AZ EN RU

Şuşadan fəryad, haraylar deyil, sevinc sədaları yüksəlir

2022-ci il 
“Şuşa ili”dir

    Qarabağın tacı, Azərbaycanın dilbər guşəsi və mədəniyyət paytaxtı Şuşada yaxın günlərdə Beynəlxalq kulinariya festivalı keçirildi. Festival çərçivəsində müqəddəs məkanda Azərbaycanın 30-dan çox rəssam və heykəltəraşının iştirakı ilə “Şuşa – Bahar əfsanəsi” adlı plener oldu. Festivalda iştirak edən Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan Muxtar Respublikası  Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva bu tədbir, ümumilikdə, Şuşa ilə bağlı təəssüratlarını bizimlə belə bölüşdü: “Bildiyiniz kimi, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa ili” elan olunub. Dövlət başçısının mədəniyyət paytaxtımızla bağlı bu Sərəncamı biz rəssamların da üzərinə müəyyən öhdəliklər və ciddi vəzifələr qoyub. Bu mötəbər hadisəni rəhbər tutaraq biz Naxçıvan rəssamları da qədim şəhərin zəngin mədəni irsini tanıtmaq məqsədilə keçirilən festival çərçivəsində təşkil olunan “Şuşa – Bahar əfsanəsi” adlı plenerdə iştirak etdik, üç gün müddətində Şuşanın təbiət mənzərələri, abidələri ilə bağlı müxtəlif mövzularda eskizlər hazırladıq. Həmin eskizlər əsasında indi sərgiyə hazırlaşırıq. Bakıda böyük bir sərgi nəzərdə tutulur. Biz naxçıvanlı rəssamlar da Şuşa təəssüratlarımızı rəsm əsərlərimiz vasitəsilə həmin sərgidə əks etdirəcəyik. Ümumiyyətlə, mənim öz yaradıcılığımda Şuşaya həsr olunmuş rəsmlər ilk dəfə bu gözəl yurd yerinə gedəndən sonra həyata vəsiqə alıb. Naxçıvan rəssamlarının – Əli Səfərov, Həmzə Sadiqov, Həbibə Allahverdiyeva, Həbib Allahverdiyevin yaradıcılığında, xüsusən Böyük Qələbəmizdən sonra Şuşa mövzusuna geniş yer verilib. 

    Mənə Şuşanı görmək iki dəfə qismət olub, – deyən rəssam söhbətinə belə davam edir: Şuşa ilə bağlı ilk təəssüratlarla indiki tamamilə fərqlidir. Artıq Şuşa yenilənir, gözəlləşir. Zəfər yolu, demək olar ki, salınıb. Nəqliyyat rahatlıqla Şuşaya gedir. Ona görə də bu dəfə Şuşa təəssüratlarım mənim üçün daha valehedici oldu. Çünki bu dəfə mədəniyyət paytaxtımız bizi öz libasında qarşıladı. Mahnıda deyildiyi kimi: “Şuşanın dağları başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı”. Şuşa bu dəfə bizi al örpəyi, dumanlı dağları, başı üzərində əbədi dalğalanacaq üçrəngli, ay-ulduzlu bayrağı ilə salamladı. Yağış, çən, sis isə Şuşaya bir başqa gözəllik qatırdı. Mən hər zaman düşünürəm ki, Şuşada bir qadın gözəlliyi, qadın naz-qəmzəsi var. 
    Ülviyyə xanım deyir ki, bu dəfə mənə xarıbülbülü görmək də nəsib oldu. Heç vaxt o gülü görməmişdim. Amma bu dəfə festivalda böyük dibçəklərin içərisində xarıbülbül də əkilmişdi. Və demək olar ki, festivalı başdan ayağa xarıbülbül bəzəyirdi. Mənim üçün Şuşa bir ziyarətgahdır. Çünki Şuşada şəhidlərimizin torpağa axaraq o yurd yerini daha da müqəddəsləşdirən qanları var. Həsrətində olduğumuz xarıbülbül məhz onların qanları ilə sulanıb. Ona görə də mən Şuşanı ziyarətgah kimi görürəm. 
    Ülviyyə Həmzəyeva deyir ki, bu gün hər bir naxçıvanlının ürəyi Şuşa üçün döyünür, bilirəm ki, hər kəs Şuşaya getmək, oranı ziyarət etmək istəyir. İnşallah, hər bir azərbaycanlıya oraya getmək nəsib olar. Şuşada artıq həyat var. Şuşadan artıq fəryad səsləri deyil, sevinc sədaları gəlir. Bizim güllələnmiş heykəllərimiz Bakıda İncəsənət Muzeyinin arxasında qorunub saxlanılırdı və bu bizim ürəyimizi sızladırdı. Çünki onların yeri Şuşa idi. Şükürlər olsun ki, onların qisməti yenidən Şuşaya qayıtmaq oldu. Heykəltəraşları onları bərpa etməyə dəvət edəndə, belə bir ümumi bir fikrə gəlindi ki, heykəllər və büstlərdəki güllə izlərinə toxunulmasın. Bu da bizim tariximizin, taleyimizin bir nişanəsi olaraq qalsın. 
     Şuşa elə yerdir ki, 3 gün bəs etmir oranı ziyarət etməyə. Arzusundaydıq ki, Şuşanın muzeylərini ziyarət edək. Lakin bərpa işləri getdiyinə görə bu səfərimizdə həmin arzumuz reallaşmadı. İnşallah, gələn gedişlərimizdə bunu da görəcəyik. Şuşada artıq otellər salınıb, oraya çoxsaylı turistlər gəlir. Bilirsiniz, Şuşada elə bir mənzərə var ki, o mənzərəni hardasa, bəlkə də, Yunanıstanda və yaxud Türkiyədə görmüşdüm. Yəni antik dövrün qalıqları, qırılmış, tökülmüş evlər. Şuşada çox maraqlı memarlıq üslubu var. O üslubu vandal ermənilər nə qədər dağıtsalar da, həmin memarlıq özünəməxsus şəkildə Şuşaya bir başqa gözəllik verir, qürurla oranı bəzəyir. Çox istəyərdim ki, bəzi dağılmış memarlıq abidələri eləcə saxlanılsın. Çünki Şuşa turizm mərkəzidir və oraya dünyanın hər yerindən insanlar axın edir. Məhz bu səbəbdən istərdim ki, bütün dünya öz gözləri ilə erməni vəhşiliyinin, erməni vandallığının şahidi olsun. Şuşada tikilən evlərdə xüsusi tağlar var idi. Belə evlərə, deyərdim ki, Azərbaycanın heç bir yerində rast gəlinməyib.
    Bəli, Vətən eşqi ilə dünən azad edib vüsalına qovuşduğumuz, bu gün, sabah dirçəldəcəyimiz Şuşada indi qədimlik və müasirliyin ab-havası birləşərək başqa bir ahəng yaradır. Bu ab-hava bütün Azərbaycan sevgisindən yaranıb. O sevgi ki Şuşanı vəhşi erməninin caynaqlarından əbədi azadlığa qovuşdurdu. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 20.05.2022 19:52