AZ EN RU

Tamaşaçı rəğbəti, gur alqışlar...

Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamına əsasən muxtar respublikanın yubileyi ilə bağlı silsilə mədəni-kütləvi tədbirlər keçirilməkdədir. Bunlardan biri də bu yaxınlarda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında muxtariyyətin 100 illiyinə həsr olunmuş Naxçıvan incəsənət nümayəndələrinin konserti oldu. Musiqili gecədə Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirən sənət adamlarından Naxçıvana qayıtdıqdan sonra konsert proqramı haqda təəssüratlarını öyrəndik.

Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev təəssüratlarını bizimlə bölüşərək bildirdi ki, Naxçıvanda hər zaman sənət adamları öz sözünü deyib. Bu dəfə isə muxtariyyətin 100 illiyi münasibətilə baş tutan konsert proqramına təsadüf etdi. Azərbaycan bəstəkarlarının bir-birindən gözəl mahnılarını sənət yoldaşlarımızla birgə səsləndirməyimiz tamaşaçılar tərəfindən də maraqla qarşılandı. Çünki onlar da doğma, amma yeni səslər olaraq dinləyirdilər. Təbii ki, fərqli, yeni tamaşaçılar önündə çıxış etmək özü ayrı bir məsuliyyətdir. Baxmayaraq ki, illərdir, peşəkar səhnə fəaliyyətimiz var, amma bu konsert proqramı bizim üçün də bir yenilik, bir uğurun qapısı oldu. Düşünürəm ki, biz bu konsert proqramını adına layiq, müvəffəqiyyətlə başa vurduq.

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, xanəndə Zülfiqar Mahmudov deyir ki, cənab Prezidentin muxtariyyətin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncama görə bir naxçıvanlı, eləcə də sənət adamı olaraq çox sevindirici hisslər keçirdik. Bu istiqamətdə tədbirlərin keçirilməsinə start verildi. Bu tədbirlərdən biri də Bakı şəhərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında muxtariyyətin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı oldu. Konsert proqramında Azərbaycan Respublikasının Xalq artisti Gülyanaq Məmmədova ilə bəstəkarı Nazim Quliyev olan “Naxçıvan şikəstəsi”ni ifa etdik. Sevindirici hal idi ki, dəvətdən əlavə də insanların həmin konsertə gəlib tamaşa etmək istəyi oldu. Konsert proqramı, həqiqətən də, çox uğurlu və möhtəşəm oldu. Bunu tamaşaçı alqışı və səhnə arxasında tamaşaçıların bizimlə səmimi söhbətindən hiss etmək olurdu. Bu tədbirin təşkilində və ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığımızı bildiririk.

Azərbaycan Respublikasının Əməkdar artisti, xanəndə Vilayət İsmayılov fikirlərini bizimlə bölüşərkən dedi ki, keçirilən konsert proqramının mahiyyəti və eləcə də ifa etdiyimiz səhnənin aurası bizə çox gözəl hisslər bəxş etdi. Çünki paytaxt şəhərində dahi şəxsiyyətin adını daşıyan bir səhnədə yer almaq sənət adamları üçün çox qürurverici bir haldır. Tamaşaçı rəğbəti və alqışlarından da hiss etdik ki, səhnə performanslarımız tamaşaçılar tərəfindən çox bəyənilib. Məşq proseslərinin yorğunluğu, üzərimizdə olan gərginliyi tədbir uğurla yekunlaşandan sonra, təbii ki, heç hiss etmədik. Çünki tamaşaçıların səmimi münasibəti, enerjilərini səhnədə olarkən hiss edirdik. İllərdir ki, səhnə fəaliyyətimdə bir çox konsert proqramları olub, bu konsert proqramı isə ən yaddaqalanlardan biri oldu.

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, kamança ifaçısı Aqib Seyidov deyir ki, sənət yoldaşlarımla birgə belə bir tədbirdə muxtar respublika adına çıxış etməyimiz bizi çox şad etdi. İllərdir, fərqli konsert proqramları olub. Lakin bildirmək istəyirəm ki, muxtariyyətin 100 illiyinə həsr olunmuş bu konsert proqramı bizim üçün xüsusi bir bayram olduğu üçün ifalarımız da duyğulu idi. Çünki naxçıvanlı sənət adamları kimi yubiley konserti bizim üçün fərqli bir atmosfer yaradırdı. Elə ürəklə səsləndirdiyimiz ifalar da tamaşaçıda bu hissləri oyadırdı. Bu konsert proqramı yeni cığırlara yol açan və yaddaqalan bir tədbir oldu. Özümü çox xoşbəxt hiss edirəm ki, belə bir konsert proqramında sənət yoldaşlarımla birgə yer alıb, muxtar respublikanı təmsil etdik. Və düşünürəm ki, növbəti konsertlərdə də eyni enerji və ruh yüksəkliyi ilə tamaşaçı önünə çıxacağıq. Bu, təbii ki, bizim işimizdir. Amma bildirmək istəyirəm ki, işimizlə yanaşı, həm də muxtar respublikada fəaliyyət göstərən sənət adamlarının yubileyə bir töhfəsidir.

Respublika və beynəlxalq müsabiqələr laureantı, qanun ifaçısı Sevinc Babayeva deyir ki, Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş konsert uğurla keçdi və tamaşaçıların gözləntilərini doğrultdu. Bu isə bizi çox sevindirir. Naxçıvandan getmiş incəsənət nümayəndələrinin performanslarının mükəmməl olması ilə yadda qalan bir konsert proqramı oldu. Konsertdə olan tamaşaçıların coşqu hissi unudulmaz bir sənət şöləni yaşatdı bizlərə. Mən çox xoşbəxtəm ki, muxtariyyətin 100 illiyinə həsr olunmuş belə bir konsert proqramında yer aldım. Konsertin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevə bizə göstərdiyi dəstəyə və diqqətə görə öz minnətdarlığımızı bildiririk. Mədəniyyətimizi və incəsənətimizi yaşadanlar, biz sənət adamlarına ruh verən tamaşaçılar var olsun. Yaradıcı ruhları ilə mədəniyyətimizi zənginləşdirən hər kəsə minnətdarlığımı bildirirəm.

Respublika və beynəlxalq müsabiqələr laureantı, tenor İlkin Abdullayev isə bildirir ki, həqiqətən də, bu cür özəl bir musiqi gecəsində mənim də səhnədə yer almağım sənət kariyeramda özünəməxsus bir iz buraxdı. Bir naxçıvanlı sənət adamı kimi muxtariyyətin yubiley gecəsinə təşkil olunmuş konsert proqramında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə birgə səhnəni bölüşmək, təbii ki, xoş təəssüratlarla yadda qaldı. Bu cür konsert proqramlarının digər şəhərlərdə də eyni qaydada təşkil olunması gözlənilir ki, bu da bizim üçün fərqli tamaşaçı önündə çıxışımız və yeni-yeni müvəffəqiyyət qazanmağımıza imkan verir. Təbii ki, bu hisslər həm də çox həyəcanvericidir. Amma bir sənət adamı olaraq bu bizə daha da stimul və ruh yüksəkliyi verir.

Müsahibələrdən də göründüyü kimi, muxtariyyətin 100 illiyinə həsr olunmuş konsert proqramında incəsənət nümayəndələrinin ifaları uğurla qarşılanıb. İnanırıq ki, növbəti qastrol səfərlərində də doğma  Naxçıvanımzı layiqincə təmsil edəcəklər.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 01.03.2024 19:21