AZ EN RU

Şuşa-Xankəndi yolundakı aksiya milli iradənin, birliyin rəmzidir...

12 dekabr 2022-ci il tarixində “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır” devizi ilə Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan Xankəndi-Laçın yolunun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə başlayıb,bu günə qədər davam edir. Aksiya iştirakçılarının ilk başda əsas məqsədi Azərbaycan dövlətinə məxsus mədənlərin qanunsuz istismar olunmasının qarşısını almaq olmuşdur.

Şuşa-Xankəndi yolunda baş tutan aksiya sərvətlərinə sahib çıxan  Azərbaycan xalqının qətiyyətinin, milli iradəsinin yüksələn səsidir. Məramının sülhlə əlaqəsi olmayan rus kontingentin Cənubi Qafqazda sülhü, təhlükəsizliyi və inteqrasiya təşəbbüslərini təhlükəyə salan fəaliyyətinin dünya ictimaiyyətinə çatdırılması aksiyanın məqsədlərindəndir.

Vurğulamaq lazımdır ki, aksiyanın başlanmasına səbəb 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin taixi Azərbaycan torpaqlarında monitorinq keçirmək hüququndan məhrum buraxılmasıdır. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinqinlərin  sülhməramlıların sülhə təhlükə yaradan fəaliyyəti ucbatından baş tutmayıb.

Bəs sülhməramlı missiya nədir,  necə fəaliyyət göstərməlidir, hansı beynəlxalq sənədlərə istinad etməlidir?

BMT mandatlı və bu mandatdan kənarda olan qüvvələr münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərirlər. Hazırda sülhməramlı qüvvələr Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-divuar və digər münaqişə bölgələrində müvafiq missiya yerinə yetirirlər.Ümumilikdə  isə BMT mandatlı 13 sülhməramlı missiya mövcuddur. Əlavə olaraq daha 7 sülhməramlı missiya vardır, hansı ki,  BMT mandatı altında fəaliyyət göstərmirlər

Sülhməramlıların missiyası situasiyadan asılı olaraq fərqlənir. Lakin bütün sülhməramlı missiyalar öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanırlar, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək verirlər.

Beynəlxalq sənədlərdə sülhməramlıların qarşısına qoyulan əsas tələblərdən biri və hətta birincisi, mövcud olduqları ərazi üzərində suveren hüququ olan dövlətin qanunvericiliyinə əməl etmələridir. Bu aspektdən də Azərbaycan ərazilərinə qanunsuz şəkildə xarici vətəndaşların buraxılması, silah-sursatın ötürülməsi, Azərbaycan vətəndaşlarının və dövlət qurumları təmsilçilərinin öz torpaqlarına buraxılmaması sülhməramlı fəaliyyətin bütün prinsiplərinə ziddir və həmçinin də, Rusiya Sülhməramlı Kontingentinin qarşısına qoyulan məqsəd və vəzifələrəuyğun gəlmir.

Missiyalar bir-birindən fərqlənsə də, hər bir əməliyyata aid olan ümumi cəhətlər mövcuddur:

- Sülhməramlılar münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilir;

- Sülhməramlılar qərəzsiz və neytral olmalıdır;

- Sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər;

- Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi missiyanın başlıca vəzifəsidir;

- Keçid dövrünün çətinliklərinin aradan qaldırılmasına və tərəflər arasında  əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərinin yaradılmasına dəstək göstərilir;

- BMT sülhməramlıları olmayan missiyaların fəaliyyəti üçün müəyyənləşdirilən hüquqi baza və onların həyata keçirdiyi sülhməramlı əməliyyatlar beynəlxalq hüquqa əsaslanır;

Hazırda  Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinin hüquqi bazası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış birgə bəyanatdır.

Qarabağa yerləşdirilən sülhməramlı kontingent Rusiya silahlı qüvvələrinin 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasının hərbçiləridir. Həmin briqada Rusiyada BMT mandatı altında sülhməramlı missiyalarda iştirak üçün xüsusi yaradılmış yeganə heyətdir.  Sülhməramlı missiya Qarabağa dəqiq və konkret məqsədlə yerləşdirilib; dövlət başçılarının birgə bəyanatında nəzərdə tutulmuş vəzifələrin icrasına dəstək göstərmək.

Buna görə də Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentin nəzarətində olan ərazilərimizdə  dinc aksiya ilə etirazını bildirir və adekvat reaksiya göstərərək bəyan edir ki, Azərbaycan heç vaxt qanuni ərazilərinin üzərində yad ünsürlərin hökm sürməsinə və onların müvafiq qanunazidd qərarlar qəbul etməsinə imkan verməyəcək.

Bu günə qədər rus sülhməramlılarının davranışları nə 10 noyabr bəyanatının, nə BMT-nin sülhməramlı fəaliyyət haqqında doktrinasının prinsiplərinə, nə də ki, bütövlükdə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamə müddəalarına uyğun gəlmir.

