AZ EN RU

Taktiki-xüsusi təlim təşkil edilib

    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazir­liyinin təşkilatçılığı ilə Naxçıvan Beynəlxalq Hava Limanında “Obyektdə baş verən yanğının söndürülməsi, bununla bağlı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. 
    Əvvəlcə nazirliyin Mülki müdаfiə işinin təşkili şöbəsinin bölmə rəisi, mayor Vüqar Məmmədov tədris nöqtələri barədə məlumat verib. 
    Təlim planına uyğun olaraq, ilk növbədə hava limanının yanğın təhlükəsizliyi komandasına yanğının olması barədə məlumat verilib. Şəxsi heyət həyəcan siqnalı ilə hadisə yerinə cəlb olunub. Eyni zamanda qəza-xilasetmə komandasının da fəaliyyəti məşq etdirilib. 
    Yanacaq-sürtkü materialları anbarında baş verən şərti yanğının təhlükəli obyekt olduğu nəzərə alınaraq yanğının söndürülməsinə Naxçıvan Beynəlxalq Hava Limanı və Fövqəladə Hallar Nazirliyinin hər birindən 3 müasirtipli yanğınsöndürmə texnikası və şəxsi heyət cəlb olunub. 
    Təlimə Naxçıvan Beynəlxalq Hava Limanı və Fövqəladə Hallar Nazirliyindən, ümumilikdə, 140 nəfərlik şəxsi heyət, 6 yanğınsöndürmə avtomobili, 14 xüsusi təyinatlı texnika, idarəetmə və rabitə vasitələri cəlb edilib. 
    Təlimin keçirilməsində məqsəd hava limanında qəza şəraiti yarandığı halda Naxçıvan Beynəlxalq Hava Limanı ilə Fövqəladə Hallar Nazirliyi arasında qarşılıqlı fəaliyyətin təşkilinə, yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının, həmçinin təlimə cəlb olunan digər qüvvələrin uzlaşmış fəaliyyətini təşkil etmək, şəxsi heyətin döyüş və peşə hazırlığının artırılması, eyni zamanda çevikliyinin təmin olunmasından ibarətdir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə 
Hallar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.04.2022 19:13