AZ EN RU

Tanrıya saf və sonsuz sevgidən doğan müqəddəs bayram

İslam dünyasının müqəddəs bayramlarından sayılan Qurban bayramı hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunur. Dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramını Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımız da sevinclə qeyd edirlər. Bu, xalqımızın mənəvi dəyərlərinə dövlət qayğısının nəticəsidir. Ümumilikdə, dini-mənəvi dəyərlərə həssas münasibət, müxtəlif dinlərə və sivilizasiyalara hörmət, tolerantlıq demokratik Azərbaycan cəmiyyətinin mənəvi əsaslarını təşkil edir. 
Müqəddəs Qurban bayramı İslam aləmində ən əziz bayramlardan biri, eyni zamanda müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən, üç gün davam edir. İslam dinində bu ayin xüsusi mahiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. 
Dostluğun, qardaşlığın, fədakarlığın cəmiyyətdə inkişafı və gələcək nəsillərə təlqin edilməsi üçün gözəl fürsət kimi dəyərləndirilən Qurban bayramı hicrətin ikinci ilində fərz qılınıb. “Qurani-Kərim”in “Kövsər” surəsində deyilir: “Rəbbin üçün namaz qıl və qurban kəs. De ki: “Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür”. “Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər”.
Sovet imperiyasının tərkibində yaşadığımız 70 il ərzində də xalqımız tarixi keçmişindən, dini və milli-mənəvi dəyərlərindən uzaqlaşmadı. Bütün dövrlərdə Azərbaycan xalqı insani kamilliyə, mənəvi paklığa qovuşmağa, xeyirxah işlər görərək savab qazanmağa can atıb, İslam dininin mahiyyətini dərk edərək onun müqəddəs çağırışlarına, mərasim və ayinlərinə əməl etməyə çalışıb. Azərbaycan xalqı hələ sovet dönəmində bütün qadağalara baxmayaraq, müqəddəs Qurban və Ramazan bayramlarını da qeyd edirdi.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrə ayrılan diqqət kimi, milli-mənəvi dəyərlərimizə də xüsusi önəm verildi. Dini ocaqların, müqəddəs yerlərin təmir və bərpa işlərinin əsası da o vaxtdan qoyuldu. Ümummilli Lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra respublikamızın ərazi hüdudlarında yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin vacibliyini xüsusi vurğulamışdır. Konstitusiyanın qəbulundan sonra ölkədə dini-mənəvi münasibətləri tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Ulu Öndər Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriklərindən birində demişdi: “Qoy bütün milli və dini bayramlarımız kimi, mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin!”
Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi dəst-xəti cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin elə ilk dövründən əsas istiqamət kimi götürül­dü. Prezident cənab İlham Əliyev dini-mənəvi dəyərlərin, maddi mədəniyyət abidələrinin bərpası və təmiri ilə bağlı ardıcıl tədbirlər görməyə başladı. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident cənab İlham Əliyev hər il Azərbaycan xalqına bayram təbriki ünvanlayır və xoş arzularını çatdırır. Dövlətimizin başçısı müraciətində Qurban bayramının Allahın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü ehtiva edərək insanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini əks etdirdiyini vurğulayır: “Dünya müsəlmanlarının mənəvi həmrəyliyinin təcəssümü olan Qurban bayramında mömin insanlar Allah və din yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirmək fürsəti qazanır, Uca Yaradana yaxınlığın sevincini yaşayırlar.
    Bəşər mədəniyyətinə və elmi-fəlsəfi fikir xəzinəsinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının dünyagörüşünün təşəkkülündə və milli-mədəni inkişafında İslam dini mühüm mərhələ təşkil edir. Ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında mütərəqqi islami dəyərlərin rolu danılmazdır”. 
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına da xüsusi diqqət yetirmişdir. Azərbaycan Prezidentinin İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənlərin əyani təsdiqidir.

 Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, İslam və qeyri-islam dini icmalar öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər.
Bu gün Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş və təmsil olunduğu təşkilatların fəal üzvüdür. Azərbaycanda mövcud olan tolerantlıq, multikulturalizm, ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələr diqqət mərkəzindədir və nümunə kimi göstərilir. Dünya siyasətinə əsaslı təsir imkanı olan müsəlman dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsi prioritet məqsədə çevrilib. Artıq İslam həmrəyliyinin zamanın çağırışı olması Bakıdan bütün müsəlman dünyasına yayılır. Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Qüdrətli dövlət başçımız yalnız hərb meydanında Müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Bütün bunların məntiqi nəticəsi olaraq 30 il işğal altında olan əzəli torpaqlarımız işğaldan azad edildi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi böyük sevinclə qarşılandı. İşğaldan azad olan torpaqlarımızda ilk azan səsi ucaldı. Hazırda erməni vandalizminə məruz qalmış məscidlər, mədrəsələr, dini abidələr bərpa edilir. 
Qeyd etdiyimiz kimi, digər müsəlman ölkələri kimi, İslam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş edən respublikamızda da İslam dinindən irəli gələn vəzifələr böyük ehtiramla yerinə yetirilir. Qurban bayramı ilə əlaqədar hər il yüzlərlə zəvvarın Həcc ziyarətində olması xalqımızın öz dinimizə bağlılığının nümunəsidir. Əzəli torpaqlarımıza – doğma Qarabağımıza qayıdan soydaşlarımız dini bayramlarımızı, xüsusilə də həmrəylik, humanizm kimi ali dəyərlər aşılayan Qurban bayramını öz ata-baba yudlarında ikiqat təntənə ilə qeyd edirlər. İnsanlara birlik, həmrəylik, şəfqət və xeyirxahlıq duyğuları aşılayan bu bayram ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da hər il geniş şəkildə qeyd olunur. Məscidlərdə bayram namazı qılınır, qurban əti paylanılır. Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın bütün rayonlarında da sağlamlıq imkanları məhdud şəxslərə, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrə, şəhid ailələrinə və qazilərə, Naxçıvan Hərbi Hospitalına, muxtar respublikada təhsil alan əcnəbi tələbələrə və digərlərinə bayram payı verilir.
Milli-mənəvi dəyərlərə, ənənələrə sədaqət və qayğı ilə yanaşan bütün müsəlmanları halallıq, paklıq, birlik, şəfqət və mərhəmət duyğularının təntənəsi olan Qurban bayramı münasibətilə təbrik edir, kəsilən qurbanların Tanrı dərgahında qəbul olunmasını diləyirik! 

 Gülcamal TAHİROVA

Nəşr edilib : 16.06.2024 00:10