AZ EN RU

Şuşanın sənət rəmzinə çevrilən dünya şöhrətli bəstəkar, Naxçıvanı təmsil edən deputat

    Şuşa... Bu adı eşidən hər bir azərbaycanlının xatirində, düşüncəsində ən gözəl, xoş, mənalı, qürurla, fəxrlə dolu nələr canlanır, nələr: şahə qalxan Qarabağ atları, güləş yarışına çıxan oğulları, güştü tutan pəhləvanları, bərbəzəkli xonçalarla məclis süsləyən ismətli qadınları, sinəsinə bəzək vuran xarıbülbülü ilə bayram ovqatına bürünən əsrarəngiz Cıdır düzü, oğlan və qızların əhd-peyman ocağı sayılan İsa bulağı, möhtəşəmlik rəmzinə çevrilən Şuşa qalası, qədim adət-ənənələri ilə seçilən Seyidli, Dörd Çinar, Dəmirçilər, Köçərli, Saatlı kimi məhəllələr, onlarla tarixi-mədəni abidələr. Pənahəli xanın yadigarı, Molla Pənah Vaqif poeziyası, xan qızı Xurşidbanu Natəvanın şeir şövqü, ilham qaynağı, Bülbülün qəlbə yayılan xoş avazı ilə tanınan, sevilən Qafqazın sənət məbədi, Azərbaycanın qədim sivilizasiya mərkəzi, mədəniyyət paytaxtı. Və ən əsası isə Müzəffər Ali Baş Komandan, qəhrəman oğullar sayəsində qara hərflərlə yazılan      8 may səhifəsinin üstündən xətt çəkən zəfər nidalı 8 Noyabr Günü, uzun illərdən sonra yenidən keçirilən “Xarıbülbül” Musiqi Festivalı, 270 illiyini təntənə ilə qeyd etdiyimiz 2022-ci il – Şuşa ili... 

    Şuşanın rəmzinə çevrilən, həmişəyaşar əsərləri ilə könüllərdə taxt quran, musiqiçi nəsillər yetişdirən bir düha da vardır ki, onun adı çəkiləndə Naxçıvan və Şuşa, iki qədim tarixə, zəngin mədəniyyətə, milli-mənəvi dəyərlərə xas dilbər guşə eyni anda canlanır yaddaşlarda. 1937-ci ildə birinci çağırış, 1946-cı ildə isə ikinci çağırış SSRİ Ali Sovetinə Naxçıvandan deputat seçilən, 1926-cı ildə ilk Azərbaycan xorunu, 1931-ci ildə isə Azərbaycan Xalq Çalğı Alətləri Orkestrini yaradan Üzeyir Hacıbəyovdan gedir söhbət. Bu musiqi dahisinin həyatının Naxçıvanla bağlı dövrünü geniş şəkildə gündəmə gətirmək, oxucularımıza ətraflı məlumat vermək üçün üz tutduğumuz ünvanlar isə Naxçıvan şəhərindəki Dövlət Arxiv İdarəsi və Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasıdır. Araşdırmamızın məramı “Üzeyir Hacıbəyov – böyük sənət müğənnisi” (“Şərq qapısı” qəzeti, 18 sentyabr 1955-ci il), “İki görüş” (“Ədəbiyyat və incəsənət” qəzeti, ­  5 oktyabr 1968-ci il), “Yaxşı yadımdadır…” (“Azərbaycan gəncləri” qəzeti, 18 sentyabr 1955-ci il), “Zəmanəmizin böyük bəstəkarı” ( “Şərq qapısı” qəzeti, 24 noyabr 1950-ci il), “Böyük vətəndaş, görkəmli sənətkar” (“Kommunist” qəzeti, 18 sentyabr 1980-ci il), “40 yaşlı təhsil ocağı” (“Şərq qapısı” qəzeti, 9 dekabr 1977-ci il), “Həmişəyaşar sənət – Üzeyir Hacıbəyov” (Dahi bəstəkarın 90 illiyinə həsr olunan təntənəli yığıncaq, “Kommunist” qəzeti, 22 noyabr 1975-ci il), “El qədrini bilən sənətkar” (“Bakı” qəzeti, 20 dekabr 1965-ci il), “Görkəmli müəllim və metodist” (“Azərbaycan müəllimi” qəzeti, 19 dekabr 1965-ci il) və digər çoxsaylı məqalələrdən yola çıxaraq “Üzeyir Hacıbəyovu muxtar respublikaya bağlayan məqam nə oldu?” sualına cavab tapmaqdır. Tariximizə dərindən bələd olan görkəmli bəstəkarın Naxçıvan və naxçıvanlılara xüsusi rəğbətinin səbəbinə, bu diyarın çiçəklənməsi, musiqiçi kadrların yetişdirilməsi üçün gördüyü işlərə, qədirbilən Naxçıvan camaatının istəyi ilə bu diyarın deputatı kimi fəaliyyətinə qısaca nəzər salmağa çalışacağıq...
