direktoru, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini Ramil Orucəliyev “Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü: 1990-1993-cü illər” mövzusunda çıxış edərək bildirmişdir ki, qədim Naxçıvan yüzillərboyu Azərbaycanın dövlətçilik ənənələrinin yaşadıldığı dayaq mərkəzi, milli birliyin, həmrəyliyin dəyişməz ünvanı kimi tarixdə öz yerini alıb. 1990-1993-cü illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin xilaskarlıq missiyasının, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesinin məhz Naxçıvandan başlaması da, bu mənada, taleyin hökmü idi. Bu illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilərək milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına rəvac verib.
    Tədbirdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasova “Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən tərəqqi strategiyasının əsas tərkib hissəsi olan Azərbaycanda dövlət qadın siyasəti”, Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, Qadir Əkbərov “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlər” mövzularında çıxış ediblər.
    Sonda muzeyin ekspozisiyasına baxış olmuşdur. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 06.05.2022 22:00