AZ EN RU

Suvarma kanalları təmizlənir

    Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə də müvafiq tapşırıqlar verilib. Həmin tapşırıqların verilməsində məqsəd isə cari təsərrüfat ilində də kənd təsərrüfatı məhsullarının bolluğuna nail olmaq üçün vacib amillərdən biri kimi əkinəyararlı torpaq sahələrinin su ilə təminatını yaxşılaşdırmaqdan ibarətdir. Bu sırada  hidrotexniki qurğulara baxış keçirilməsi, anbarlarda su ehtiyatının yaradılması, kanal və arxların, kollektor və drenaj şəbəkələrinin lildən təmizlənməsi, yerli icra hakimiyyətləri ilə birlikdə suvarma mövsümünə hazırlıq işlərinin sürətləndirilməsi, su bölgüsü və sudan qənaətlə istifadənin diqqət mərkəzində saxlanılması da öz əksini tapıb.
    Muxtar respublikamızın bütün rayonlarında olduğu kimi, Sədərəkdə də müşavirədə verilən tapşırıqlar dəqiqliklə yerinə yetirilir.  . 
    Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi  tərəfindən hazırda su daşınmasını itkisiz icra etmək üçün kanallarda təmizləmə işləri aparılır. Arpaçaydan gələn beton kanalın sağ sahilində 2,7, Heydərabad-“Şir arxı” kollektorunda 0,6, beton kanallarda və kənddaxili ara arxlarında 2,5 kilometr məsafədə təmizləmə işləri görülüb. Dəmirçi kəndi ərazisində yerləşən drenaj kanalının 1,9 kilometr hissəsi təmizlənərək hazır vəziyyətə gətirilib. Təmizləmə zamanı kanallardan çıxan lil və qalıntılar müvafiq olaraq əvvəldən təyin olunmuş sahəyə daşınıb. 
    Görülən bütün bu işlər torpaq mülkiyyətçilərini çox sevindirir. Çünki onlar öz əkin sahələrini vaxtlı-vaxtında suvaracaq, bol məhsul əldə edəcəklər. 

Gülnarə Hüseynova

Nəşr edilib : 04.04.2022 17:50