    Ötən əsrin 40-50-ci illərinə aid kitab və mətbu məqalələrdən məlum olur ki, dahi bəstəkarı Naxçıvanla yaxınlaşdıran ilk məqam qardaşı Zülfüqar Hacıbəyоvun 1910-cu ildə Naxçıvan teatrı ilə əlaqəsindən sonra yaranır. Belə ki, tanınmış bəstəkar Zülfüqar Hacıbəyov həmin ildə ilk dəfə Mirzəağa Əliyev, Göyərçin xanım və digər sənətkarlarla birlikdə Naxçıvana gəlir, 1911-ci ildə yerli truppa üzvlərinin iştirakı ilə Üzeyir Hacıbəyovun “О оlmasın, bu оlsun”, “Ər və arvad” və özünün “Əlli yaşında cavan” əsərlərini tamaşaya hazırlayır. Naxçıvanda xeyli sayda gənc istedadlı musiqiçilərlə tanışlığı, bir sıra mütəffəkirlərlə əlaqələri Zülfüqar Hacıbəylini 1910-1912-ci illərdə burada yaşayıb-yaratmağa sövq edir. “Evliykən subay” musiqili kоmediyasını Naxçıvanda оlarkən yazıb qurtarır, əsər 1912-ci ilin mart ayında buradakı Dram Teatrın səhnəsində tamaşaya qоyulur. Bəstəkar bu illərdə Naxçıvanda Şərq musiqisindən ibarət müsamirələr təşkil edir, dram dərnəyi üzvlərinin musiqi təliminə də xüsusi diqqət yetirir, ifaçıların zövqünün inkişafına çalışır. Naxçıvanın ədiblər, sənətkarlar diyarı olması, Zülfüqar Hacıbəyovun buranın musiqi mühiti, gənc istedadları ilə Üzeyir Hacıbəyovu tanış etməsi, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, 1929-cu ildən görkəmli yazıçı Məmməd Səid Ordubadi ilə dostluq, yaradıcılıq əlaqəsi dahi sənətkarı Naxçıvana bağlayan, buraya üz tutmasına vəsilə olan mühüm amillərdəndir. Musiqi dahisinin həyatının bütün məqamlarına nəzər yetirdikcə Məmməd Səid Ordubadinin “Üzeyir bəyin əsas xüsusiyyətlərindən biri də sadə yaşayışı sevməkdən ibarət idi. Mən əvvəlcə, bir çox opera və operettalar müəllifi olan bu mahir bəstəkarın çox dəbdəbəli və təntənəli həyat keçirdiyini zənn edirdim. Amma “Koroğlu” operasını yazdığımız bir neçə ilin ərzində fikrimin yanlış olduğunu anladım. Onun həyatı adi bir insanın həyatından o qədər də fərqli deyildi, çünki o qazandığının mühüm bir hissəsini paylayırdı, çox səxavətli və əliaçıq adam idi” sözlərinə haqq qazandırmamaq mümkün deyil. Belə ki, Naxçıvanda ilk musiqi məktəbinin açılmasında (Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi sədrinin 23 avqust 1937-ci il tarixli Qərarı ilə) böyük xidmətləri olan, məktəbə piano hədiyyə edən Üzeyir Hacıbəyov ölməz sənətkarlıq keyfiyyətləri ilə yanaşı, həm də nümunəvi yoldaş, qayğıkeş insan, fədakar vətəndaş kimi naxçıvanlıların qəlbində özünəməxsus yer tutmağı bacarıb. 1937 və 1946-cı illərdə Naxçıvandan SSRİ Ali Sovetinə deputat seçilən dünya şöhrətli bəstəkar xalqın rifahı, xoşbəxtliyi, Naxçıvan və naxçıvanlıların mənafeyini qorumaq naminə var-qüvvəsi ilə çalışıb. “Şərq qapısı” qəzetinin 1945-ci il 21 sentyabr nömrəsində işıq üzü görən Naxçıvan zəhmətkeşlərinin anadan olmasının 60, musiqi fəaliyyətinin 40 illiyi ilə bağlı akademik Üzeyir Hacıbəyova ünvanladığı məktubda da insanların dahi sənətkarın fəaliyyətindən razılıq, sənətinə sevgisi açıq şəkildə ifadə edilir: “Sizin şəxsinizdə bizim musiqimiz bütün sovet xalqları içərisində səslənməkdədir. Bunun əsl səbəbi ondan ibarətdir ki, siz yaradıcılığınız boyu xalqdan ayrılmamısınız. Siz xalqın arzu və istəklərini, onun şadlığını və qəlb acılarını incə və zəngin musiqinizdə əks etdirmisiniz”.
