AZ EN RU

Tarix və mədəniyyət abidələrinin qorunması ümumxalq işidir

     1983-cü ildə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən təsis olunan Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü (Tarixi Abidələrin Mühafizəsi Günü) hər il aprelin 18-də bütün dünyada olduğu kimi, zəngin tarix və mədəniyyətə malik olan Azərbaycanda, o cümlədən onun qədim elm, təhsil və mədəniyyət mərkəzlərindən biri kimi Naxçıvan diyarında da qeyd edilir. Qədim zamanlardan bir sıra arxeoloji mədəniyyətlərin, xüsusilə Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin yarandığı, inkişaf etdiyi və ətraf ərazilərə yayıldığı mərkəz olan Naxçıvan bölgəsi orta əsrlər zamanı daha yüksək inkişaf səviyyəsinə çatmış, Yaxın Şərqin mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Hətta burada Azərbaycan memarlığının ən möhtəşəm qollarından biri olan Naxçıvan memarlıq məktəbi yaranmışdı. Orta əsr qaynaqları təsdiq edirlər ki, tarixin müxtəlif çağlarında Naxçıvan bölgəsində müxtəlif təyinatlı çoxlu tarix-mədəniyyət abidələri meydana çıxmış, burada zəngin mədəni irs yaradılmışdır. Bütün bunları nəzərə alaraq Ulu Öndər Heydər Əliyev deyirdi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”. 

