AZ EN RU

Tapdıq Əliyev: “2003-2022-ci illərdə Azərbaycanda ümumi daxili məhsul 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib”

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təşkilatçılığı ilə keçirilən “Zəfərə gedən 20 il” mövzusunda tədbirdə çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev ötən 20 ildə Azərbaycan iqtisadiyyatında əldə olunan yüksək artım templərinə nəzər salıb.

Nazir qeyd edib ki, dünya iqtisadiyyatında tənəzzül və resessiya proseslərinin dərinləşməsinə baxmayaraq, ötən 20 ildə Azərbaycan iqtisadiyyatı yüksək artım templəri nümayiş etdirib. 2003-2022-ci illərdə Azərbaycanda ümumi daxili məhsul 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib. 2003-2023-cü illərdə dövlət büdcəsinin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata çatıb. Son 20 ildə regionların sosial-iqtisadi inkişafına həsr olunmuş 4 dövlət proqramı qəbul olunub və bu proqramlar üzrə regionlara 104 milyard manat investisiya yatırılıb. Azərbaycan ötən 20 ildə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Ötən dövrdə qeyri-neft iqtisadiyyatı 4 milyard dollardan 41 milyard dollaradək böyüyüb. Şaxələnmə baxımından prioritet olan strateji sahələrdə əlavə dəyər qeyri-neft sənayesində 4,7 dəfə, turizmdə 19 dəfə, informasiya və rabitədə 23 dəfə, nəqliyyat sektorunda 5 dəfə böyüyüb. Ötən 20 ildə qeyri-neft məhsullarının ixracı 12 dəfə artaraq, müstəqillik dövründə ilk dəfə 3 milyard dolları ötüb.

Nail ƏSGƏROV

Nəşr edilib : 04.11.2023 14:52