Aksiya iştirakçıları Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.

Yuxarıda geniş şəkildə verilmiş izahdan göründüyü kimi  beynəlxalq sülhməramlı missiya  Qarabağda  fəaliyyət göstərən  rus kontingentin  fəaliyyəti ilə tam paradoksaldır. Əslində isə  Azərbaycanın  çoxəsrlik tarixinə nəzər yetirdikdə  müxtəlif tarixi mərhələlərdə Şimal qonşumuz  olan ruslar tərəfindən  Azərbaycana qarşı münasibət heç də birmənalı olmamışdır. Belə ki, həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan ölkəmiz  istismar edilmiş, hətta  planlı şəkildə  təbii sərvətləri  birbaşa və ya dolayı yolla talanmışdır. Hal-hazırda etnik ermənilərin nəzarəti altında olan Qarabağ iqtisadi zonasının bir hissəsində yerləşən mədənlərin qanunsuz istismar edilməsi, o cümlədən birbaşa Rusiya sülhməramlılarının nəzarəti altında olan Laçın dəhlizindən istifadə edilməsi qeyd etdiyimiz tarixi  hadisələrin təkrarlanmasıdır.

Üçtərəfli bəyanatda açıq və aydın şəkildə Laçın dəhlizinin yalnız humanitar məqsədlər üçün istifadə edilməsi göstərilmişdir. Qalib dövlət olan  Azərbaycan tərəfinin humanist siyasətindən istifadə edən  həm ermənilər, həm də dəhlizin nəzarətində birbaşa məsuliyyət daşıyan  Rus sülhməramlıları Laçın dəhlizini  öz maraqları çərçivəsində  təyinatından kənar olaraq qeyri- humanitar məqsədlərlə istifadə etmişdirlər. Bunu Azərbaycan tərəfi real faktlarla dünya ictimaiyyətinə, beynəlxalq  təşkilatlara, Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərə sübut etmişdir. 2021-ci ildə Ermənistan dövlətinin istehsalı olan minaların Azərbaycan ərazisində aşkarlanması, o cümlədən fəaliyyəti məlum olmayan bir sıra ölkələrin vətəndaşlarının Azərbaycan ərazisinə qeyri-qanuni buraxılması, digər hərbi yüklərin daşınması, son olaraq  Azərbaycanın təbii sərvətinin əks istiqamətə, yəni Ermənistana aparılması yuxarıda qeyd etdiklərimizin  sübutudur.

İlk başda ekoloji aksiya yalnız Azərbaycanın təbii sərvətlərinin qorunması məqsədi ilə başlansa da hal-hazırda bu aksiyanın  daha geniş və çoxmənalı tələblərini irəli sürülür , yəni ekoloji terrorla bərabər  dəhlizin öz humanitar məqsədindən kənar fəaliyyətinin qarşısının alınması təklifi aksiyanın əsas prioritetlərindəndir. İstənilən situasiyada danışıqlar davam edir. Rəsmi Bakı Azərbaycanın yurisdiksiyasında olan ərazilərə, o cümlədən dəhlizin fəaliyyətinə öz nəzarət  missiyasını həyata keçirmək üçün bütün diplomatik kanallardan istifadə edir.

Əslində isə Şuşa-Xankəndi yolunda baş verənlər Ermənistanın üçtərtəfli bəyanatın şərtlərindən boyun qaçırmasının nəticələridir. Ermənistan öz havadarları vasitəsi ilə Azərbaycana təzyiq mexanizması quraraq beynəlxalq ictimaiyyəti manipulyasiya etməyə çalışır. Azərbaycan Xarici İşlər Nazirliyi açıq mətnlə bildirir ki, “Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir  və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcəkdir. Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir. Laçın dəhlizini aksiya iştirakçıları deyil, rus sülhməramlılar aksiyaya görə bağlayıb”. Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistandan fərqli olaraq Azərbaycan bütün istiqamətlərdə mübarizəni beynəlxalq hüquq normalarına uyğun konstutision qaydada həyata keçirir. Hətta Azərbaycan 18 yanvar 2023-cü ildə Bern konvesiyasına uyğun olaraq indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesini başladıb. Bu tarixi arbitraj işi təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı dövründə Ermənistanı Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv edilməsinə görə məsuliyyətə cəlb etmək məqsədi daşıyır. Arbitraj prosesi çərçivəsində Azərbaycan Ermənistandan Bern konvesiyasının hazırda davam edən bütün pozuntularına son qoymağı və işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə görə Azərbaycana tam kompensasiya ödəməyi tələb edir.       

Müzəffər Ali Baş Komandanın dediyi kimi: “Müharibə bitib, mübarizə davam edir”.

Nazlı YAQUBOVA

Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər”

kafedrasının müəllimi

Siyasi elmlər üzrə dissertant

Nəşr edilib : 24.01.2023 17:35