AZ EN RU

Tanınmış bəstəkar Naxçıvan Dövlət Universitetinin fəxri doktoru seçilib

    Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar Tofiq Bakıxanov musiqi mədəniyyəti tarixində və inkişafındakı xidmətlərinə və Naxçıvan Dövlət Universiteti ilə səmərəli pedaqoji əməkdaşlığına görə ali təhsil ocağının  fəxri doktoru seçilib. Universitet Elmi Şurasının iclasında fəxri doktor diplomu tanınmış bəstəkara təqdim olunub. 

 İclasda universitetin rektoru, dosent Elbrus İsayev çıxış edərək Azərbaycanın mötəbər Bakıxanovlar nəslinin nümayəndəsi olan bəstəkarın XX əsrin ortalarında formalaşmağa başlayan çoxşaxəli və məhsuldar yaradıcılığından ətraflı bəhs edib. Bildirilib ki, Tofiq müəllimin atası, görkəmli tarzən, muğam bilicisi Əhməd ağa Bakıxanovdan öyrəndiyi muğamlar onun yaradıcılığı üçün əsaslı bünövrə olub. Bununla yanaşı, dahi Qara Qarayevin sinfində musiqinin incəliklərini öyrənməsi onun sənətkarlıq baxımından professional zirvəyə çatmasına səbəb olub.

   Rektor bildirib ki, Tofiq Bakıxanovun Naxçıvana olan sevgisi muxtar respublika rəhbəri tərəfindən yüksək qiymətləndirilib və daim diqqət mərkəzində saxlanılıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun milli musiqimizin, mədəniyyətimizin inkişafına, təbliğinə, sənətə və sənətkara verdiyi önəm sayəsində bəstəkar “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb və Naxçıvan musiqi ictimaiyyəti Tofiq Bakıxanov yaradıcılığı ilə daha dərindən tanış olmaq imkanı əldə edib.

    Diqqətə çatdırılıb ki, Ali Məclis Sədrinin sərəncamları ilə Tofiq Bakıxanovun 75, 80 və 85 illik yubileyləri, eyni zamanda bəstəkarın babası, görkəmli ziyalı, şair və yazıçı Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi Naxçıvanda yüksək səviyyədə qeyd olunub.
    Elmi Şura üzvlərindən Tədris və tərbiyə işləri üzrə prorektor Rafiq Rəhimov, Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva, universitetin Musiqinin nəzəriyyəsi və tarixi kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi İnara Məhərrəmova, universitetin İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov çıxış edərək tanınmış bəstəkarın Naxçıvan Dövlət Universitetinin fəxri doktoru seçilməsi təklifini yüksək dəyərləndiriblər. Çıxış edənlər musiqi mədəniyyəti tarixində və inkişafında özünəməxsus xidmətləri olan görkəmli bəstəkarın muxtar respublikanın tərənnümünə həsr edilən yaradıcılığından, onun yaradıcılığının sənatkarlıq xüsusiyyətlərindən bəhs ediblər. Qeyd olunub ki, bəstəkar dəfələrlə universitetin konservatoriyasında, Naxçıvan Musiqi Kollecində, musiqi məktəblərində həm tələbələrə ustad dərsləri keçib, öz dəyərli məsləhətlərini verərək tələbələrin ifasında təşkil olunan konsertlərin dinləyicisi olub. 

  Rektor tərəfindən görkəmli bəstəkar Tofiq Bakıxanova universitetin fəxri doktoru diplomu və mantiyası təqdim olunduqdan sonra bəstəkar muxtar respublikada milli mədəniyyətin inkişafına, sənətkara göstərilən dövlət qayğısından, yaradıcılığında özünəməxsus yer tutan qədim diyarımız haqqında danışıb.

Naxçıvan Dövlət Universitetinin mətbuat və ictimaiyyətlə

əlaqələr bölməsi

Nəşr edilib : 03.02.2022 20:52