    Təəssüf ki, zaman keçdikcə bu abidələrin bir hissəsi təbii qüvvələrin  təsirindən tədricən məhv olmuş və sıradan çıxmışlar. Tarix-mədəniyyət abidələrimizin məhv edilməsində XX yüzillikdə ölkəmizdə hökmran olan ateizm siyasətinin də rolu az  olmamışdır. Belə ki, Azərbaycanda, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda orta əsrlər zamanı yaradılan tarix-mədəniyyət abidələrinin əksəriyyəti (türbələr, məscidlər, mədrəsələr, xanəgahlar və sair) İslam dini ilə sıx əlaqədar olduğundan hakim ideologiyanın tələblərinə uyğun olaraq şəxsiyyətə pərəstiş illərində onların böyük bir qismi qəsdən dağıdılmış,  bəziləri isə həmin vaxt təsərrüfat məqsədilə istifadə olunmuşdur. Sovet hakimiyyəti illərində tək-tək  tarix və mədəniyyət abidələrində təmir-bərpa işləri isə keyfiyyətsiz və başdansovdu aparıldığından az sonra yenidən uçub dağılmışdır. 
    Azərbaycan ərazisində mövcud olan maddi mədəniyyət nümunələri yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildən ölkəyə rəhbərlik etməsindən sonra dövlət qayğısı ilə əhatə olundu. Xalqımızın mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması məsələsi  həmişə Ümummilli Lider Heydər Əliyevin diqqət mərkəzində  olmuşdur. “Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk”, – deyən dahi şəxsiyyət  Azərbaycanda hakimiyyətinin hər iki dövründə tarix və mədəniyyət abidələrinin qorunması, mühafizəsi, tədqiqi və təbliğinə böyük diqqət və qayğı göstərmişdir. Ulu Öndər Heydər Əliyev hələ Azərbaycanda hakimiyyətinin birinci dövründə tarixi-mədəni irsimizin qorunub saxlanması üçün böyük işlər görmüş və bu sahədə zəngin qanunvericilik bazası yaratmışdır. Azərbaycanda hakimiyyətinin dördüncü ilində – 1973-cü ilin sentyabrında Azərbaycan SSR Ali Sovetinin onun təşəbbüsü ilə keçirilən sessiyasında Azərbaycan ərazisindəki tarix və mədəniyyət abidələri və onların qorunması vəziyyəti müzakirə edilmişdir. Bundan az sonra 10 sentyabr 1976-cı ildə Azərbaycan KP MK “Azərbaycan SSR-də tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası işini yaxşılaşdırmaq haqqında” Qərar, 21 iyul 1978-ci ildə isə Azərbaycan SSR Ali Soveti “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında” Azərbaycan SSR Qanunu qəbul etmişdi. 27 yanvar 1982-ci ildə Azərbaycan Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Cəmiyyətinin Nizamnaməsi Azərbaycan SSR Nazirlər Sovetində təsdiq edilmiş, bu qəbildən digər tədbirlər həyata keçirilmişdir. Beləliklə, Azərbaycan ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması, tədqiqi və təbliği məsələsi qəbul olunan qanun və qərarlarla rəsmişləşdirilmişdir. Həmin dövrdə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust 1977-ci il tarixli Qərarı ilə Bakı şəhərində İçərişəhər, Şuşa və Ordubad şəhərlərinin tarixi hissələri tarix-memarlıq qoruğu elan edilmişdi. 
    Ümummilli Liderin Azərbaycan xalqının min illərboyu yaratdığı mədəni irsimizə diqqət və qayğısı onun müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illərdə də ardıcıl şəkildə davam etdi. Bu zaman tarix və mədəniyyət abidələrinə diqqət və qayğı ön plana keçmiş, hətta bu sahədə bir sıra dövlət əhəmiyyətli sənədlər hazırlanmışdır. Azərbaycan Respublikasının Milli Məclisi 1998-ci ildə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, 1999-cu ildə isə “Arxeoloji irsin qorunması haqqında Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” Azərbaycan Respublikasının qanunlarını qəbul etdi. Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikası Nazirlər Kabineti 2 avqust 2001-ci ildə “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü” siyahısı təsdiq edildi. Bununla da Azərbaycan ərazisində 6300-dən artıq tarix və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürüldü. Ötən müddət ərzində bu siyahıya yeni abidələrin əlavə olunması davam etmişdir.
    Ölkə ərazisində indiyədək gəlib çatan mədəni irsə münasibətlə əlaqədar Heydər Əliyev siyasəti hazırkı dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və yaradıcılıqla inkişaf etdirilir. Xalqımızın mədəni irsinə diqqət və qayğı ilə yanaşan dövlət başçısı 27 dekabr 2013-cü ildə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” haqqında Sərəncam imzalamışdır. Tarix və mədəniyyət abidələri ilə əlaqədar Dövlət proqramının qəbul edilməsi Azərbaycan xalqının mədəni irsinə, onun qorunması, bərpası, konservasiya olunması, tədqiqi və təbliği işinə ölkə Prezidenti tərəfindən nə qədər böyük önəm verilməsinin, bu məsələnin dövlət siyasəti səviyyəsinə qaldırılmasının parlaq ifadəsidir.
