AZ EN RU

Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!

   8 Noyabr Şuşa şəhəri günüdür

Ümummilli Lider Heydər Əlİyеv: Mən ona özüm qədər inanıram. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək.

    O gün Vətən müharibəsinin başlanmasından 42 gün keçirdi hamının gözü saata dikilmişdi. Hər kəs Ali Baş Komandanın xalqa müraciətini səbirsizliklə gözləyirdi. Həmin günə kimi dövlət başçısı bir neçə dəfə xalqa müraciət edərək Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın azad edildiyi müjdəsini vermişdi. Günlərdir, hamının gözü yolda, qulağı səsdə idi. Bütün xalq Şuşa müjdəsi gözləyirdi. Hamı yaxşı bilirdi ki, tarixi şəhərin azad olunacağı gün tarixi zəfərə imza atacaq xalqımız. Ali Baş Komandanın Şəhidlər xiyabanındakı müraciətinin sonunda “Şuşa, sən azadsan!” kəlməsi illərdir, həsrətlə baxan gözlərdə sevinc göz yaşına döndü. Həmin gün bir xalqın 30 illik həsrəti bitmişdi. Müzəffər Komandan ata arzusunu yerinə yetirən oğul şərəfini qazanmış, Vətənin oğlu ünvanına sahiblənmişdi. Azərbaycan tarixinin səhifələrinə Müzəffər Komandan, müzəffər Ordu, Qələbə sözləri yazılmışdı. Həmin gün, təxminən, 300 il öncə elə tarixin bu ayında ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi üçün sərəncam imzalayan rus çarı birinci Pyotrun sərəncamı geri oxunmuşdu.

Müasir hərb elminin prinsiplərini alt-üst edən əməliyyat

    44 gün davam edən əks-hücumda tarix bir xalqın səbir kasasının necə daşdığına şahid oldu. Bütün dünya kiçik bir xalqın qəlbindəki Vətən sevgisinin necə zirvəyə qalxdığını gördü. İki oğlu müharibədə şəhid olan bir atanın Ali Baş Komandana “Müharibəni dayandırma, zəfər qazanana kimi biz də döyüşməyə hazırıq”, – deyə səsləndiyini eşitdi, qardaşını Vətən uğrunda şəhid verib öz əli ilə onun məzarına torpaq atan, şəhid həyat yoldaşının tabutunu çiynində daşıyan gəlini, şəhid oğlunun məzarı başında qürurla dayanıb “Vətən sağ olsun!”, “Oğlumun bəy paltarı bükülüb gəldiyi bayraqdır”, – deyən Azərbaycan anasını gördü. 
    Həmin günlərdə dünya mətbuatı Azərbaycan əsgərinin igidliyindən, Şuşanı hansı çətin relyefdən, dumanlı dağlardan aşıb işğaldan azad etdiyindən yazdı. Müharibənin gedişini izləyən rusiyalı jurnalist belə döyüş, belə dövlət, belə Vətən sevgisi gömədiyindən, Azərbaycan əsgərinin dağ yuxarı, həlak olmuş yoldaşı çiynində, döyüşə-döyüşə, qan-tər içərisində qalxmasından yazdı, “Budur vətənpərvərlik! Budur Vətən sevgisi! Budur torpağa bağlılıq!” – deyə qeyd etdi. İtalyan nəşri “Le Monde” ermənilərin necə qorxub qaçdığından, bəzi yerlərdə üzbəüz döyüşlər getdiyindən, yəhudi jurnalist Pyotr Lyukimson Şuşanın aşağıdan yuxarıya doğru azad olunduğundan və bunun, müasir hərb elminin bütün prinsiplərinə zidd olduğundan yazdı. 
    Həmin gündən üç il ötür, düşmən hələ də inanmır, Şuşanın azad olub öz anasına qovuşduğuna. Şuşa isə doğma xalqının, öz yiyəsinin əllərində cənnətə dönür. Şahidlik edir tarixi anlara: Azərbaycanın, İslam, türk xalqlarının mədəniyyət paytaxtı olmasına, “Xarıbülbül” beynəlxalq musiqi festivalına, Vaqif poeziya günlərinə, əbədi qardaşlığın simvoluna çevrilən bəyanatlara imza atılmasına şahidlik edir. 

