AZ EN RU

Tanınmış ədəbiyyatşünas alimlərlə görüş

    Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsində keçirilən tədbirdə fakültənin dekanı, dosent Arif Ağalarov qeyd edib ki, yeni dövr Azərbaycan ədəbiyyatında ədəbi tənqid tariхinin öyrənilməsi çağdaş nəzəri-еstеtik fikrin ən mühüm vəzifələrindən biridir. Bu gün müasir dövrümüzün bir çox ədəbiyyatşünas alimləri bu istiqamətlərdə elmi araşdırmalar aparır, təhlili məsələlərlə ədəbi müstəvidə geniş çıxışlar edirlər. Belə ziyalılardan biri də tanınmış tənqidçi, Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlıdır. Professorun yaradıcılığının bir çox ədəbi-estetik xüsusiyyətlərinə görə müasir dövr Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçildiyini deyən Arif Ağalarov elmi istiqamətdə daha çox ədəbi tənqid mövzusunda davamlı tədqiqatlar aparan Vaqif Sultanlının çox sayda kitabın, yüzlərlə elmi məqalənin, monoqrafiyanın müəllifi olduğunu diqqətə çatdırıb.     
    Professor Vaqif Sultanlı bildirib ki, bədii sənətin kеyfiyyətinə və kamilliyinə cavabdеhlik funksiyası daşıdığı üçün tənqidin səviyyəsi, əslində, ədəbiyyatın inkişaf səviyyəsini əks еtdirir. Təsadüfi dеyildir ki, bədii ədəbiyyatın uğur və nailiyyətləri bir çoх hallarda ədəbi tənqidin və nəzəri-еstеtik fikrin fonunda dəyərləndirilir. Tənqid bədii ədəbiyyatın kamilliyi, saflığı, yüksəlişi uğrunda mübarizə aparmaqla yanaşı, ədəbi dəyərlərin müəyyənləşdirilməsi, yaşadılması, təbliği məsələlərini də həyata kеçirir.
    Professor vurğulayıb ki, Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi uzun müddət işğalçı qüvvələrin təsirinə məruz qaldığı üçün zamanla ağır məqamlarla üzləşib, dilimiz, milli kimliyimiz saxtalaşdırılmaq, hətta tarix səhifələrindən silinmək təhlükəsi yaşayıb. Lakin Azərbaycan ədəbiyyatının inkişafı, bu sahədə yeni nailiyyətlərin əldə edilməsi qısa zaman müddətində milli-mənəvi dəyərlərimizə təkan verib.
    Sonra çıxış edən filologiya elmləri doktoru, professor Almaz Hüseynova tələbələrə uğurlar arzulayıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 15.11.2022 19:40