    Azərbaycanın bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da müstəqillik dövründə tarix-mədəniyyət abidələrinə diqqət, qayğı, onların bərpası, qorunması sistemli şəkil almış, dövlət siyasətinə çevrilmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması, bərpası və xalqa qaytarılması ilə əlaqədar dövlət tərəfindən çox yüksək səviyyəli işlər görülmüşdür. Girişində qoyulan kitabədən də göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə adı “Qurani-Kərim”də xatırlanan Əshabi-kəhf ziyarətgahında abadlıq və bərpa işləri aparılmış, Ordubad rayonundakı Gəmiqaya abidəsi yerli və beynəlxalq ekspedisiyalar tərəfindən bir neçə dəfə tədqiq olunmuşdur. Həmçinin Naxçıvan şəhərindəki İmamzadə kompleksində, Nuh Peyğəmbərin qəbirüstü türbəsində, Möminə xatın türbəsində, Xan sarayında, Köhnə qalada, Culfa rayonundakı Əlincəçay xanəgahında, Əlincəqalada, Gülüstan türbəsində, Qazançı və Ləkətağ körpülərində, Ordubad şəhərindəki hamamda, Qeysəriyyədə, buzxanada, Kəngərli rayonundakı Qarabağlar Memarlıq Kompleksində, Şahtaxtı hamamında, Babək rayonunun Nehrəm qəsəbəsindəki imamzadədə, Şərur rayonunun Xanlıqlar kəndindəki imamzadədə, Yengicə hamamında, Cəlilkənddəki buzxanada, ümumiyyətlə, 70-dən artıq  tarix-memarlıq abidəsində bərpa və abadlıq işləri aparılaraq xalqın istifadəsinə verilmişdir. 
    2006-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası ərazisindəki 1200-dən artıq tarix və mədəniyyət abidəsi qeydə alınaraq pasportlaşdırılmış, onlar əhəmiyyətinə görə 59-u dünya, 509-u ölkə, 670-i yerli əhəmiyyətli olmaqla təsnifatlaşdırılmışdır. Toplanılan  məlumatlar əsasında hər bir abidəyə aid ayrıca “Qeydiyyat kartı” hazırlanmışdır.  Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix-mədəniyyət abidələrinin qeydə alınaraq pasportlaşdırılması bu abidələrin mühafizə işinin sistemli şəklə salınmasına yardım etməklə yanaşı, belə bir məlum faktı da bir daha təsdiqlədi ki, erməni alimlərinin boş hay-küylərinin əksinə olaraq Naxçıvan bölgəsində erməni mənşəli tarix-mədəniyyət abidəsi yoxdur. Müstəqillik dövründə yüksək dövlət qayğısı sayəsində Naxçıvan Muxtar Respublikası ərazisindəki abidələrin öyrənilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Bu işdə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə yaradılan AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarının, ərazidə fəaliyyət göstərən AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun, yerli və beynəlxalq arxeoloji ekspedisiyaların böyük rolu olmuşdur. Bu ekspedisiyaların tərkibində Bakıdan və yerli alimlərlə birlikdə ABŞ-dan, Fransadan, Türkiyədən, Macarıstandan və başqa ölkələrdən gəlmiş alimlər də iştirak etmişlər. Ekspedisiyaların fəaliyyəti zamanı əldə olunan nəticələr Azərbaycanın qədim diyarı Naxçıvanın tarix və mədəniyyət abidələrinin Azərbaycan xalqına məxsus olması haqqında həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyətə malik olmuşdur. Muxtar respublikanın müxtəlif yerlərində, o cümlədən I Kültəpə, Duzdağ, Yeni yol, Uçan Ağıl, Zirincli, Şorsu, Ərəbyengicə, Ovçular təpəsi, Qızqala, Oğlanqala, Naxçıvantəpə, Gəmiqaya, Xaraba Gilan və sair abidələrdə aparılan arxeoloji tədqiqatlar zamanı Naxçıvanın qədim dövr tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malik olan zəngin maddi mədəniyyət nümunələri aşkar edilərək tədqiq olunmuşdur. 
    Muxtar respublika ərazisində aparılan tədqiqatların nəticəsi kimi Azərbaycan və ingilis dillərində “Naxçıvan abidələri ensiklopediyası”, 3 cildlik “Naxçıvan tarixi”, “Dədə Qorqud yurdu Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas və sair kimi ümumiləşdirici əsərlər, onlarla kitab və monoqrafiya, o cümlədən  “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Gəmiqaya qayaüstü rəsmləri”, “Əlincəqala”, “Qarabağlar Türbə Kompleksi”, “Gülüstan türbəsi” və sair əsərlər hazırlanıb nəşr etdirilmişdir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar “Naxçıvanın türk-İslam mədəniyyəti abidələri”, “Naxçıvan türbələri”, “Naxçıvan imamzadələri”, “Naxçıvan buzxanaları”, “Naxçıvan hamamları” və sair kitab və kitabçalar işıq üzü görmüşdür. Həmçinin Naxçıvanın tarix və mədəniyyət  abidələrini təbliğ etmək məqsədilə ərazidəki türbələrdən, buzxanalardan, hamamlardan, ümumiyyətlə, bölgədəki türk-islam mədəniyyəti abidələrindən bəhs edən bir neçə televiziya filmi çəkilmişdir. 
    Ümummilli Liderimiz vurğulayırdı ki, böyük və ya kiçik olmasından asılı olmayaraq, hər bir abidə əhəmiyyətlidir. Həqiqətən də, belədir. Çünki kiminsə nəzərində əhəmiyyətsiz görünən hansısa maddi mədəniyyət nümunəsi, hətta kiçik saxsı parçası tədqiqatçıya tariximizin mühüm bir probleminin həll olunmasında böyük yardım edə bilər. Ona görə də hər bir vətəndaş bu məsələdə prinsipial mövqe tutmalı, tarix-mədəniyyət abidələrinin dağıdılmasının qarşısını özü, yaxud ictimaiyyətin köməyi ilə almağa çalışmalıdır. Abidələri qorumaq, onların gələcək nəsillərə çatdırılmasını təmin etmək hər bir kəsin vətəndaşlıq borcu və konstitusion vəzifəsidir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində qeyd olunduğu kimi “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”. Ona görə də, ərazimizdə bu günə qədər gəlib çatan tarix və mədəniyyət abidələrinə hörmət və ehtiramla yanaşmaq, ən başlıcası onları qorumaq ümumxalq işinə çevrilməlidir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 77-ci  maddəsində təsbit olunduğu kimi “Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur”. 

Hacıfəxrəddin SƏFƏRLİ
АMЕА Nахçıvаn Bölməsi, Tаriх,
 Еtnоqrаfiyа və Аrхеоlоgiyа İnstitutunun dirеktоru, 
AMEA-nın müxbir üzvü

 

Nəşr edilib : 17.04.2023 19:22