Əbədi qardaşlığının simvolu

    2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi əbədi qardaşlığın simvolu oldu. Bölgədə dayanıqlı sülh, etibarlı sabitlik və təhlükəsizlik, o cümlədən çoxşaxəli əməkdaşlıq mühiti formalaşdıran Azərbaycan və Türkiyə qarşılıqlı faydalı əməkdaşlıqların dərinləşməsinə öz töhfələrini verirlər. Tarixi Şuşa Bəyannaməsi isə Qars müqaviləsinə, “Dostluq və Əməkdaşlıq haqqında” müqaviləyə, “Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında” müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə əzəli, əbədi dostluğuna, qardaşlığına yeni çalarlar əlavə edib. Ötən il iyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində keçirilən “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans bir daha Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını, əbədiliyini dünyaya nümayiş etdirdi. Azərbaycan və Türkiyə bayraqlarının təkcə Şuşada yox, şəhidlərimizin məzarı başında da qoşa dalğalanması ölkələrimizin birliyinin nümayişidir. Hər keçən gün keyfiyyətcə yeni mərhələyə yüksələn iki qardaş ölkənin müttəfiqlik əlaqələri regionun geostrateji reallıqlarını tam nəzarətdə saxlayır, regionun gələcək inkişafı üçün real imkanlar yaradır. Şuşa Bəyannaməsi bölgədə uzunmüddətli sülhün təmin olunmasını şərtləndirir.

Möhtəşəm Zəfərin şəhərinə səfərlər

    2021-ci ilin ilk ayında ölkə başçısı regionlara ilk səfərini bu qədim şəhərə edərək müstəqil Azərbaycanın Şuşaya səfər edən ilk Prezidenti olmaq sevincini xalqı ilə bölüşdü. Bu səfərlərin birində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev “Bu il “Xarıbülbül” festivalında Ulu Öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda təqdim edildi. Hər birimiz o anları xatırlayır. Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. O özü inanırdı, bizi də inandırırdı. Bizə də onun inamı, xalqın iradəsi əlavə güc verdi və bu gün biz buradayıq, bu müqəddəs torpaqdayıq. Qeyd etdiyim kimi, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir” bu fikri ilə “Şuşa İli” çərçivəsində görüləcək işlərin aydın mənzərəsini görməyə imkan verdi. Həmin ildə dəfələrlə Şuşaya gələn ölkə başçısının 2022-ci ildə Mədəniyyət paytaxtımıza 7 tarixi səfəri oldu. Bir çox mədəni tədbirlərdə, açılış və təməlqoyma mərasimlərində iştirak etdi.     
    Bu il ərzində də bir neçə dəfə Şuşaya səfər edən ölkə başçısı Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı müraciətini Şuşadan etməsinin də böyük rəmzi mənası vardır. 
    Bu ilin iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində xarici media nümayəndələri ilə görüşdə  cənab İlham Əliyev deyib: “Siz buraya gələrkən azad olunmuş ərazilərdən keçdiniz. Siz Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəlmisiniz ki, biz onu Zəfər yolu adlandırmışıq. Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi. Bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır”.

Əziz Şuşa, biz səni dirçəldirik

Azərbaycan xalqı bir olub torpaqlarını azad etdiyi kimi, onu gülüstana çevirməyi də bacarır. Necə ki, bu gün Şuşa şəhərinin Baş planı əsasında böyük işlər görülür. Şəhərin Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Azərbaycanın Mədəniyyət Paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur. Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təkcə Qarabağın tacı, bütün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqət yetirsək, həyata keçirilən bərpa-quruculuq işlərinin miqyasını təsəvvür edə bilirik və torpaq öz sahibinin əlində cənnətə dönür sözlərinin nə qədər yerinə düşdüyünü görürük. Şəhər işğaldan azad olandan sonrakı günlərdə Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanışlıq, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimi, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin, Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışı kimi biri-birindən uğurlu addımlar bu ecazkar diyarın əvvəlki şöhrətinin özünə qaytarılmasına xidmət edən mühüm məqamlar sırasındandır. Görülən işlər həm də Azərbaycan xalqının nə qədər qurucu, torpağına bağlı bir xalq olduğunun, həmçinin iqtisadi və maliyyə imkanlarımızın genişliyinin təqdimatı oldu.

