AZ EN RU

Tanınmış pedaqoq, istedadlı ifaçı

    Azərbaycanda professional musiqi təhsilinin təşəkkülü dahi Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə yaradılmış ali təhsil ocağı olan Azərbaycan Dövlət Konservatoriyasında milli alətlərlə yanaşı, müxtəlif ixtisaslar üzrə Avropa musiqi alətləri öyrədilən kadrlar hazırlanırdı. Bu sırada pianoçuluq məktəbi sahəsində yüksək yaradıcılıq nailiyyətlərinin özünəməxsus yeri vardır. 

    Qeyd edək ki, Naxçıvanda da piano ifaçılığı mədəniyyətinin təşəkkülü və inkişafı diqqət mərkəzinə gətirilmişdir. Qədim diyarımızda bu sahənin əsasını qoyanlardan biri isə istedadlı pianoçu, pedaqoq, Azərbaycan Respublikasının Əməkdar müəllimi Solmaz Axundovadır. O, yüksək musiqi mədəniyyətinə, zəngin estetik zövqə və yetkin ifaçılıq məharətinə malik bir sənətkardır. Qeyd edək ki, keçmiş sovetlər dövründə Avropa musiqi alətləri sahəsində çalışan kadrların əksəriyyətini SSRİ-nin müxtəlif respublikalarından olan millətlərin nümayəndələri və müəyyən bir müddət ərzində təyinatla gəlib işləyən müəllimlər təşkil edirdi. Solmaz Axundova isə Naxçıvanda bu sahə üzrə ali professional musiqi təhsili almış ilk pianoçulardan olmuş və bu sahənin inkişafında mühüm xidmətlər göstərmişdir.
    Solmaz Axundova 1953-cü il sentyabr ayının 16-da Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Axundovlar ailəsi Naxçıvanda sayılıb-seçilən, hörmət və nüfuza malik ailələrdəndir. Bu ailənin bütün üzvləri Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr bəxş etmiş sənətkarlardır. Ona görə də Solmaz Axundovanın böyüdüyü ailəyə musiqiçilər ailəsi də demək olar. Belə ki, qardaşları – Azərbaycan musiqisini Vətəndən uzaqlarda, Moskva şəhərində şərəflə təbliğ edən Azərbaycan Respublikasının Əməkdar artisti Qorxmaz Axundov, Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundov,  hazırda Bakı şəhərində yaşayan bacısı Almaz Axundova isə Naxçıvanda skripka məktəbinin əsasını qoymuş pedaqoqdur. 
    İlk musiqi təhsilini Naxçıvan şəhərində uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə alan Solmazın istedadı məhz o illərdə üzə çıxır. Onun müəllimləri Q.Karant və S.Andin olmuşdur. Müəllimlərinin rəhbərliyi altında o, bu alətin sirlərinə dərindən yiyələnir, ən çətin əsərləri məharətlə ifa edirdi. Fortepiano alətinə olan sevgisi 1969-cu ildə Solmazı Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna gətirir. Buradakı tələbəlik illərindən yaddaqalan əziz xatirə musiqi ocağının tədbirlərində fəal iştirakı və tez-tez dinləyicilər qarşısında uğurlu konsertlərlə çıxış etməsidir. Xüsusilə həmin illərdən danışarkən Solmaz xanım son dərəcə tələbkar, səmimi, dərin biliyə malik sevimli müəllimi Diana Zəkiyevanın onun həyatındakı rolunu, pianoçu kimi yetişməsindəki səylərini böyük hörmətlə xatırlayır, həmin dövrü həyatının ən yaddaqalan illəri hesab edir. 1973-cü ildə Solmaz Axundova texnikumu fərqlənmə diplomu ilə başa vuraraq təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) Fortepiano ixtisası üzrə İfaçılıq fakültəsində davam etdirir. Konservatoriyada onun müəllimi daim hörmətlə xatırladığı Tamella Qasımova olmuşdur. 
    Solmaz Axundova əmək fəaliyyətinə 1983-cü ildə doğma şəhərində, Ü.Hacıbəyov adına Naxçıvan Orta İxtisas Musiqi Məktəbində (İndiki Musiqi Kolleci) başlayır. Burada o, bir çox istedadlı pianoçuların yetişməsi üçün böyük əmək sərf edib. 1999-cu ildən isə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Fortepiano kafedrasında pedaqoji fəaliyyət göstərir və hazırda həmin kafedranın dosentidir. 
    Bir müəllim kimi Solmaz Axundova böyük nüfuza sahibdir. O, sinfində təhsil almış müxtəlif yaradıcılıq səviyyəsinə malik, özünəməxsus bədii keyfiyyətləri ilə seçilən tələbələri ilə bu gün qürur duyur. Mütəmadi olaraq keçirdiyi tematik açıq sinif konsertləri və burada ifa edilən İ.S.Baxın, D.Şostakoviçin, R.Şumanın, F.Şopenin, S.Raxmaninovun, L.V.Bethovenin əsərlərinin böyük ustalıqla ifa olunması Fortepiano ixtisasına gənclərin marağını xeyli artırır. 
    Pedaqoji fəaliyyətilə yanaşı, Solmaz Axundovanın ifaçılıq fəaliyyəti də diqqətəlayiqdir. Bir ifaçı kimi onun repertuarı öz rəngarəngliyi ilə seçilir. Bura L.V.Bethoven, F.Şopen, E.Qriq, Q.Qarayev, F.Əmirov kimi görkəmli bəstəkarların əsərləri daxildir. Naxçıvanda fortepiano və simfonik orkestr üçün Norveç bəstəkarı E.Qriqin məşhur a-moll konsertinin ilk milli ifaçısı məhz Solmaz Axundova olmuşdur. Onun hələ musiqi məktəbində oxuduğu illərdən başlayan bir çox dövlət konsertlərindəki çıxışları dinləyicilər tərəfindən alqışlarla qarşılanmışdır.
    Onun elmi fəaliyyəti də diqqətəlayiqdir. Solmaz Axundova “Naxçıvan bəstəkarlarının əsərləri” dərsliyinin, “Fortepianoda çalmaq üçün” dərs vəsaitinin, musiqinin müxtəlif sahələrinə aid 20-dən çox elmi məqalənin, metodik vəsaitin, Fortepiano ixtisası üzrə proqramın müəllifidir. “Naxçıvan bəstəkarlarının əsərləri” dərsliyinə tanınmış naxçıvanlı bəstəkarların müxtəlif səpkili əsərləri daxil edilmişdir. 
    Solmaz Axundovanın musiqi mədəniyyəti sahəsindəki səmərəli fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. 2012-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi”, 2016-cı ildə isə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb. Bu şərəfli adları layiqincə daşıyan Solmaz Axundova hazırda da öz bilik və bacarığını həvəslə, yorulmadan gənc tələbələrinə öyrədir. Böyük sənətkar bu il ömrünün 70-ci ilinə qədəm qoyur. Bu münasibətlə Solmaz xanımı ürəkdən təbrik edir və ona cansağlığı, yaradıcılığında yeni-yeni uğurlar arzu edirik. 

Rüxsarə HÜSEYNOVA
musiqişünas, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Nəşr edilib : 15.09.2023 20:14