    Deputat olduğu 11 il ərzində Naxçıvanda musiqi məktəblərinin, kollektivlərinin təşkilində, peşəkar kadrların yetişdirilməsində müstəsna rol oynayan dahi Üzeyir Hacıbəyovun diyarın iqtisadi, mədəni, cəmiyyətin sosial-ictimai həyatının yüksəlməsinə töhfəsi danılmazdır. Mütəmadi olaraq Naxçıvana gələrək sakinlərlə görüşər, onların arzularının gerçəkləşməsini təmin edərdi görkəmli sənət adamı. Naxçıvanlılardan bəstəkar Məmməd Məmmədovun, sevimli Xalq şairimiz İslam Səfərlinin və başqalarının təhsil almasında böyük pay sahibi olub, maddi və mənəvi təminatını canla-başla yerinə yetirib. Üzeyirbəyşünas Səadət Qarabağlı yazılarının birində dünya şöhrətli bəstəkarın köməkçisi, professor Ramazan Xəlilovun xatirələrini paylaşır: “1945-ci il idi. Üzeyir bəy Naxçıvana seçiciləri ilə görüşə getmişdi. Biz orada “Qonaq evi”ndə qalırdıq. Bir gün “Qonaq evi”nə əsgər paltarında cavan bir oğlan gəldi. Müharibədən yenicə qayıtmış bu gənc oğlan İslam Səfərli idi. O, Üzeyir bəylə görüşdükdən sonra yazdığı şeirləri göstərdi. Sərraf söz ustası olan böyük sənətkar onları oxudu və şeirləri bəyəndiyini söylədi. Gənc oğlana Bakıya gəlməyi tövsiyə etdi. Bildirdi ki, o, mütləq ali təhsil almalıdır. İslam utana-utana Bakıya gəlmək üçün maddi durumunun məhdud olduğunu dedi. Bu zaman Üzeyir bəy mənə işarə etdi ki, bu gənc oğlana pul verim. Mən də zərfə beş yüz manat qoyub ona verdim. Üzeyir bəy onu Bakıda gözləyəcəyini söylədi”. Çox keçmir ki, İslam Səfərli Bakıya, birbaşa Üzeyir Hacıbəyovun yanına gedir. Görkəmli bəstəkar onu mehribanlıqla qarşılayır. Elə oradaca gənc oğlanın yanında Azərbaycan Dövlət Universitetinin direktoru Abdulla Qarayevə telefon edir və bu istedadlı gəncin universitetə qəbul olunmasını xahiş edir. Qəbul imtahanlarının qurtarmasına baxmayaraq, A.Qarayev Üzeyir bəyin sözünü yerə salmır. Beləliklə, İslam Səfərli Azərbaycan Dövlət Universitetinə imtahansız qəbul olunur, təqaüdünü isə hər ay Üzeyir bəy özü verir. Görkəmli şairimiz bu yaxşılığı ömrünün sonuna kimi unutmayıb.
