AZ EN RU

Tanınmış sığorta şirkətlərinin muxtar respublikada fəaliyyətə başlaması sığorta bazarının inkişafına öz töhfəsini verəcək

    Sığorta bazarı hər bir ölkənin maliyyə sistemində mühüm əhəmiyyət kəsb edən sahələrdəndir. Bu bazarı təşkil edən sistemin təməl prinsipləri sığorta münasibətlərinə əsaslanır. Qarşılıqlı inam və güvən üzərində formalaşan sığorta münasibətləri isə müasir dövrün ən aktual çağırışlarındandır. 
    Təsadüfi deyil ki, müasir dövrdə qarşıya çıxan bir çox vacib məsələlərin həll olunması paralel olaraq bizi bəzən bu və ya digər risk ehtimalları ilə də üz-üzə qoyur.  Nəticədə isə  insanların gözlənilməz, təsadüfi hadisələr zamanı üzləşdiyi maddi itkilər uzun illər ərzində qənaətlə toplanmış bütün vəsaitləri yox edə bilir. Məhz bu cür xoşagəlməz hadisələrin qarşısının alınmasında ən optimal çıxış yolu sığorta olunmaqdır. Ona görə də sığorta olunmağa ciddi münasibət bəslənilməsi insanların başına gələ biləcək riskli hadisələrin ağır nəticələrindən qorunması deməkdir ki, bu da sığorta mədəniyyətinin mühüm hissəsidir. Cəmiyyətdə sığorta mədəniyyətinin formalaşması isə, ilk növbədə, bu fəaliyyəti təşkil edən müxtəlif təşkilat və qurumların fiziki və hüquqi tərəflərlə qurduğu qarşılıqlı etibarlı əməkdaşlıqdan asılıdır. Təbii ki, burada mühüm şərtlərdən biri kimi ölkədəki maliyyə sabitliyini və sair də göstərmək olar, amma ən əsası formalaşmış etibardır. Bu isə elə bir vacib amildir ki, burada sığortaolunanın sığortaedənə, sığortaedənin isə sığortaolunana qarşılıqlı inamı yaranır və sığorta tərəflər arasında inkişaf edən cəmiyyətin bir sosial sifariş modelinə çevrilir. Bundan sonra əhalinin sosial müdafiəsinin təşkil olunması, təsadüfi, gözlənilməz hadisələr baş verdikdə maddi itkilərin sığorta fondu vasitəsilə əvəz olunması, beləliklə də, insanların çıxılmaz vəziyyətdən qurtarılması sığorta işini təşkil edənlərin vəzifəsinə, vaxtında sığortalanmaqla sığortanın üstünlüklərindən istifadə etmək isə bütün sığortaolunanların borcu və sosial məsuliyyətinə çevrilir. Digər tərəfdən, sığorta işinin təşkili xidmət mədəniyyəti üzərində qurulduğundan burada sığortaolunanlarla sığortaçı qurum arasında təşkilati məsələlərin həlli ilə yanaşı, öhdəliklərin qanunvericiliklə müəyyən olunmuş qaydada yerinə yetirilməsi də vacib şərtlərdəndir. 
    Sevindirici haldır ki, son illərdə ölkəmizdə sığorta bazarının inkişafı artıq bu sahədə bir çox uğurların qazanılmasına şərait yaradıb. Nəticədə, həm də könüllü sığortaolunanların sayı artıb, sığorta qurumlarına inam yüksəlib. Naxçıvan Muxtar Respublikasında son dövrlərdə digər sahələr kimi sığorta bazarında da canlanma hiss olunur. Xüsusilə muxtar respublikada ölkənin tanınmış sığorta şirkətlərinin regional bölmələrinin fəaliyyətə başlaması bu bazarın inkişafına, müxtəlif yeniliklərin tətbiqinə inam yaradır. Təkcə elə iyul ayı ərzin­də muxtar respublikada 3 sığorta şirkətinin bölgə filialı fəaliyyətə başlayıb. İyulun 18-də Naxçıvan şəhərində “Qala Sığorta” şirkəti,  iyulun 25-də isə “PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” Açıq Səhmdar cəmiyyətlərinin rəsmi nümayəndəlikləri istifadəyə verilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü, fəaliyyətinin isə 25-ci ildönümündə Naxçıvanda nümayəndəliyini açan “Qala Sığorta” şirkəti muxtar respublikada 30-dan çox könüllü və 4 icbari sığorta növləri üzrə xidmətlərini təklif edir. 
    “PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” Açıq Səhmdar cəmiyyətləri də artıq Naxçıvan əhalisinə peşəkar xidmətlərini təqdim etməyə başlayıb. Eyni zamanda “PAŞA Həyat” 2021-ci ildən etibarən yeni Rəqəmsal Transformasiya strategiyasını tətbiq edir. Şirkət biznes fəaliyyətindən başqa korporativ sosial məsuliyyət layihələrinə də önəm verir. Bunlar arasında biznes maarifləndirmə, təhsilə dəstək və digər sosial fəaliyyətlər üçün faydalı məhsullar mövcuddur.
    Qeyd edək ki, 11 vacib prioritet istiqamət üzrə müəyyənləşən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da əhalinin və sahibkarların sığorta savadlılığının artırılması və sığorta xidmətlərinə əlçatanlığının inkişafı məqsədilə müvafiq tədbirlərin görülməsi,  sahibkarlığın inkişafı, innovativ texnologiyaların tətbiqinin stimullaşdırılması üçün güzəştli kreditlərin verilməsi, təşviqat işlərinin aparılması və digər maliyyə dəstəyi tədbirlərinin həyata keçirilməsi əks olunub. 
    Beləliklə, ölkəmizin tanınmış sığorta şirkətlərinin Naxçıvanda fəaliyyətə başlaması məşğulluq məsələlərinin həlli ilə yanaşı, muxtar respublikanın sığorta bazarında rəqabətliliyin də yaranmasına şərait yaradacaq. Bu isə sığorta xidmətlərinin peşəkar təqdimatından tutmuş, gələcəkdə daha yeni məhsulların təklifinə, əhalinin bu cür xidmətlərə əlçatanlığına, yeni sığorta mədəniyyətinin formalaşmasına öz töhfəsini verəcək. 

 Səbuhi HƏSƏNOV

Nəşr edilib : 28.07.2023 18:29