AZ EN RU

Tanınmış professor tələbələrə mülki və ailə hüququ haqqında təlim keçib

    Tanınmış hüquqşünas-alim, professor Məhəbbət Dəmirçiyeva Naxçıvan Dövlət Universitetinin tələbələri üçün mülki və ailə hüququ haqqında təlim keçib. Universitetin rektoru Elbrus İsayev qonağı salamlayaraq ali təhsil ocağında Hüquqşünaslıq  ixtisasının yaranma tarixi, fəaliyyəti və qazandığı uğurlar haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, işinin peşəkarı, bu sahədə öz sözünü deyən professor Məhəbbət Dəmirçiyeva Azərbaycanda mülki hüquq üzrə yeganə xanım hüquqşünasdır. Elbrus İsayev universitetə hədiyyə etdiyi 50-dən artıq elmi-tədris ədəbiyyatına görə professora öz təşəkkürünü bildirərək tələbələrin bu kitablardan səmərəli formada faydalanacağını əminliklə ifadə edib.
    Professor Məhəbbət Dəmirçiyeva qeyd edib ki, mülki hüquq  fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini, onların əmlak və şəxsi qeyri-əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını, həyata keçirilməsi və xitam verilməsi qaydalarını müəyyənləşdirir. Professor ailə hüququ haqqında danışarkən qeyd edib ki, hüquq sahəsi olaraq ailə hüquq ictimai münasibətlərin müəyyən növünü – ailə münasibətlərini, yəni nikah faktından meydana gələn və ailəyə mənsub olan münasibətləri tənzim edir. 
        Sonda professor tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat 
və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 08.04.2022 20:05