    Sevimli şagirdi Ərtoğrol Cavidin ürəkyanğısı ilə hərbi xidmətdən anası Mişkinaza, bacısı Turan xanıma yazdığı məktublarda dostluq, doğmalıq münasibətlərini, eləcə də ədəbiyyatşünas, ictimai xadim, professor Rəfael Hüseynovun 1989-cu ildə nəşr olunan “Vaxtdan uca” əsərində dahi bəstəkarın Cavidlər ailəsinə həm maddi, həm də mənəvi cəhətdən necə arxa-dayaq durduğunu görürük. Ümumiyyətlə, Üzeyir Hacıbəyovun sədaqətli yoldaşlıq, mehriban dostluq, insanlıq, xeyirxahlıq əməlləri çox olub, hər kəsə qarşı səmimiyyəti ilə seçilən bu nəcib, alicənab şəxsiyyət haqqında dövrün tanınmış ziyalıları yüksək ifadələr səsləndirib. Bu baxımdan Maestro Niyazinin də fikirləri maraqlıdır: “Onun ürəyinin qapısı hər bir insan övladının üzünə açıq idi. Bəstəkar hər kəsin sevincinə və kədərinə şərik olmağı bacarırdı. Kimin nəyə ehtiyacı olduğunu həssaslıqla öyrənir, adamlara ağıllı məsləhətlər verirdi”. Hələ uşaq yaşlarından başlayaraq həyatda çox çətinliklərə sinə gərməsi, bədnam qonşularımızdan gördüyü təzyiqlər, 1918-ci ilin mart qırğını zamanı ermənilərin evini gülləbaran etməsi, eyni zamanda da ömründə bircə dəfə “mənim övladım olmayıb. Amma əsərlərim mənim övladlarımdır. Heç kimə haqq vermirəm, icazə vermirəm ki, əsərlərimə əl gəzdirsin”, – deyən Üzeyir Hacıbəyovun övladının olmaması, 1911-ci ildə musiqi təhsili almaq üçün Moskvaya gedib, lakin maddi ehtiyac üzündən təhsilini yarımçıq qoyub, Bakıya qayıtmağa məcbur qalması da, şübhəsiz, az rol oynamamışdı onda belə humanist xarakterin yaranıb, həssas qəlbin formalaşmasında...
    “Şərur Azərbaycan folklor mədəniyyətinin beşiyidir”, – deyən dahi Üzeyir Hacıbəyov “Şərur” yallılarına yüksək qiymət verib, bu milli dəyərimizin qorunub yaşadılmasının vacibliyini ön plana çəkib. Ölməz musiqi xadiminin uzaqgörən düşüncələri 1929-cu ildə yaradılan, yallıların qorunmasında, yaşadılmasında və təbliğində əvəzsiz rolu olan “Şərur” Xalq Yallı Ansamblının fəaliyyətində də öz təsdiqin tapıb. 1972-ci ildə Almaniya Demokratik Respublikasında keçirilən beynəlxalq folklor festivalına bu ansamblı hazırlayan Xalq artisti Əminə Dilbazinin xatirələri də bu qənaətə gəlməyə əsas verir: “Moskvadan xəbər gəldi ki, Berlində Ümumdünya folklor festivalı olacaq. Məni çağırdılar, dedilər ki, bəs sən nə məsləhət görürsən. Moskvanı Almaniyada kim təmsil edəcək, kimi aparaq. Qərara gəldik ki, Naxçıvan yallısını aparaq. Mən bilirdim ki, bizim yallı mənbəyimiz Naxçıvan torpağında – Şərurdadır. Düzdür, Azərbaycanın bir çox yerində yallılar mövcuddur. Ancaq Şərur torpağı yallıların beşiyidir. Az olubmu bizim yallıları, rəqslərimizi öz adlarına çıxanlar? Ona görə də biz ora – Almaniyaya elə bir folklor nümunəsi aparmalıyıq ki, üstündə möhürü olsun. Bu Şərur yallısı idi ki, xalqın, Azərbaycanın möhürü üstündə”. Beləcə, yüksək səviyyədə hazırlaşan “Şərur” Xalq Yallı Ansamblı uğurlu çıxışı ilə festivalda birinci yeri tutur, Berlinin rəmzi sayılan balta hədiyyə edilir kollektivə.