Əziz Şuşa, biz qayıtdıq

Vətən müharibəsində hər kəndə, hər şəhərə – Suqovuşana, Xudafərinə, Zəngilana, Qubadlıya bayrağımız sancılanda sevincimiz sonsuz oldu. Amma Şuşada bayrağımız dalğalananda sevincimiz ürəyimizdəki həsrətlə, qubarla qarışdı, sevinc göz yaşına çevrildi. Çünki Şuşa qeyrət rəmzimiz, Pənahəli xanın qürbətdə dayanan ürəyi, başqa torpağa kök salmayıb Şuşada düşmən tapdağında solan xarıbülbülün ah-naləsi, başımızın əsarətdə qalan tacı, düşmənə əsir olan Vaqif, Natəvan sözü, Bülbülün səsi idi. Şuşa hünər, zəfər zirvəsi, illərlə könlümüzdə qubar olan dərdimiz idi. Şuşa dağların başında əsir qalan cənnətimiz, düşmən baltasına tuş gələndə tüstüsü ərşə qalxan Topxana meşəsinin harayı, İsa bulağının zümzüməsi, Cıdır düzünə həsrət qalan Qarabağ atının səssiz fəryadı idi. Şuşa yollara dikilən həsrətli baxışlarımız, dilim-dilim olan ürəyimiz idi. 
    İllər sonra Ali Baş Komandanımız 20 illik fəaliyyətinə 30 illik müşküllərin birdəfəlik çarəsini sığdıraraq arzularımızı çin etdi. Ulu Öndərin yolunu sədaqətlə davam etdirib yetişdirdiyi gənclərlə birlikdə illər öncə alnımıza çəkilən qara ləkəni sildi. Vətən uğrunda “Qarabağ Azərbaycandır!” şüarı ilə irəli atılan oğulların işıqsız qalan gözləri illərdir, gözü yollarda qalan torpaqların gözünə nur, Vətən yolunda itən ayaqlar Qarabağa yeriməyə təpər, torpaq yolunda fəda olan əllər ana Vətənindən bərk-bərk yapışmağa qol verdi. Azad olmuş Vətən torpağında dalğalanan bayrağımız övladını itirən anaya şəhid məzarı başında mərd dayanmağa, ömür yoldaşını itirən gəlinlərə şəhid tabutunu çiynində daşımağa güc verdi. 
    Bu gün Azərbaycan Bayrağı bütöv, suveren Azərbaycanın başı üstündə qürurla dalğalanır, bu gün Azərbaycan xalqı üçrəngli bayrağı ilə məsud yaşayır. Bu gün hüququndan keçən əsgər öz qəhrəmanlığı ilə bütün dünyaya Vətəndən pay olmadığını, Vətən torpağının ruhdan, candan irəli olduğunu, bir qarışın belə güzəştə gedilməyəcəyini sübut etdi. Bu gün şəhid məzarları başında dayananda, onların məzar daşında yazılan tarixi görəndə gözümüz önünə işğalda inləyən yurdlar yox, dirçələn, çiçəklənən, çırağı bizi işıqlandıran, ocağı bizi isidən doğma övladlarına qapı açan Laçın, Füzuli, Zəngilan Şuşa gəlir. Qulaqlarımıza azad Vətən torpağında – Xankəndidə keçirilən Zəfər paradında addımlayan Azərbaycan əsgərinin addımının, Zəngilanda doğulan körpənin, Şuşa dağlarına yayılan “Qarabağ” şikəstəsinin, abadlaşan məscidlərdən ucalan azanın səsi gəlir. 

 Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 07.11.2023 18:53