AZ EN RU

Tanrının yer üzünə bəxş etdiyi əvəzolunmaz nemət

    Uşaqlar xəyalların, arzuların, ümidlərin zərif tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, ilahi əmanətdir. Ailənin könül meyvəsi olan körpələr dünyaya gəlişiylə evlərə ömürlük səadət bəxş edirlər.  Onlar sabaha inamımız, gələcəyimizdir. Lakin uşaq o vaxt ailəyə xoşbəxtlik verir ki, o, sağlam böyüsün. Körpələrin sağlamlığı üçün isə doğulan gündən ana südü ilə qidalanması ən vacib şərtdir. Bu əvəzolunmaz qidanın faydaları və körpəyə bəxş etdiyi rahatlığın dərəcəsi heç nə ilə müqayisəyə gəlməz. 

    Mövzuyla bağlı həkim-pediatr İlkay Əliyeva ilə həmsöhbət olduq. O bildirdi ki, ana südü körpə uşaq üçün ən ideal qidadır. İlk günlərdə gələn kolostrum deyilən süd körpələr üçün olduqca faydalıdır. İlk süd həm də uşağın ilk peyvəndi sayılır. 
    Həkimin sözlərinə görə, tərkibi heç zaman tam aşkarlanmayan ana südü uşağın həzm sistemini tənəffüs yolu infeksiyalarından qoruyur. Gələcəkdə damar sərtliyini, hipertonus riskini azaltmaqla yanaşı, uşaqların zehni inkişafına da müsbət təsir göstərir. Bundan əlavə, ana və körpə arasında psixoloji yaxınlaşmanı təmin edir. Yeni doğulmuş körpənin mədə-bağırsaq sistemi qidanı mükəmməl şəkildə həzm edə bilmir. Ana südü bu problemi həll edir, ana və körpə arasındakı münasibəti qüvvətləndirir. Ana südü həm də allergiya xəstəliyinin qarşısını alır. Ana südünün tədricən dəyişməsi körpələrdə dadbilmə qabiliyyətinin də formalaşmasına kömək edir. Bu qidanın körpənin psixologiyasından tutmuş immunitet sisteminə, əqli inkişafından sümük bərkiməsinə qədər bir çox faydası vardır. 
    Ümumdünya Səhiyyə Təşkilatının göstərişləri də bu yöndədir. Beynəlxalq qurumun göstərişinə görə, ilk dəfə körpə doğuşdan 20-30 dəqiqə sonra ana südü dadmalıdır. Çünki ilkin südün tərkibinə körpənin həyatı üçün vacib olan bir sıra qoruyucu qidalı maddələr daxildir və bu maddələrə qarşı körpənin orqanizmi çox həssasdır. Buna görə də analar yeni doğulan körpələrini ilk 6 ay ərzində yalnız öz südləri ilə qidalandırmalıdırlar. Çünki yuxarıda sadaladıqlarımızdan da əlavə, uşağın ana südü ilə bəslənməsinin saysız faydaları vardır. 
    Həkim-pediatr Gülnarə Qasımova isə bildirdi ki, körpələrə erkən dövrdə verilən əlavə qidalar problem yarada bilər. Ana südü yerinə əlavə qidalarla bəslənən və ya 4 aydan əvvəl qatı qida ilə qidalanan körpədə 3 yaşına gəldikdə kökəlmə riski 6 dəfə arta bilər. Ana südü xəstəlikləri azaldır, hər hansı bir səbəbdən xəstəlik olduqda sağalmanı dəstəkləyir. O həm ana, həm də körpə üçün çox əhəmiyyətlidir. 
    Aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, son illər muxtar respublikada körpə ölümü halları minimum həddədir. Buna səbəb olan amillərdən biri də analar arasında düzgün maarifləndirici tədbirlərin aparılması, ana südünün faydalarının təbliğ olunmasıdır. Lakin bu sahədə nöqsanlarımız da var, – deyən həkim bildirdi ki, bu gün ana südünün təbliğinə dövlətimiz tərəfindən böyük önəm verilir. Doğum evlərində analar üçün hər cür şərait yaradılıb ki, onlar uşaqlarını ilk gündən ana südü ilə qidalandırsın. Lakin bütün bunlara baxmayaraq, bir sıra hallarda analar öz körpəsini ana südü ilə qidalanmasına biganə yanaşırlar. Bu zaman doğum evlərində uşaqlara ilk gündən müxtəlif qarışıqlar verməyə məcbur olurlar. Bu qarışıqlar ancaq məcburiyyət qarşısında xəstə, riskli, yarımçıq doğulmuş uşaqlara verilə bilər. Sağlam uşaqlara bu qarışıqlar verilməməlidir. Çünki sonra ananın südü olmur və ya həm keyfiyyət, həm də kəmiyyətcə pozulur. Ona görə də ailələrdə və doğum evlərində ana südünün təbliği düzgün aparılmalıdır.
    Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkimi, neonatoloq-reanimatoloq Hafizə Rzayevanın sözlərinə görə, ana südü əvəzinə başqa qida maddələrindən istifadə etmək körpənin ehtiyacını tam ödəyə bilməz. Məsələn, digər qida maddələrindən heç biri körpənin immun sistemi üçün lazım olan anticisimlərə sahib deyil. Ana bətnindəki qorunmuş və mikrobsuz sahədən dünyaya gələn körpə, xarici dünyada bir çox mikrobla mübarizə aparmaq məcburiyyətindədir. Ana südünün ən mühüm xüsusiyyətlərindən biri də körpəni infeksiyalara qarşı qorumasıdır. Ana südündən körpəyə keçən qoruyucu hüceyrələr (anticisimlər) körpənin daha əvvəl heç tanımadığı mikroblarla sanki məlumatı varmış kimi mübarizə aparmağa başlamasını təmin edir. Xüsusilə doğumdan sonrakı ilk bir neçə gündə ifraz olunan və “ağuz” adlandırılan süddə bol miqdarda olan anticisimlər qoruyucu təsirlərini birbaşa göstərir. Ana südünün körpəni yüngül infeksiyalardan çox ağır infeksiyalara qədər qoruması, xüsusilə ilk bir neçə ayda böyük əhəmiyyət daşıyır və faydası qidalandırmanın müddəti ilə mütənasib şəkildə artır.
    Hafizə həkim onu da tövsiyə etdi ki, körpəsinə südverən analar gündəlik qəbul etdikləri qidalara maksimum dərəcədə diqqət yetirməlidirlər. Belə ki, süd verən ana soğan, sarımsaq, şokolad yeməməli, tünd çay və ya qəhvə qəbul etməməlidir. Həmçinin sitrus meyvələrini, konservantları və süni əlavələr qatılmış qida maddələrini, paxlalı bitkiləri, hisə verilmiş ət məhsullarını rasiondan çıxarmaq məsləhətdir.
    Bir sözlə, ana südü körpələr üçün ən ideal bir qidadır. Müqəddəs kitabımız “Qurani-Kərim”də də qeyd olunur ki, ana öz körpəsinə 2 il süd verməlidir. “Kitabi Dədə-Qorqud” dastanında ana südünün müqəddəs, əvəzsiz bir məlhəm kimi təqdim olunması da analara bir tövsiyədir. Amma, təəssüf ki, bu gün körpələrimizin, təxminən, 60 faizi bu müqəddəs qida ilə böyümür. Analar düşünməlidirlər ki, körpəsinə süd verəndə onu yalnız doyurmur, körpə, eyni zamanda sağlam qidalanır, inkişaf edir. Bu səbəbdən də südəmər uşaq öz anasının qoxusunu, ürək döyüntüsünü və səsini tanıyır. Ana südündə sakitləşdirici komponentlər var ki, uşaq qorxanda, ağlayanda onu sakitləşdirir. 
    Uzun sözün qısası, ana südü Tanrı tərəfindən yer üzünə göndərilmiş əvəzolunmaz bir nemətdir. Əziz analar, çalışın, körpənizi bu nemətdən məhrum etməyin! 

Gülcamal TAHİROVA

Nəşr edilib : 18.08.2022 19:07