AZ EN RU

Tanınmış baletmeyster Tamerlan Bağırovun 70 illik yubileyi qeyd edilib

    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında  Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının baletmeysteri Tamerlan Bağırovun anadan olmasının 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov çıxış edərək muxtar respublikanın tanınmış incəsənət adamı Tamerlan Bağırovun uğurlu sənət yolundan danışıb. 
    Qeyd edilib ki, qədim Naxçıvan torpağı elmə, mədəniyyətə, incəsənətə və ictimai həyatın bir çox sahələrinə istedadlı insanlar bəxş edib. Belə insanlardan biri də Tamerlan Bağırovdur. O, fəaliyyəti dövründə istər ölkəmizdə, istərsə də bir sıra Avropa və Orta Asiya ölkələrində qastrol səfərlərində olub, mədəniyyətimizi, incəsənətimizi çox uğurla təmsil edib. 
    Vurğulanıb ki, Tamerlan Bağırov indiyə qədər 70-ə yaxın rəqsə quruluş verib. Onun tələbələri indi peşəkar fəaliyyətlə məşğul olur və milli rəqs sənətimizi yaşadır, təbliğ edirlər. Tamerlan Bağırovun göstərdiyi xidmətlər dövlətimiz tərəfindən çox yüksək qiymətləndirilmiş, 2006 və 2019-cu illərdə Prezident mükafatına, 2007-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. 70 illik yubileyinin qeyd olunması 50 ildən artıq sənət yolu keçən tanınmış sənətkarın fəaliyyətinə göstərilən növbəti dövlət qayğısıdır.
    Emin Məmmədov Tamerlan Bağırovu Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından təbrik edib, ona cansağlığı, yaradıcılıq uğurları arzulayıb. 
    Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıx ış edərək bildirib ki, muxtar respublikamızda rəqs mədəniyyəti çox böyük diqqət və qayğı ilə əhatə olunub və böyük inkişaf yolu keçib. Tamerlan müəllimin ilk dəfə istedadını tanınmış rəqqas Əlibaba Abdullayev kəşf etmiş, “Əlvan çiçəklər” Mahnı və Rəqs Ansamblına rəqqas kimi dəvət almışdır. İstedadlı baletmeyster ötən əsrin 60-70-ci illərində Naxçıvan şəhərindəki Pionerlər Sarayının Mahnı və Rəqs Ansamblının solisti kimi muxtar respublikada, eləcə də keçmiş Sovetlər Birliyinə daxil olan Ukrayna, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan respublikalarında keçirilən festival və müsabiqələrdə, yubiley tədbirlərində dəfələrlə çıxışlar edib, həm solo, həm də rəqs kollektivlərindəki ifalarına görə mükafatlara, təltiflərə layiq görülüb.  
    Qeyd edilib ki, Tamerlan Bağırovun Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs ansambılının yaradılmasında, fəaliyyətində, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında opera, operetta və rəqslərin  qurulmasında xidmətləri böyükdür. Onun uzun illər çəkdiyi zəhmət, rəqs sənətinin inkişafı naminə göstərdiyi fədakarlıqlar bəhrəsiz qalmayıb,  əməyi dövlətimiz tərəfindən ən yüksək səviyyədə qiymətləndirilib.
    Sonra muxtar respublikamızın tanınmış mədəniyyət və incəsənət adamları, yubilyarın dostları, tələbələri çıxış edərək Tamerlan Bağırovun fəaliyyətindən ürəkdolusu danışıb, ona cansağlığı və bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıblar.
    Tədbirin sonunda Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının baletmeysteri Tamerlan Bağırov çıxış edərək yaradıcılığına göstərilən böyük diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib. 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 11.02.2022 18:47