AZ EN RU

Tarix unudulanda keçmiş təkrarlanır

Budur həqiqət, budur milli faciələrimizin təkrarının əsas səbəbi

    Keçmiş unudulanda, milli faciələrə biganəlik yarananda qan yaddaşı silinərək pozulmaq təhlükəsi ilə üz-üzə qalır. Nəticədə, xalq yeni məhrumiyyətlərə, işgəncələrə düçar olur. Növbəti təqiblər girdabına düşür, faciələr burulğanına yuvarlanır. Həm də daha dəhşətli, amansız, dözülməz formada, yurd, vətənsizlik ağrı-acısıyla.
    Biz bunu həm gördük, həm də yaşamağa məhkum olduq. Bir əsrdə dəfələrlə qanlı faciələrlə rastlaşdıq. İşgəncələrə, təqiblərə, soyqırımlara məruz qaldıq, yurd-yuvamızdan zorla qovulduq. Amansız deportasiya, repressiya, qətliamlarla üzləşdik. Bütün bunlar isə insanlıq duyğularımızdan, humanistliyimizdən, qan tökmək istəmədiyimizdən oldu.
    ...Tarix unudulanda keçmiş təkrarlanır! 
    Hərdən milli faciələrimizin səbəbini düşünürəm, başlanıldığı zamanı dəqiqləşdirməyə çalışıram. Bizi soyqırımlara gətirən yolun başlanğıcı XIX əsrin əvvəllərinə gedir. Yorğun düşüncələrimdən bir haray qopur: Gülüstan, Türkmənçay müqavilələri ilə yarımcan edilən Azərbaycan! Qulaqlarıma Kərkidən Göyçəyə, Ərzurumdan Dərbəndə ulularımızın səsi gəlir. İndi düşmən tapdağında olan torpaqlarımızın naləsi eşidilir. Bir zamanlar yurdsuz-yuvasız, dünyanı sərgərdan dolaşan ermənilərə sığınacaq verməyimizdən və onların nankorluğundan qeyzə gəlirəm. Xalqımızı doğma yurd-yuvasından qovan, soyqırımına düçar edən və dünyaya özlərini “zavallı”, “günahsız” millət kimi göstərməyə çalışan, iblis simalı ermənilərin bəşəriyyəti aldadan “genosid” harayından damarlarımda qanım donur. Qəlbimdə soyqırımına düçar olan soydaşlarımızın – şəhidlərimizin sümüklərinin göynərtisini duyuram. 
    ...1905-1907-ci, 1914-1920-ci illərdə azərbaycanlılara qarşı tarixdə misligörülməmiş soyqırımlar törədildi. 1912-ci ildə Daşnaksütyun partiyasının orqanı olan Orizon da nəşr edilən məqalədə deyilir: “Türk dövlətinin səlahiyyətliləri və iqtidar sahibləri bilsinlər ki, nə bir türk, nə də bir türk dövləti bundan sonra erməni üçün heç bir dəyər daşımır. Varlıqlarını qorumaq üçün başqa yollar düşünsünlər”. 
    1918-ci ilin 31 mart qırğını isə soyqırımı siyasətinin daha amansız forması idi. Həmin gün təkcə Bakı şəhərində 17 min soydaşımız şəhid olub, həm də böyük işgəncələrlə. Bu müsibət həm miqyasına, həm də işgəncə üsullarına görə analoqu olmayan faciə kimi tarixə düşüb. Məqsəd azərbaycanlıları millət olaraq məhv edib, “böyük ermənistan” xülyasını həyata keçirmək idi. Ermənilərin vəhşiliklə yürütdükləri bu soyqırımı nəticəsində təkcə Zəngəzur mahalında azərbaycanlıların yaşadığı 115 kənd yer üzündən silindi, yarım milyon insan amansızlıqla qətlə yetirildi. 