    Ötən əsrin 60-70-ci illərinin mətbu nəşrlərini nəzərdən keçirəndə “Kommunist” qəzetinin 1975-ci il 22 noyabr nömrəsində dahi bəstəkarın 90 illiyinə həsr olunan “Həmişəyaşar sənət – Üzeyir Hacıbəyov” adlı təntənəli yığıncaqdakı bir məqam diqqətimizdən yayınmır. Sovet ittifaqı ölkələrinin mədəniyyət nümayəndələrinin görkəmli sənətkarımızın həm şəxsi keyfiyyətləri, həm də ölməz əsərləri barədə bir-birindən maraqlı çıxışlarının yer aldığı həmin yığıncaqda Ermənistan bəstəkarlar ittifaqının birinci katibi E. Aristokesyanın səsləndirdiyi fikirlər dünya şöhrətli sənət xadiminin böyüklüyünü göstərməklə yanaşı, milli musiqimizə göz dikən, Üzeyir Hacıbəyovun fəaliyyətinə hər vəchlə mane olmağa, həyatına son qoymağa çalışan ikiüzlü millətin növbəti ifşasıdır: “Üzeyir Hacıbəyov Azərbaycan musiqisinin tarixində xüsusi yer tutur. Onu haqlı olaraq Azərbaycan musiqi mədəniyyətinin inkişafında yeni yolların ilk kəşfiyyatçısı adlandırmaq olar. Hər bir ilk kəşfiyyatçı kimi, onu da çətin, lakin xoşbəxt tale gözləyirdi. Onun bütün həyatı qəhrəmanlıqdır, xalqa, sevimli incəsənətə hərarətli xidmət etmək nümunəsidir, hazırkı dövr və gələcək qarşısında yüksək məsuliyyət timsalıdır... Özünün müxtəlif, o cümlədən böyük istedadlı bəstəkarları ilə zəngin olan Azərbaycanın rəngarəng və əlvan, müasir musiqi həyatı gözəl bəstəkarın xatirəsinə ən əziz töhfədir”.
    Ey nəhəng sənət sarayında özünə heç bir zaman yıxılmayacaq sarsılmaz abidə ucaldan dahi bəstəkarımız Üzeyir Hacıbəyov! “Bir azərbaycanlı, Azərbaycanın Prezidenti kimi fəxr edirəm ki, Azərbaycan xalqı belə zəngin mədəniyyətə, zəngin incəsənətə, peşəkar musiqiyə malikdir. Azərbaycanda peşəkar musiqinin əsasını böyük Üzeyir Hacıbəyov qoyubdur. Onun məktəbi, tələbələri, silahdaşları XX əsrdə Azərbaycanda çox yüksək musiqi mədəniyyəti yaradıblar. Biz bununla fəxr edirik”, – deyən ümummilli liderimiz Heydər Əliyev ən ali qiyməti verib sənət dünyana, musiqimizin yaşadılması, mədəniyyətimizin pərvəriş tapması istiqamətində həyata keçirdiyin misilsiz işlərə. Yaxşı bilirik ki, sənin ruhun torpağın azadlığa çıxdığı üçün ikiqat şaddır bu gün. Çünki bir vaxtlar arzularının gerçəkləşməsi yönündə əlindən gələni əsirgəmədiyin, zəhmətkeşliyinə, qonaqpərvərliyinə rəğbət bəslədiyin naxçıvanlıların içərisindən çıxan qəhrəmanlar, igidlər də böyük pay sahibidir dilbər guşəmizin, mədəniyyət mərkəzimizin nicatında. Bəstələdiyin Dövlət Himninin, qiymətli əsərlərinin sədası oxşayır havasından, suyundan, naz-nemətindən, özünəməxsus yaradıcı aurasından ilhamlandığın doğma Şuşa, Naxçıvan torpağını. Böyük təşəbbüslə yaratdığın, görkəmli bəstəkarlardan, musiqiçilərdən Nəriman Məmmədov, Ramiz Mirişli, Yaşar Səfərov, Kamal Əhmədov, Nazim Kazımov, Adıgözəl Əliyev və digər məzunları ilə musiqi mədəniyyəti tariximizdə silinməz iz buraxan Naxçıvan şəhərindəki 1 nömrəli uşaq musiqi məktəbi bu gün öz nümunəvi fəaliyyəti ilə seçilir, hədiyyə etdiyin o pianino da ən əziz yadigar, dəyərli xatirə olaraq göz bəbəyi kimi qoruyur kollektiv, musiqi dəryasına əsərlərinin izi ilə baş vurmağa can atır, sənət dünyasından ilham alaraq püxtələşməyə, yetişməyə çalışır gənc musiqiçilər nəsli. Bir sözlə, Naxçıvan və Şuşa, bu iki tarixi-mədəni mərkəzlərlə bağlı arzuların həyata keçib, iftiralarla səni şəkər xəstəliyinə düçar edən, ölümünə səbəb olan düşmənin gözünü kor edib, yurdunun övladları, çiçək açan diləklərinin, pöhrələyib qol-budaq atan sənət çinarının hər zaman belə şux, təravətli, həmişəcavan qalması niyyətilə ey böyük musiqi ümmanı, sənət dühası...

 Nail ƏSGƏROV

Nəşr edilib : 04.08.2022 18:21