AZ EN RU

Şuşada “yetişən” xaribülbüllər

Vətənimizin hər qarış torpağı bizim üçün əziz və doğmadır. Lakin Qarabağın gözü, Azərbaycanın incisi olan Şuşa şəhəri isə qəlbimizi öz füsunkar gözəlliyi, havası, təbiəti ilə vurğun etmişdir.

Vətən gülü al-əlvandır,

Yox içində xarı bülbül.

44 günlük Vətən müharibəsində - 2020-ci il 8 Noyabrda rəşadətli ordumuzun Şuşanı azad etməsi illərdir  qəlbimizdə sağalmayan yaraya məlhəm oldu. İçimizdə xarıbülbül açdı. O xarıbülbül ki uğrunda canımızdan keçdiyimiz Vətən gülüdür...

Şuşanın azad olması eyni zamanda bizi mənəviyyatımıza qaytardı.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2022-ci ili “Şuşa ili” elan etməsi də təsadüfü deyildir. Cənab Prezidentimizin Şuşanı mədəniyyət paytaxtı elan etməsi də bizim üçün Şuşanın bizim üçün nə qədər dəyərli olduğunun əyani sübutudur. Şuşa təkcə təbiəti, təmiz havası ilə deyil eyni zamanda  dahi sənətkarları ilə də tanınır. Azərbaycan ədəbiyyatı, musiqisi, memarlığı və rəssamlığının inkişafında Şuşada yetişən görkəmli nümayəndələrin rolu böyük və əvəzsizdir. Qadın zərif  bir çiçəkdir deyirlər, doğrudan da elədir. Şuşanın tarixində Xurşudbanu Natəvan, Ağabəyim Ağa, Fatma xanım Kəminə, Qəmər bəyim Şeyda Xanbikə xanım və bu kimi məşhur qadın ədiblər olub.  Xurşudbanu Nətavan  Şuşanın yetişdirdiyi Xarıbülbül çiçəyidir ki, öz istedadı və yazdığı qəzəl, rübailəri ilə ədəbiyyatımızı bəzəmişdir. Onun yaradıcılığında əsas yer tutan təbiət təsviri ilə başlayan şeirlərində bir aşiq görünür. Yüksək sənətkarlıqla qələmə aldığı “Gülün”, “Qərənfil”  seirlərində təbiət gözəllikləri tərənnüm olunmuşdur. O, bədii vasitələrindən elə məharətlə istifadə edib ki, oxucunun daxili dünyasını dilləndirə bilib. Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında Qasım bəy Zakirin ağıllı məsləhətləri böyük rol oynayıb. Xurşidbanu Nətəvanın davamçılarından biri də Xanbikə xanımdır. Xanbikə xanım Xurşidbanının qızıdır. Anasının istedadı ona da keçmişdir. Anası kimi o da ədəbiyyatla yanaşı əl işləri ilə də məşğul olurdu. Xanbikə xanım mənzum məktubdan ibarət bir sıra şeirləri vardır. Onun şeirlərində  Natəvanin təsiri açıq-aydın şəkildə hiss olunur. Eyni zamanda Xanbikə xanım Şuşada yaradılan “Məclisi-üns”ün fəal iştirakçisi kimi də şöhrət qazanan qadın ədiblərimizdən biri olmuşdur.  Şuşada dünyaya göz açan şairələrdən biri də Fatma xanım Kəminənədir. Öz dövründə qadın aşıq kimi tanınan  Fatma xanım Azərbaycanın ən məşhur şairələrindən biri olub. Fatma xanım Kəminə onunla bir dövrdə yaşayan bir çox aşığın şeirlərinə nəzirələr yazmışdır. Amma dövrümüzə onun əsasən klassik şəkildə yazılmış şeirləri gəlib çıxıb. Fatma xanım Azərbaycanın ən məşhur şairələrindən biri kimi adını Şuşa tarixinə yazdırmışdır.  Azərbaycan qadınları öz istedadı ilə tarix boyu seçilib. Qəmər bəyim Şeyda da onlardan biridir. Qəmər bəyim Şeydanın yaradıcılığında Natəvanın güclü təsiri hiss olmuşdur. O, incə ruhlu şairə idi və daha çox, yazdığı qəzəllərə görə tanınırdı. Eyni zamanda onun “Ağan canı”,  “Zülmün daşqını” adlı dram əsərləri də var.

Şuşada doğulan və qərib bir diyarda Vətən həsrəti ilə yaşayan Ağabəyim ağa həm də diplomatik qadın kimi tanınır.  Ağabəyim ağanın söylədiyi bayatılar özünəməxsusluğu ilə seçilir:

Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!

Onun Qarabağı çox sevdiyi və Vətənə hədsiz bağlı olduğu şeirlərində açıq-aşkar görünür. Şairə xəyanətkar ermənilərə nifrət etmiş və şeirlərində də bunu göstərmişdir. Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur.

Şuşa ədəbi mühitində müstəsna xidmətləri olan şairələrdən biri də Qəmərnisə xanımdır. O da adını ədəbiyyatımızın səhifələrinə yazmışdır. Qəmərnisə xanımın günümüzə gəlib çıxan cox az şeirləri çap olunmuşdur. Lakin şeirlərində şairənin yüksək istedada sahib olduğunu söyləmək mümkündür.

Adları çəkilən ədiblərimiz Şuşanın ictimai həyatında da fəal iştirak etmişlər.  Azərbaycan mədəniyyətinin inkişafında ədəbi məclislərin rolu böyükdür. Həmin məclislərdən “Məclisi-fəramuşan” və “Məclisi-üns” Azərbaycanın ən tanınmış məclislərindən sayılırdılar. “Məclisi-üns”ü digər ədəbi məclislərdən fərqləndirən fərqli cəhət qadın şairələrin sayının çoxluğu idi. X.Natəvan, Xanbikə xanım, Ağabəyim ağa və başqaları  bu ədəbi məclisin fəal üzvlərindən olublar. Ədəbi-ünsün  məşhur ədəbi məclisə çevrilməsində Xurşidbanı Nətavanın böyük əməyi və rolu olmuşdur. Buna görə onları Şuşanın yetişdirdiyi və Azərbaycan ədəbiyyatını bəzəyən Xarıbülbüllər adlandırmaq olar.

Püstə Əhmədova

Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya

fakültəsinin tyutoru

Nəşr edilib : 02.03.2022 17:54