    Həmin illərdə T.Haçikoğlyanın Sovet Ermənistanı Qızıl Ordu atıcı diviziyasının 10-cu ildönümü münasibətilə Qızıl Ordu tərəfindən nəşr edilən kitabçasında yazılır: “Daşnak cümhuriyyətinin qısa dövründə Azərbaycan, Gürcüstan, Türkiyə ilə aparılan döyüşlərdə daşnakların qanlı əlləri ilə minlərlə türkü məhv etdikləri, kəndləri yandırıb külə çevirdikləri, Zəngəzur, Şərur, Dərələyəz, Mehri, Ağbaba, Zəngibasar, Böyük Vedidəki türk kəndlərində yaşanan vəhşiliklər, qətliamlar, soyğunçuluqlar hələ də yaddaşlardan silinməyib”. 
    Mart soyqırımı sovetləşmə ilə pərdələndi. Gələcək nəsildən gizlədildi, bolşevik-kommunist siyasəti ilə unutduruldu. Bakıda möhtəşəm Çəmbərəkənd yüksəkliyində soyqırımı qurbanlarının basdırıldığı məzarlıq məqsədyönlü şəkildə əyləncə yerinə döndərildi. Cəllad S.M.Kirovun heykəli ucaldılıb parka çevrildi. Nəticədə, ötən əsrin repressiyası doğuldu. Kütləvi güllələnmələr, sürgünlər başladı. Millətimiz məsləhətçisi “Troyka”, müəllifi Mikoyan, Sumbatov, Qriqoryan, Markaryan və başqa yanlar olan yeni faciələrlə üzləşdi. Mənəviyyata və milli yaddaşa yönələn bu soyqırımında fiziki qətillərə mənəvi dəyərlərin məhv olunması da əlavə edildi. Xalqın görən gözü, düşünən beyinləri aradan götürüldü. Mentalitet, din, yaddaş soyqırımına məruz qaldı. Soydaşlarımız kütləvi deportasiya burulğanına düşdü. Qərbi Azərbaycan köçürüldü, qədim Oğuz yurdunda coğrafi toponimlərin erməniləşməsi heç bir maneə olmadan aparıldı. 
    Beləcə, zaman-zaman odlara düşdük. Səbəbini aramadan, axtarmadan namərd qonşularımızın “ərköyünlüyünü” ən qanlı faciə ilə bitmiş sandıq, ağıllandıqlarını zənn etdik. Daha da şirnikləndiklərinin, quduzlaşdıqlarının şahidi olduq. Yanıldığımızı tarix yenidən təkrar olunanda başa düşdük. 1988-93-cü illərin də müdhiş günlərini gördük. 1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərələyəzdə, Vedidə – indi Ermənistan adlanan əzəli Azərbaycan torpaqlarında yaşayan həmvətənlərimiz dədə-baba yurdlarından qovuldular. Tarixi keçmişimizi yaşatmağa yenidən məhkum olduq. Qərbi Azərbaycan torpağını bütövlükdə itirdik. 
    Bu amansız siyasətin qarşısını alan, Azərbaycanı yox olmaq təhlükəsindən qurtaran, ömrünü xalqına, Vətəninə həsr edən Ulu Öndər Heydər Əliyevin uzaqgörən müdrik siyasəti sayəsində bu acı fəlakətlərdən qurtardıq. Elə tarixi keçmişimizə, milli faciələrimizə də Ümummilli Lider tərəfindən əsl hüquqi-siyasi qiymət verildi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Görkəmli dövlət xadimi Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə tədqiqatların aparılmasına, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. 
    Bu gün Azərbaycan xalqı tarixin heç bir dövründə olmadığı kimi güclü və qürurludur. Çünki bu Vətənin oğulları illərdir, xalqımızın başına gətirilən müsibətlərin cavabını müharibə meydanında verdi. Biz qalib xalq olaraq vaxtilə soyqırımına məruz qalan soydaşlarımızın ruhu qarşısında öz borcumuzu yerinə yetirə bildik.

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 29.03.2023 18:43