AZ EN RU

Tanınmış alim, sevilən şairə, professor Mahirə Nağıqızı ilə görüşkeçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor, Prezident təqaüdçüsü, tanınmış şairə Mahirə Nağıqızı “Naxçıvan” Universitetində olub. Əvvəlcə universitetin maddi-texniki bazası və infrastrukturu ilə tanışlıq üçün infotur təşkil edilib.Qonaqlar daha sonra universitetin rektoru Anar Kazımov və ali təhsil ocağının rəhbər heyəti ilə  görüşüblər.

Görüşdə qonaqlara universitetin  missiyası, gündəlik tədris prosesi, təhsil bazası, fəaliyyət istiqamətləri, eləcə də xarici ölkələrin universitetləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramlarla bağlı ətraflı məlumat verilib. Sonra isə sevilən şairə, professor Mahirə Nağıqızı universitetin “Xatirə kitabı”na ürək sözlərini yazıb.

“Naxçıvan” Universitetinin Konfrans zalında çağdaş Azərbaycan poeziyasının sevilən şairəsi Mahirə Nağıqızı ilə görüş keçirilib, ədəbi-bədii kompozisiya təşkil edilib. Görüşdə çıxış edən “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov qonaqları salamlayaraq onları universitetdə görməkdən böyük məmnunluğunu ifadə edib, Mahirə xanımın zəngin elmi yaradıcılıq yolundan, çağdaş ədəbiyyatımızda özünəməxsus yer tutan poetik irsindən danışıb.

Anar Kazımov çıxışının sonunda Azərbaycan elminin, zəngin və çoxəsrlik ədəbiyyatımızın inkişafına dəyərli töhfələr verən Mahirə Nağıqızına yeni yaradıcılıq uğurları və müvəffəqiyyətlər arzulayıb.

Tədbirdə “Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının filologiya elmləri doktoru, professor Sədaqət Həsənova, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Əzimli və “Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərovaçıxış edərək Mahirə Nağıqızının çoxşaxəli və zəngin yaradıcılığından söhbət açıblar.

Tədbir Mahirə Nağıqızının yazdığı şeirlər, şeirlərinə bəstələnən mahnıların ifası ilə davam edib. Universitet tələbələri tərəfindən sevilən xanım şairəmizə müxtəlif suallar ünvanlanıb.Professor Mahirə Hüseynova çıxış edərək səmimi qəbula görə öz minnətdarlığını bildirib. Qeyd edib ki, görüş onun yaradıcılığına göstərilən ən yüksək hörmətin ifadəsidir.

Sonda qonağa hədiyyələr təqdim olunub.

 

Görüşdən sonra professor Mahirə Hüseynova “Şərq qapısı” qəzeti ilə təəssüratlarını bölüşüb:- Bu mənin “Naxçıvan” Universitetinə ikinci gəlişimdir. Birinci gəlişimdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində böyük bir konfransda iştirak etmişəm. Universitetin müəllim-tələbə heyəti ilə tanış olmuşam, çox təqdirəlayiq haldır ki, mən ilk gördüyüm vaxtdan bir az da tələbə, müəllim kontingenti böyüyüb. Yəni hər şey inkişafa, yüksəlişə doğrudur. Təbii ki, burada Anar müəllimin böyük zəhmətləri vardır. Və Anar müəllim bizi bura ikinci dəfə dəvət edib. Bu dəfə mən şairə Mahirə Nağıqızı olaraq bu tədbirdə iştirak edirəm. Mənim tələbə heyəti ilə görüşümüzdür. Təbii ki görüşdə bir alim, müəllim, şair ömrü yaşayan bir insanın hər şeyi deməsi qeyri-mümkündür. Yəni, bir az dar çərçivədən desək bu gün bədii yaradıcıqla tanışlıqdır, söz deməkdir, suallar verməkdir, sualları cavablandırmaqdır. Müəllifin öz dilindən bunları eşitməkdir. Bunlar yaradıcı insanı yalnız ruhlandırır, yalnız gələcəyə, yalnız yeni əsərlər yaratmağa, əsərlərində yeni mövzular axtarmağa, yeni mövzular tapmağa həvəsləndirir. Bilirsiniz mövzu çoxdur, amma bu görüş insanları maraqlandıran mövzulardan yazmağa sövq edir. Mən çox şanslıyam ki, bu torpağın qızıyam və eyni zamanda çox şanslıyam ki, öz elim, obam, Azərbaycanım mənim yaradıcılığımı qiymətləndirir. Bir neçə universitetdə o cümlədən bu gün “Naxçıvan” Universitetində tələbələrlə görüşümüz keçirilir. Bu mənada özümü çox xoşbəxt sayıram. O qədər xoşbəxt sayıram ki, hərdən bir kövrəlirəm. Hərdən bir sevincdən, qururdan sanki oradaca nə isə yazmaq istəyirəm. Buna görə mən mütləq universitet rəhbərliyinə, xüsusən Anar müəllimə minnətdarlığımı bildirirəm.

Fariz Əhmədov

Nəşr edilib : 22.11.2023 18:52